Bakı.Trend:
Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-mayor Burhan Aktaşın rəhbərliyi ilə qardaş ölkənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarının rəhbər və professor-müəllim heyəti, eləcə də həmin təhsil müəssisələrində keçirilən "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizdə səfərdədir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
MN-nin Mətbuat xidmətindən bildirilib ki, əvvəlcə qonaqlar Fəxri
xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını,
həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül
dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
"Səfərin planına uyğun olaraq nümayəndə heyəti ilə görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin hərbi təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi hərbi qulluqçuların peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır",-deyə nazirliyin Mətbuat xidmətinin məlumatında qeyd edilib.
MN-nin Mətbuat xidmətindən bildirilib ki, səmimi qəbula və
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor
B.Aktaş qarşılıqlı etimad və dostluğa söykənən münasibətlərimizin
inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin
vacibliyini qeyd edib.
"Görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar
müzakirə olunub. Tərəflər, həmçinin peşəkar kadrların hazırlanması
məqsədilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi
aparıblar",-deyə nazirliyin Mətbuat xidmətindən əlavə edilib.
