Bakı.Trend:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.
"Plana uyğun olaraq general-leytenant N.İslamzadə “Anadolu
Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir
sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb.
Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi
və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ
komandanına məruzə edib",-deyə nazirliyin Mətbuat xidmətindən
bildirilib.
MN-nin Mətbuat xidmətindən qeyd edilib ki, təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.
"Sonra general-leytenant Namiq İslamzadə və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi aviasiya sahəsində
əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə
keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi
xüsusi vurğulanıb.
Hər iki ölkənin Hərbi Hava Qüvvələrinin komandanları təlim
fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil
olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri
ilə tanış olublar",deyə nazirliyin Mətbuat xidmətindən əlavə
edilib.
