Bakı. Trend:
Ukrayna ballistik raketlərin və hava hücumundan müdafiə sistemlərinin hazırlanması, sınaqları və istehsalını daha sürətli həyata keçirməyi planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.
O bildirib ki, müdafiə-sənaye kompleksinin fəaliyyəti geniş şəkildə təhlil olunub və bunun nəticəsində raket proqramının inkişafını sürətləndirmək məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib.
"Raket proqramımız üzərində çalışan, xüsusilə də Ukraynanın ballistik raketləri və raket əleyhinə müdafiə sistemlərinin yaradılmasına töhfə verən bütün mütəxəssislərə minnətdaram", – deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, keçirilən müşavirədə beynəlxalq tərəfdaşlardan hava hücumundan müdafiə vasitələrinin hansı müddətdə və hansı həcmdə çatdırılacağı da müzakirə mövzusu olub.
Zelenski vurğulayıb ki, yaxın günlərdə Ukrayna diplomatlarının əsas məqsədi ölkənin şəhərlərinin müdafiəsini gücləndirmək üçün əlavə hava hücumundan müdafiə sistemlərinin əldə edilməsinə nail olmaq olacaq.
"Qarşıdakı günlərdə bütün diplomatik səylərimizin, görüş və danışıqlarımızın əsas istiqaməti Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemlərinin təmin edilməsi olacaq", – deyə o əlavə edib.