Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan yoxlamalardan ibarət deyil - Qoşqar Təhməzli (MÜSAHİBƏ)

Cəmiyyət Materials 30 İyun 2026 20:00 (UTC +04:00)
Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan yoxlamalardan ibarət deyil - Qoşqar Təhməzli (MÜSAHİBƏ)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan yoxlamalardan ibarət deyil. Təcrübə göstərir ki, qida təhlükəsizliyinin təxminən 80 faizi gigiyenik tənzimləmə ilə bağlıdır, cəmi 20 faizi isə sanitariya məsələlərini əhatə edir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, sadəcə, həmin 20 faiz daha çox göz önündə olduğu üçün insanlar üçün daha maraqlı görünür. Sədr qeyd edib ki, heyvan yemlərində olan müəyyən maddələrin sonradan qida zənciri vasitəsilə insan orqanizminə, hətta ana südünə qədər təsir göstərə bilməsi "Vahid sağlamlıq" konsepsiyasının əsas prinsiplərindən biridir.

Qida zəhərlənmələri 75 faiz azalıb

AQTA-nın fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində görülən işlərdən danışan Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramından irəli gələn tədbirlərin 93 faizdən çoxunu icra edib. O vurğulayıb ki, həmin tədbirlər əsasən qanunvericilik sahəsində həyata keçirilən islahatları əhatə edir:

"Qida təhlükəsizliyi üç əsas istiqaməti özündə birləşdirir. Bunlardan birincisi və ən vacibi insan sağlamlığının qorunmasıdır. İkinci mühüm istiqamət qida təhlükəsizliyi tələblərinin tətbiqi nəticəsində ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Üçüncü və ən vacib istiqamət isə qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin elə səviyyəyə çatdırılmasıdır ki, bu məhsulların ixrac potensialı yüksək olsun.

Qida təhlükəsizliyi sahəsində 2019–2025-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub və həmin proqram 12 prioritet istiqamət üzrə tədbirləri özündə əks etdirir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu tədbirlərin 93 faizdən çoxunun icrasını təmin edib. Həmin tədbirlər əsasən qanunvericilik sahəsində həyata keçirilən islahatları əhatə edir. Xüsusilə qeyd etmək istərdim ki, bu istiqamətdə ən mühüm addımlardan biri "Qida təhlükəsizliyi haqqında" qanunun qəbul olunmasıdır. Bu qanunun əsas özəlliyi ondan ibarətdir ki, o, yalnız insanların istehlak etdiyi qida məhsullarının deyil, eyni zamanda yem təhlükəsizliyinin də tənzimlənməsini özündə ehtiva edir. Bu isə bilavasitə heyvanların, balıqların və quşçuluq təsərrüfatlarında yetişdirilən quşların sağlamlığının təmin olunmasına xidmət edir. Nəticə etibarilə, bu yanaşma vahid sağlamlıq konsepsiyasının tərkib hissəsi kimi insan sağlamlığının qorunmasına da mühüm töhfə verir".

Sədr bildirib ki, AQTA-nın fəaliyyəti dövrü ərzində əsas diqqət beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə, qeydiyyat, test və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə yönəldilib. O qeyd edib ki, 2019-cu illə müqayisədə 2025-ci ildə qida zəhərlənməsi hadisələrinin sayı 75 faiz azalıb:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində Qida Təhlükəsizliyi İnstitutu da fəaliyyət göstərir. İnstitutun əsas fəaliyyəti idxal və ixrac prosedurları daxil olmaqla qida məhsullarının ekspertizalarının həyata keçirilməsindən ibarətdir. Eyni zamanda institutun nəzdində 17 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalardan əlavə 8 səyyar laboratoriya da fəaliyyət göstərir və onlardan 3-ü beynəlxalq akkreditasiyadan keçib. Bu dövr ərzində 12 milyona yaxın qida nümunəsi ekspertizaya cəlb olunub. Ən sevindirici məqamlardan biri isə odur ki, 2018-ci illə müqayisədə 2025-ci ildə ekspertiza zamanı aşkarlanan qeyri-kafi nəticələrin faizi əhəmiyyətli dərəcədə azalıb və son illərdə bu göstərici cəmi 0,8 faiz təşkil edir.

Eyni zamanda, bitki sağlamlığı və heyvan sağlamlığı istiqamətində də mühüm addımlar atılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövr ərzində Azərbaycan Respublikası bir sıra təhlükəli heyvan xəstəliklərindən azad ölkə statusu əldə edib. Belə ki, ölkəmiz quş qripindən azad ölkə statusunu, həmçinin xırdabuynuzlu heyvanların taunundan azad ölkə statusunu qazanıb".

Azərbaycan Çinə quşçuluq məhsulları ixrac edəcək

Qoşqar Təhməzlinin sözlərinə görə, bu statusların əldə edilməsi ölkənin ixrac potensialına da mühüm təsir göstərib. Belə ki, Azərbaycanın quş qripindən azad ölkə statusunu əldə etməsi nəticəsində artıq dünyanın səkkiz ölkəsinə quşçuluq məhsullarının ixracı həyata keçirilir:

"Bu ölkələr sırasında ABŞ, Rusiya və digər ölkələr yer alır. Eyni zamanda, Çin Xalq Respublikası ilə də quşçuluq məhsullarının ixracı üzrə razılaşmalar əldə olunub. Xüsusilə qeyd etmək istəyirəm ki, pestisidlər, aqrokimyəvi maddələr və bitki mühafizə vasitələri üzərində dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində də mühüm işlər görülüb. Bildiyiniz kimi, Azərbaycanda yararsız vəziyyətdə olan pestisidlər və aqrokimyəvi vasitələrlə çirklənmiş ərazilər mövcud idi. Bu ərazilər 11 rayonda 14 məntəqəni əhatə edirdi. Fəaliyyət dövrü ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində beş rayondan 2 098 tona yaxın yararsız pestisid qalıqları “Cəngi pestisid poliqonu”na daşınaraq zərərsizləşdirilib".

Ötən il Azərbaycan 845 min tondan çox meyvə-tərəvəz ixrac edib

AQTA sədri bitki sağlamlığı sahəsində görülən tədbirlərə də diqqət çəkib. O qeyd edib ki, ötən dövr ərzində bitki sağlamlığı sahəsində də mühüm addımlar atılıb:

"Belə ki, bitki xəstəlikləri üzrə ekspertizalar həyata keçirilib, yeni bakteriya və virus növlərinin aşkarlanması istiqamətində əsaslı işlər görülüb. Bu tədbirlər Azərbaycanın bitkiçilik məhsullarının dünyanın müxtəlif ölkələrinə ixrac imkanlarını daha da genişləndirib. Təsadüfi deyil ki, 2025-ci ildə Azərbaycan artıq bir milyon tona yaxın bitkiçilik məhsulunu dünyanın 70-ə yaxın ölkəsinə ixrac edib. Bu məhsulların təxminən 845 min tondan çoxunu meyvə-tərəvəz məhsulları təşkil edib. Fəaliyyət dövrü ərzində görülən mühüm tədbirlərdən biri də bioloji aktiv qida məhsullarının, mineral suların, baytarlıq preparatlarının və yem əlavələrinin dövlət qeydiyyatının həyata keçirilməsi olub.

Bildiyiniz kimi, bioloji aktiv qida məhsulları xüsusi əhəmiyyət kəsb edən məhsullardır. Bunlar dərman vasitəsi deyil və eyni zamanda qida məhsulu kimi qəbul edilməsi də doğru deyil. Adından da göründüyü kimi, bunlar bioloji aktiv qida məhsullarıdır və müxtəlif buraxılış formalarında istehlakçılara təqdim olunur. Təəssüf ki, nəzarət tədbirləri zamanı bir sıra bioloji aktiv qida məhsullarında ciddi uyğunsuzluqlar aşkar etmişik. Belə ki, onların tərkibində insan sağlamlığı üçün təhlükə yarada biləcək yüksək riskli maddələr müəyyən edilib. Nəticədə həmin məhsulların bir qismi ixracatçı ölkəyə geri qaytarılıb, digər hissəsi isə utilizasiya olunub və ya tərəfimizdən məhv edilib".

