Bakı. Trend:
ABŞ-nin avtomobil istehsalçısı "Ford" süni intellektə əsaslanan avtomatlaşdırma sistemlərinin gözlənilən nəticəni verməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə götürüb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, şirkət son üç ildə müəssisə daxilində "ağsaqqallar" kimi tanınan 350-dən çox təcrübəli mühəndisi yenidən işə qaytarıb. Onlar istehsal xəttinə çatmamış mümkün nasazlıqları aşkar edərək keyfiyyətə nəzarət prosesində iştirak edir, bəziləri isə süni intellekt sistemlərinin hazırlanması və təkmilləşdirilməsinə dəstək verir.
"Ford"un baş əməliyyat direktoru Kumar Qalhotra brifinqdə bildirib ki, şirkət avtomatik keyfiyyətə nəzarət sistemlərinə həddindən artıq etibar edib.
"İstədiyimiz nəticəni əldə edə bilmədik. Təcrübəli mütəxəssisləri geri qaytardıq və onlar problemləri istehsal xəttinə çatmadan əvvəl müəyyən etməyə başladılar", – deyə o qeyd edib.
Şirkət istehsalın səmərəliliyini artırmaq üçün süni intellekt əsaslı nəzarət sistemlərinə investisiya yatırmağa davam etsə də, mürəkkəb keyfiyyət problemlərinin həllində insan təcrübəsi və mühakiməsinin hələ də həlledici rol oynadığını qəbul edib.
Məlumata görə, təcrübəli mühəndislərin yenidən işə başlamasından sonra Ford-un keyfiyyət göstəricilərində də yaxşılaşma qeydə alınıb. J.D. Pouer tərəfindən aparılan son "İlkin Keyfiyyət Araşdırması"nda şirkət son 16 ildə ilk dəfə kütləvi avtomobil markaları arasında birinci yerə yüksəlib.
Bununla yanaşı, "Ford" əvvəlki model avtomobillərindəki keyfiyyət problemləri səbəbindən ABŞ-də ən çox avtomobil geri çağıran istehsalçılardan biri olaraq qalır. Şirkət rəhbərliyi bunun insan resurslarından deyil, keçmişdə tətbiq edilən avtomatlaşdırma sistemlərindən qaynaqlandığını bildirir.
"Ford"un avtomobil avadanlığı mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun isə vurğulayıb ki, süni intellekt güclü vasitə olsa da, təkbaşına kifayət etmir.
"Süni intellektin uğuru onu öyrədən məlumatlardan asılıdır. Sadəcə sistemi işə salıb dizayn tələblərini yükləməklə yüksək keyfiyyətli məhsul əldə edəcəyimizi düşündük və yanıldıq", – deyə o əlavə edib.
Şirkət bundan sonra da süni intellekti insan təcrübəsi və nəzarəti ilə birlikdə tətbiq etməyə davam edəcəyini açıqlayıb.
