Bakı. Trend:
1 yanvar 2025-ci ildən 29 mart 2025-ci ilə qədər olan dövr ərzində Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ümumilikdə 2,55 milyard kubmetr təbii qaz nəql olunub.
Bu barədə Trend-in sorğusuna TAP AG konsorsiumundan verilən cavabda deyilir.
“Göstərilən dövr ərzində İtaliya 2,12 milyard kubmetr, Yunanıstan 0,23 milyard kubmetr, Bolqarıstan isə 0,18 milyard kubmetr qaz əldə edib”, - deyə konsorsiumdan bildiriblər.
Qeyd edək ki, TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənubuna qədər təbii qazın nəqlini təmin edir və maraqlı tərəflərə qazın müxtəlif Avropa ölkələrinə çatdırılması imkanını təqdim edir.
TAP Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdən sərfəli nəqliyyat marşrutu təklif edir. Bu dəhliz Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz kəməri zəncirini əhatə edir.
Bundan əvvəl TAP-ın idarəedici direktoru Luka Skyeppati Trans-Adriatik qaz kəmərinin genişlənməsinin birinci mərhələsinin başa çatması üçün lazımi işlərin ləngimədən davam etdiyini bildirmişdi.
"Ancaq biz qaz kəmərinin cari ötürücülük qabiliyyətini tədricən genişləndirsək, TAP Avropanın enerji təhlükəsizliyinə və karbonsuzlaşdırma hədəflərinə daha böyük töhfə verə bilər. TAP-ın əlavə gücləri bazara hər iki ildən bir keçirilən müntəzəm bazar sınaqları çərçivəsində, bazarın marağı olduğu halda təklif olunur.
2021-ci ildə keçirilən bazar sınağının nəticələrinə əsasən, 2024-cü ilin yanvar ayında yekunlaşan məcburi müraciətlər qəbul edilib və bu, 2026-cı ilin əvvəlindən etibarən qaz kəmərinin gücünü illik əlavə 1,2 milyard kubmetr həcmində artırmağa imkan verəcək. Genişləndirmənin birinci mərhələsinin yerinə yetirilməsi üçün tələb olunan işlər hər hansı ləngimə olmadan həyata keçirilir", – deyə Skyeppati vurğulayıb.
O əlavə edib ki, genişləndirmənin birinci mərhələsi gələcəkdə gücün daha da artırılması üçün zəmin yarada bilər və bu proses növbəti bazar sınaqlarında iştirak vasitəsilə mərhələli şəkildə həyata keçirilə bilər.