Qoşqar Təhməzli, həmçinin bildirib ki, bu dövr ərzində regional fəaliyyətin gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri yaradılıb, sahibkarların qida məhsullarının ekspertizasının həyata keçirilməsi üçün regionlarda da müvafiq laboratoriyalar fəaliyyətə başlayıb:

"Nitqimin əvvəlində də qeyd etdiyim kimi, qida təhlükəsizliyinin ən vacib istiqaməti insan sağlamlığının qorunmasıdır. Bu məqam üzərində xüsusilə dayanmaq istərdim. Qida təhlükəsizliyi sahəsində nəzərə almalı olduğumuz əsas amillərdən biri odur ki, qida istənilən mərhələdə təhlükəli məhsula çevrilə bilər. Hətta istehlak zamanı belə insan özü düzgün davranmadıqda qidanı təhlükəli hala gətirə bilər. Məhz buna görə də qidalanma davranış qaydalarına riayət olunması xüsusi əhəmiyyət daşıyır. Yem təhlükəsizliyi məsələsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, bu istiqamət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda yem məhsulları üzərində dövlət nəzarətinin təmin olunması həmin sahədə istehsal olunan məhsulların ixrac imkanlarının genişlənməsinə şərait yaradıb. Belə ki, balıq yemləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi nəticəsində akvakultura təsərrüfatlarında yetişdirilən balıqların istifadə etdiyi yemlərdə antibakterial preparatların, hormonların və toksik elementlərin ekspertizası aparılır. Bu tələblər ixracatçı ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin standartlarına uyğun şəkildə yerinə yetirildiyi üçün artıq akvakulturalarda yetişdirilən balıq və balıqçılıq məhsullarının Avropa İttifaqı ölkələrinə ixracını həyata keçirə bilmişik. Eyni zamanda, quşçuluq məhsullarının ixracında da əsas amillərdən biri yemlərin təhlükəsizliyinin təmin olunmasıdır. Hesab edirəm ki, növbəti dövrdə bu məsələlər barədə daha ətraflı danışmaq imkanımız olacaq.

Fəaliyyət dövrümüz ərzində risk əsaslı dövlət nəzarəti sistemi tətbiq olunub. Bu sistem çərçivəsində 10 mindən çox bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb. Bildiyiniz kimi, qeyri-neft sektorunun ən mühüm istiqamətlərindən biri bitkiçilik məhsullarının ixrac potensialının artırılmasıdır. Bitkiçilik sahəsində əkin və səpin materiallarının tətbiqi zamanı, yəni ilkin istehsal mərhələsində, eləcə də aqrokimyəvi preparatların və bitki mühafizə vasitələrinin tətbiqi, həmçinin bitkiçilik məhsullarının saxlanılması, daşınması, qablaşdırılması, etiketlənməsi və markalanması ixracatçı ölkələrin tələblərinə uyğun həyata keçirilməlidir. Bu isə həmin məhsulların ixrac potensialının artırılmasına xidmət edir".

13 ton istehlaka yararsız ət dövriyyədən çıxarılıb

AQTA sədrinin sözlərinə görə, kimyəvi maddələrlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti dövründə 238 adda kimyəvi maddə müəyyən edilib. Həmin maddələrin inkişaf etmiş ölkələrdə istifadəsi artıq qadağan olunduğuna görə, Azərbaycanda da onların tətbiqi, idxalı, ixracı və dövriyyəsi qadağan edilib:

