İyun ayında okean səthinin temperaturu rekord həddə çatıb

Dünya xəbərləri Materials 1 İyul 2026 21:17 (UTC +04:00)
İyun ayında okean səthinin temperaturu rekord həddə çatıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyun ayında dünya okeanlarının səth temperaturu rekord həddə yüksəlib.

Xarici mediada yayılan məlumata görə, avropalı alimlər bunun hava şəraiti, qlobal iqlim və dəniz ekosistemləri üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin açıqladığı məlumata görə, iyunun 21-də qütb bölgələrindən kənarda okean səthinin temperaturu 2023 və 2024-cü illərin eyni dövründə qeydə alınan rekord göstəriciləri üstələyib.

Mütəxəssislər bildirirlər ki, bu rekord göstərici son onilliklərin ən güclü El Nino hadisələrindən birinin ilkin mərhələləri ilə üst-üstə düşür. Onların fikrincə, bu vəziyyət ekstremal hava hadisələrinin, qlobal istiləşmənin təsirlərinin və dəniz ekosistemlərində dəyişikliklərin daha da güclənməsinə səbəb ola bilər.

Xatırladaq ki, 2023-cü ildə qeydə alınan əvvəlki rekord alimlər tərəfindən "narahatedici" və "gözləniləndən daha ciddi" tendensiya kimi qiymətləndirilmişdi. Həmin dövrdən sonra dünyanın müxtəlif bölgələrində güclü isti dalğaları, daşqınlar və fırtınalar müşahidə olunmuşdu. Cari ilin iyun ayında isə rekord yenidən yenilənib. Son həftələr Böyük Britaniya və Avropanın bir sıra ölkələrində yüksək temperatur qeydə alınıb, Antarktidada isə qış mövsümünə baxmayaraq, normadan xeyli isti hava şəraiti müşahidə edilib.

Alimlər vurğulayırlar ki, quru üzərindəki temperatur göstəricilərindən fərqli olaraq, okeanların temperaturu Yer kürəsinin istilik balansındakı dəyişiklikləri daha dəqiq əks etdirir. Okean səthinin temperaturu günəş radiasiyası, okean axınları və dərin qatlarda toplanan istilik ehtiyatlarından asılı olaraq formalaşır.

Mütəxəssislərin hesablamalarına görə, okeanlar insan fəaliyyəti nəticəsində yaranan artıq istilik enerjisinin 90 faizdən çoxunu udur. Bu istiləşmənin əsas səbəbi isə neft, kömür və təbii qaz kimi qalıq yanacaqların istifadəsidir. Ötən il okeanlarda toplanan əlavə istilik enerjisi 23 zetacoul səviyyəsinə çataraq son 20 ilin orta göstəricisini təxminən iki dəfə üstələyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti