Füzuli. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Möysüm Murad oğlu Əliyevin nəşi Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimindən əvvəl şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid hərbi orkestrin müşayiəti və yaylım atəşi altında son mənzilə yola salınıb.
Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib və 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Aparılan eyniləşdirmə tədbirləri nəticəsində şəhidin şəxsiyyəti müəyyən edilib. Bununla da Möysüm Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, şəxsiyyəti müəyyənləşdirilərək doğma yurdunda dəfn edilən şəhidlərdən biridir.