"Bu dövr ərzində 22 dövlətlə 49 beynəlxalq müqavilə bağlanıb. Eyni zamanda 24 mindən çox nəzarət tədbiri həyata keçirilib. Həmin tədbirlər nəticəsində 60 min tondan çox müxtəlif mənşəli qida məhsul məhv edilib, 13 ton istehlaka yararsız ət dövriyyədən çıxarılıb, 421 ton məhsul emala yönləndirilib, 1 010 ton məhsul heyvan yemi üçün yararlı hesab edilib, 152 ton məhsul isə qeyri-qida sənayesində istifadə olunub. Burada bir məqama xüsusi toxunmaq istəyirəm. Bəzi hallarda cəmiyyətdə belə bir fikir formalaşır ki, əgər hər hansı məhsul insan istehlakı üçün yararsızdırsa, o, mütləq şəkildə məhv edilməlidir. Halbuki, bu, belə deyil. Əgər məhsul insan istehlakı üçün yararsız hesab olunursa, Agentlikdə fəaliyyət göstərən Ekspertlər Şurası həmin məhsulun təyinatının dəyişdirilməsinin mümkün olub-olmadığını müəyyənləşdirir. Belə ki, bəzi məhsullar heyvan yemi üçün yararlı hesab oluna bilər və ya qeyri-qida sənayesində istifadə edilə bilər.

Məsələn, müxtəlif mənşəli yağlar insan istehlakı üçün yararsız olduqda, onların sənayedə, o cümlədən sabun istehsalında istifadəsinə icazə verilir. Eləcə də, hər hansı məhsul nə insan, nə də heyvan qidası üçün yararlı olmadıqda, onun təyinatı dəyişdirilir və uyğun sahədə istifadəsi təmin edilir".

Azərbaycanda qida təhlükəsizliyi BMT-nin tələblərinə cavab verir

Qoşqar Təhməzli xüsusilə vurğulayıb ki, Azərbaycanda qida təhlükəsizliyi BMT-nin tələblərinə cavab verir. O qeyd edib ki, ötən dövr ərzində BMT-nin müvafiq komissiyası tərəfindən Azərbaycanda qida təhlükəsizliyi sisteminin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə 25 kompetensiya üzrə aparılıb və nəticədə beynəlxalq qida təhlükəsizliyi sisteminin tələblərinə uyğun olmayan hər hansı ciddi nöqsan müəyyən edilməyib.

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda da tətbiq olunacaq

Sədr bildirib ki, Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı təcrübənin digər ölkələrdə də tətbiq olunması ilə bağlı tövsiyələr verilib:

"Bu tövsiyələr əsasında qardaş Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycana müraciət edib. Özbəkistan rəhbərliyi Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahat modelinin öz ölkəsində də tətbiq olunmasında maraqlı olduğunu bildirib. Bununla əlaqədar hökumətin tapşırığı əsasında Azərbaycan ekspertlərinin iştirakı ilə geniş iş aparılıb. Həm Azərbaycanda görüşlər keçirilib, həm də böyük bir işçi qrupu Özbəkistana səfər edib. Nəticədə Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistanda "Milli Qida Təhlükəsizliyi Komitəsi" yaradılıb. Bu qurum vahid qida zəncirinin bütün mərhələlərinə nəzarət edəcək və artıq yaxın günlərdə fəaliyyətə başlayacaq".

AQTA sədri özəl laboratoriyaların fəaliyyəti barədə də danışıb. O bildirib ki, AQTA özəl qida laboratoriyaları ilə də əməkdaşlıq edir:

"Həm idxal, həm də ixrac proseslərində bu laboratoriyalar Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarla paralel şəkildə işləyir. Eyni zamanda onlar qida təhlükəsizliyinin avtomatlaşdırılmış informasiya sisteminə inteqrasiya olunub və akkreditasiyadan keçmiş bu laboratoriyaların nəticələri həm idxal, həm də ixrac prosedurlarında rəsmi şəkildə qəbul edilir. Hazırda üç böyük özəl laboratoriya Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə paralel fəaliyyət göstərir. Bununla yanaşı, iri istehsal müəssisələrinin əksəriyyətinin nəzdində də akkreditasiyadan keçmiş laboratoriyalar yaradılıb. Həmin laboratoriyaların verdiyi nəticələr əsasında müəssisələrin gündəlik istehsal etdiyi məhsulların dövriyyəyə buraxılması təmin olunur. Agentlik isə bu laboratoriyaların fəaliyyəti üzərində dövlət nəzarətini həyata keçirir".

