...

Xaçmazda “Vergi dostları”na sertifikatlar təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2012 16:45 (UTC +04:00)
Xaçmazda “Vergi dostları”na sertifikatlar təqdim olunub
Xaçmazda “Vergi dostları”na sertifikatlar təqdim olunub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Vergilər Nazirliyi oktyabr ayının 4-də Xaçmazda vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini gücləndirmək, vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilərək müəyyən edilmiş, ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət 49 nəfər "Vergi dostu"na sertifikat və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq, nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirib.

Qeyd olunub ki, "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər (məktub və ərizələrin, bəyannamənin göndərilməsi, e-qutuya daxil olan məktubların oxunması, vergi borcunun öyrənilməsi və s.) barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir, həmçinin orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid dərs vəsaitlərinin tədrisinə köməklik göstərir, vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak edir və s.

"Vergi Dostu" namizədi kimi müəyyənləşdirilmiş şəxslər qruplara bölünərək müvafiq ƏVİ tərəfindən Vergi ödəyicilərinə xidmət mərkəzlərində keçirilən təlim kurslarına cəlb edilirlər.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev və Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək "Vergi dostları"na uğurlar arzulamış, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında və şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışıblar.

Sonra təlimi müvəffəqiyyətlə başa vuran "Vergi dostları"na üzvlük sertifikatı, "Vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqəsini imzalayıblar.

Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 3 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti