Şuşa. Trend:
Bu gün çərkəz mədəniyyəti mütəmadi təqiblərə məruz qalır və yox olmaq təhlükəsi ilə üz-üzədir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Litva Media Assosiasiyasının direktoru, Litva Seyminin sabiq deputatı Gintaras Sonqayla Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, XIX əsrdə çərkəzlərin 90 faizi soyqırımına məruz qalıb, onların tarixi vətəni dağıdılıb, özləri isə müxtəlif ölkələrə didərgin düşüblər.
"Bu gün çərkəz mədəniyyəti mütəmadi təqiblərə məruz qalır və yox olmaq təhlükəsi ilə üz-üzədir. Bildiyimə görə, Litva Respublikası yaxın gələcəkdə Rusiya imperiyasının çərkəz xalqına qarşı törətdiyi soyqırımını tanıyacaq. Bunun nəticəsində Litva BMT çərçivəsində çərkəzlərin tarixi vətəninin tanınması məsələsini qaldıra biləcək. Rusiya imperializm siyasətindən imtina etməli və öz əməllərinə görə məsuliyyət daşımalıdır", – deyə o bildirib.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.