İşğaldan azad edilmiş ərazilərdə xəstəlikdən azad zonalar yaradılacaq və dünyaya ət, ət məhsulları ixrac ediləcək

Qoşqar Təhməzli qarşıdakı beş il ərzində qida təhlükəsizliyi sahəsində əsas hədəflərdən də söz açıb. O bildirib ki, qida təhlükəsizliyi sahəsində atılan ən vacib addım heyvanların identifikasiyası sisteminin tətbiqidir:

"Fəaliyyətimiz dövründə artıq 1 milyon 20 min baş heyvanın identifikasiyası həyata keçirilib və onlar qeydiyyata alınıb. Hazırda isə Prezidentin müvafiq sərəncamına əsasən, 2027–2030-cu illər ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyası dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu tədbir bizə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların, eləcə də onlardan əldə olunan məhsulların tam izlənməsini təmin etməyə imkan verəcək. Çünki heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil, identifikasiya sistemi olmadan isə heyvan sağlamlığının effektiv idarə olunması mümkün deyil.

Bəs identifikasiya bizə nə verəcək? Bu sistem vasitəsilə həm idxal olunan, həm də Azərbaycanda doğulan heyvanlar doğulduğu gündən etibarən izlənəcək. Onların keçirdiyi xəstəliklər, tətbiq olunan baytarlıq preparatları, aparılan vaksinasiyalar, eləcə də ölüm səbəbləri – yəni təbii tələfat və ya xəstəlik nəticəsində tələf olub-olmaması barədə bütün məlumatlar identifikasiya sistemində əks olunacaq. Eyni zamanda, bu sistem məhsulların da izlənməsinə imkan verəcək. Belə ki, ticarət şəbəkələrində və ictimai iaşə müəssisələrində satışa çıxarılan ətlərin, həmçinin emal müəssisələrində istehsal olunan bütün ət məhsullarının mənşəyini və hərəkət trayektoriyasını izləmək mümkün olacaq. Bu bizə imkan verəcək ki, qarşıdakı Dövlət Proqramında nəzərdə tutulduğu kimi, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında xəstəlikdən azad zonalar yarada bilək".

İdxal olunan 200-dən artıq heyvanda müxtəlif təhlükəli xəstəliklər aşkar olunub

Qoşqar Təhməzli bildirib ki, hazırda Dünya Heyvan Sağlamlığı Təşkilatının qiymətləndirməsinə əsasən Azərbaycan üçüncü səviyyədədir:

"Bu da bizə xəstəlikdən azad zonaların yaradılmasına başlamaq imkanı verir. İdentifikasiya prosesi başa çatdıqdan sonra isə işğaldan azad edilmiş ərazilərdən də dünyanın istənilən ölkəsinə ət və ət məhsullarının ixracını həyata keçirmək mümkün olacaq. Qarşıdakı Dövlət Proqramında nəzərdə tutulan ən mühüm məsələlərdən biri də qida təhlükəsizliyinə nəzarət məntəqələrinin genişləndirilməsidir. Bildiyiniz kimi, ötən fəaliyyət dövründə Qırmızı Körpü Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsi istifadəyə verilib və hazırda fəaliyyət göstərir. Ötən dövr ərzində həmin məntəqədə idxal olunan 250 mindən artıq iribuynuzlu və xırdabuynuzlu heyvan üzərində dövlət nəzarəti həyata keçirilib. Yerində götürülən qan nümunələrinin müayinəsi nəticəsində 200-dən artıq iribuynuzlu və xırdabuynuzlu heyvanda müxtəlif təhlükəli xəstəliklər aşkar olunduğuna görə onlar ixracatçı ölkələrə geri qaytarılıb".

