Bakı. Trend:
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə Türkiyəyə məxsus neft tankerinə edilən hücuma reaksiya bildirib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
“Rusiyada xam neft yükləmiş, xarici bayraq altında üzən bir gəminin operatorlarının türk olduğunu bilirik. Gəminin motorxanasında partlayış baş verib. Onun pilotsuz dəniz aparatı (PDA) ilə vurulduğunu ehtimal edirik. Texniki heyətlərimiz hadisə yerinə göndərilib”, - məlumatda qeyd olunub.
xxx
09:47
Xam neft daşıyan Türkiyəyə məxsus "ALTURA" adlı tanker İstanbul boğazından 15 dəniz mil aralıda (Qara dənizdə) pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb. İnsident nəticəsində gəminin göyərtəsində və motorxanasında zədə qeydə alınıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Rusiyadan yola çıxan tankerin göyərtəsində 140 min ton neft daşınır.
Qara dənizdə açıq sularda baş verən hadisə zamanı güclü partlayış qeydə alınıb. Tankerin kapitan körpüsündə zədələr yaranıb. Həmçinin bildirilib ki, gəminin motorxanasına su sızmağa başlayıb.
PUA-nın dəydiyi tanker SOS siqnalı verdikdən sonra hadisə yerinə Sahil mühafizə xidmətinin xilasediciləri və bu kimi hallar üçün nəzərdə tutulmuş geniş imkanlara malik “Nene Hatun” təcili müdaxilə gəmisi göndərilib.
Gəmidə müdaxilə işləri davam edərkən, hadisənin planlaşdırılmış hücum olub-olmaması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
Heyət üzvlərindən xəsarət alan olmayıb.
