Bakı. Trend:
Ukrayna İrlandiyaya pilotsuz uçuş aparatları (PUA) texnologiyaları sahəsində "Drone Deal" adlı xüsusi əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib.
Bu barədə RBK-Ukrayna Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyanın Baş naziri Mixol Martinlə Dublində keçirdiyi birgə mətbuat konfransına istinadən xəbər yayıb.
Rəsmi səfər çərçivəsində keçirilən görüş zamanı əsas diqqət innovasiya və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Kiyev iki ölkənin müdafiə sənayesi müəssisələri arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.
Volodimir Zelenski qeyd edib ki, Ukrayna artıq İrlandiya ilə yeni texnologiyaların hazırlanması və istehsalı istiqamətində fəal əməkdaşlığa başlayıb.
Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarının hazırlanması və onların real döyüş şəraitində tətbiqi sahəsində əldə etdiyi təcrübəni İrlandiya ilə bölüşməyə hazırdır.
"Biz İrlandiyaya "Drone Deal" formatında əməkdaşlıq və müvafiq
texnologiyalar təklif edirik. Bu təşəbbüs müəssisələrimiz və
şirkətlərimiz arasında birbaşa, səmərəli və uzunmüddətli
əməkdaşlığın qurulmasına imkan yaradacaq", - deyə Zelenski
bildirib.