Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdə həyata keçirdiyi genişmiqyaslı layihələr, dünyada yaşayan soydaşların təşkilatlanması və dövlətimizin beynəlxalq imicinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər xarici ictimaiyyət və diaspora qurumları tərəfindən yüksək qiymətləndirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarını bir şəbəkə altında birləşdirib, onların koordinasiyasını təmin etməklə milli həmrəyliyi gücləndirib. Bu, bir çox ölkələrin ictimai-siyasi dairələri tərəfindən müsbət qiymətləndirilir, çünki təşkilatlanmış diaspora həm mədəniyyətin təbliği, həm də ictimai diplomatiya baxımından güclü təsirə malikdir.
Komitə sədrinin Fuad Muradov bu günlərdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməsi də bu qəbildəndir.
Bu Azərbaycan və Türkiyə arasında əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsi iki qardaş ölkənin dövlət siyasətində xüsusi yer tutur. Bu istiqamətdə aparılan işlərin davamlı olması həm regional, həm də qlobal səviyyədə Türk dünyasının birliyinin güclənməsinə xidmət edir.
Komitə sədri görüşdə Azərbaycan diaspor təşkilatlarının
fəaliyyətindən danışaraq, iki qardaş ölkənin diasporlarının
koordinasiyalı işinin əhəmiyyətinə toxunub və türkdilli dövlətlərlə
əməkdaşlıq layihələrinin, eləcə də Türkiyədəki soydaşlarımızla
əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Müzakirələr zamanı diaspor fəaliyyəti ilə bağlı Şuşa
Bəyannaməsindəki müddəalara diqqət çəkilib, həmin müddəaların
türkdilli dövlətlərin diasporlarının işbirliyini özündə ehtiva
etdiyi və diaspora məsul qurumlar qarşısında vəzifələr qoyduğu
nəzərə çatdırılıb.
Bu bir daha Komitə sədri Fuad Muradovun illərdir diaspor sahəsində göstərdiyi sistemli fəaliyyət, müxtəlif ölkələrdəki azərbaycanlı icmaların təşkilatlanması, koordinasiyanın gücləndirilməsi və beynəlxalq arenada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördüyü işlərin göstəricilərindən biridir.
Onun rəhbərliyi altında həyata keçirilən layihələr həm ölkəmizin
diaspor potensialının artırılmasına, həm də qardaş Türkiyə ilə
birgə təşəbbüslərin daha da genişlənməsinə mühüm töhfə verir.
Bu görüş də bir daha göstərir ki, Azərbaycan və Türkiyənin diaspor
qurumları ortaq strategiya və düşüncə ilə hərəkət edərək Türk
dünyasının qlobal miqyasda daha təsirli şəkildə təmsil olunmasına
nail olmaq əzmindədir.
