Bakı.Trend:
Hərbi xidmətlə bağlı bütün xidmətlərin elektron qaydada göstərilməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatlarında qeyd olunub.
Məlumatda bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarla birbaşa təmasın minimuma endirilməsi və operativliyin artırılması məqsədilə gələcəkdə bütün xidmətlərin elektron qaydada həyata keçirilməsini planlaşdırır.
“Hazırda “MyGov” platforması vasitəsilə çağırışdan möhlət, çağırışdan azad edilmə, hərbi qeydiyyat, həqiqi hərbi xidmət barədə arayışlar, tibbi şəhadətləndirilmənin nəticələri və vətəndaşın xidmət keçəcəyi qoşun növü barədə məlumatlar təqdim olunur.
Bununla yanaşı, vətəndaşlar fərdi elektron kabinet vasitəsilə müraciətlər göndərə və cavabları elektron qaydada ala bilirlər”,- deyə statistik məlumatda əks olunub.
Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatlarında qeyd edilib ki, hərbi qeydiyyat və elektron kabinet sistemi üzrə yeni rəqəmsal imkanlar yaradılır.
“Qanunvericiliyə edilən dəyişikliklərə əsasən vətəndaşların hərbi vəzifələri ilə bağlı məlumatlara çıxışı üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə – elektron kabinet yaradılır.
Bundan əlavə, 15 yaşına çatmış oğlanların ilkin hərbi qeydiyyata alınması zamanı tələb olunan sənədlərin dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması təmin edilir.
İlkin hərbi qeydiyyat vəsiqəsinin kağız formasının ləğvi ilə əlaqədar komissiyanın qərarları və digər məlumatlar da vətəndaşlara elektron formada təqdim olunacaq”,-deyə Dövlət Xidmətinin statistik məlumatında bildirilib.
