Azərbaycan rəqəmsallaşma sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - Rəy

Telekommunikasiya Materials 5 İyul 2026 10:00 (UTC +04:00)
Azərbaycan rəqəmsallaşma sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - Rəy
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində keyfiyyətcə yeni, sistemli bir mərhələyə qədəm qoyur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

“Ölkənin rəqəmsal gələcəyini və milli texnoloji potensialını koordinasiya etmək məqsədilə yaradılmış Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi bu istiqamətdə atılan qətiyyətli addımlardan biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə baş tutan iclas dövlətin rəqəmsal transformasiya prosesinə verdiyi diqqətin və strateji yanaşmanın nümunəsidir”, - deyə deputat qeyd edib.

Kamal Cəfərov bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər və qəbul edilən qərarlar Azərbaycanın rəqəmsal suverenliyini tam təmin etməyə yönəlib:

“Bu gün Azərbaycanda idarəetmə sisteminin rəqəmsallaşdırılması və texnoloji yeniliklərin tətbiqi dövlət idarəçiliyinin yeni mərhələsidir. Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti elektron xidmətlər sahəsində pərakəndə addımların qarşısını alaraq dövlət qurumları arasında vahid və əlaqələndirilmiş koordinasiya modelini formalaşdırır. İclasda yol xəritələrinin icrası, təhsilin rəqəmsal transformasiyası, eləcə də qanunvericilik islahatları ilə bağlı təqdim edilən məlumatlar və hesabatlar göstərir ki, dövlət mexanizminin hər halqası bu transformasiya prosesinə səfərbər olunub. Xüsusilə, dövlət qurumlarında rəqəmsallaşmaya rəhbər müavinləri səviyyəsində birbaşa cavabdeh şəxslərin təyin edilməsi icra intizamını və şəxsi məsuliyyəti artıracaq doğru idarəetmə yanaşmasıdır”.

Deputat vurğulayıb ki, elektron dövlət xidmətlərinin vətəndaşlar və sahibkarlar üçün vahid mərkəzləşdirilmiş ekosistemdə birləşdirilməsi idarəetmədə qarışıqlığı minimuma endirəcək:

“Vətəndaşların fərqli dövlət qurumlarının portalları arasında vaxt itirməsinin qarşısını alan bu inteqrasiya şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsində yeni mərhələdir. Eyni zamanda innovasiya ekosisteminin inkişafı məqsədilə hazırlanan qanun və onlarla normativ akta dəyişiklikləri nəzərdə tutan kompleks qanunvericilik paketi ölkəmizi regionun texnoloji mərkəzinə çevirəcək hüquqi bazadır. Süni intellekt layihələri üçün yaradılan “Tənzimləyici test mühiti” və milli hesablama gücünün artırılması istiqamətində atılan addımlar isə gələcəyin texnologiyalarını bu gündən idarə etmək deməkdir”.

Kamal Cəfərov qeyd edib ki, sürətli rəqəmsallaşma fonunda milli təhlükəsizliyin mühüm komponenti olan kibertəhlükəsizlik sahəsində institusional strukturun yenilənməsi müasir dövrün çağırışlarına uyğun cavabdır:

“Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, onun nəzdində SOC, CERT və Rəqəmsal Tədqiqat Mərkəzinin vahid koordinasiya altında fəaliyyət göstərməsi kritik informasiya infrastrukturumuzun qorunmasında etibarlı qoruyucu rolunu oynayacaq. Təhsil sahəsində “STEAM” və “Rəqəmsal bacarıqlar” layihələrinin yüz minlərlə şagirdi əhatə etməsi bu gün qurulan rəqəmsal arxitekturanı gələcəkdə idarə edəcək güclü insan kapitalının formalaşdırılmasına xidmət edir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti