Bakı. Trend:
2024-cü ilin yekununa əsasən dünyanın 100 böyük silah istehsalçısının gəlirləri 5,9 faiz artaraq rekord həddə - 679 milyard dollara çatıb.
Trend xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.
Hesabata görə İnstitutun reytinqində yer alan şirkətlərin gəlirləri son 10 ildə 26 faiz artıb. Artımın başlıca səbəbi Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə vəziyyət və çox sayda lokal münaqişə ocaqlarıdır.
Silah istehsalında liderlik yenə də ABŞ-a aiddir. SIPRI-nin siyahısındakı ilk yüzlükdə yer alan şirkətlərdən 39-u bu ölkənindir. Onların hərbi sifarişlərlə bağlı gəlirləri 3,8 faiz artaraq 334 milyard dolları keçib. Başqa sözlə, 100 ən böyük şirkətin silah satışından əldə etdiyi gəlirlərin yarısı ABŞ korporasiyalarına aiddir. Burada “Lockheed Martin Corp”, RTX və “Northrop Grumman Corp” xüsusilə fərqlənir.
Qlobal silah dövriyyəsinin 22 faizi isə Avropanın 26 silah ən böyük şirkətinin payına düşür. Onların gəlirləri il ərzində 13 faiz artaraq 151 milyard dollara çatıb. İstehsal həcminə görə Avropa ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.
Aşıya və Okeaniya regionundan olan istehsalçıların gəlirləri isə 1,2 faiz azalaraq 130 milyard dollara enib. Səbəb çinli istehsalçıların gəlirlərinin azalmasıdır.
İlk dəfə olaraq 100 böyük silah istehsalçısı siyahısına Yaxın Şərqdən 10 şirkət daxil olub. Region ölkələrinin silah istehsalından gəliri 14 faiz artıb. Bu da əsasən İsrail (16,2 milyard dollar), Türkiyə (10,1 milyard dollar) və BƏƏ-nin “EDGE Group” şirkətinin (4,7 milyard dollar) hesabına baş verib.