Ağbənd Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsi yaradılacaq

AQTA sədri, həmçinin bildirib ki, eyni qida təhlükəsizliyinə nəzarət məntəqəsinin Ağbənd Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin yaradılması planlaşdırılır və bu məsələ Dövlət Proqramında öz əksini tapıb. Onun sözlərinə görə, bu, qida məhsullarının tranziti, eləcə də idxal-ixrac prosedurlarının həyata keçirilməsi zamanı beynəlxalq standartların tələblərinə daha yüksək səviyyədə əməl olunmasına imkan verəcək. Nəticədə Azərbaycanın həm qida məhsullarının tranzit potensialı, həm də ixrac imkanları daha da genişlənəcək.

Heyvanların erkən kəsimi ilə bağlı cərimə tətbiq oluna bilər

Heyvanların erkən kəsiminin qarşısının alınması heyvandarlığa təsirlərindən danışan Qoşqar Təhməzli qeyd edib ki, gələcəkdə inzibati cərimə tədbirləri də aparıla bilər:

"Bu, çox vacib məsələdir və biz hesab edirik ki, ən aktual mövzulardan biridir. Belə ki, heyvanların erkən kəsiminə yol verilməməlidir. Mən bir mütəxəssis kimi də bildirirəm ki, heyvanların müəyyən yaş dövrünə çatmadan kəsilməsi nəticəsində əldə olunan məhsul qida baxımından tam dəyərli hesab edilmir. Ona görə də hesab edirik ki, gələcəkdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların yaşına və cinsinə uyğun olaraq bu sahədə müəyyən tənzimləmələrin tətbiqi məqsədəuyğun olar. Təbii ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bilavasitə səlahiyyətlərinə aid deyil. Lakin bildiyiniz kimi, hazırda "Erkən kəsimə son" adlı maarifləndirmə kampaniyası həyata keçiririk. Çünki bu addım Azərbaycanda həm heyvandarlığın, həm də quşçuluğun inkişafına müsbət təsir göstərə bilər. Bir sıra ölkələrdə bu istiqamətdə uğurlu təcrübələr mövcuddur. Həmin ölkələrdə heyvanların yaşına, çəkisinə və cinsinə görə kəsimi müəyyən müddətə məhdudlaşdırılır, eyni zamanda onların ixracına da müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu isə heyvandarlığın və quşçuluğun inkişafına təkan verir. İdentifikasiya prosesi başa çatdıqdan sonra erkən kəsim məsələsini də gündəmə gətirməyi planlaşdırırıq. Bu, gələcəkdə dişi fərdlərin sayının azalmasının qarşısını almağa, eləcə də heyvanların erkən yaşda kəsilməsinin qarşısını almağa imkan verəcək. Nəticədə isə bu sahənin inkişafına mühüm töhfə veriləcək. Gələcəkdə bu məsələ tam formalaşdıqdan sonra inzibati tədbirlərlə bağlı məsələlərə də baxılacaq".

Azərbaycanda qida təhlükəsizliyi sahəsində ictimai nəzarət gücləndirilməlidir

Azərbaycan bazarlarına xarici ölkələrdən ət idxalından danışan AQTA sədri vurğulayıb ki, bu məhsullar risk əsaslı nəzarət mexanizminə uyğun olaraq yoxlanılır:

"Azərbaycan dünyanın bir sıra ölkələrindən həm diri heyvanlar, həm də ət məhsulları idxal edir. Diri heyvanlarla bağlı artıq qeyd etdiyim kimi, onlar Qazax rayonunda yerləşən Qırmızı Körpü sərhəd-keçid məntəqəsində dövlət nəzarətinə cəlb olunur.

Ət məhsulları isə Braziliya, Rusiya Federasiyası, Monqolustan, Gürcüstan və digər ölkələrdən idxal edilir. Bu məhsullar risk əsaslı nəzarət mexanizminə uyğun olaraq yoxlanılır. Belə ki, yalnız xəstəlikdən azad zonalarda yetişdirilmiş heyvanların ətinin ölkəyə idxalına icazə verilir. Bu, beynəlxalq tələblərə əsaslanan sistemdir və Azərbaycan da həmin sistemin bir hissəsi kimi yalnız bu şərtlərə cavab verən məhsulların idxalına icazə verir. Eyni zamanda, ət və ət məhsulları yüksək riskli məhsullar hesab olunduğundan, idxal zamanı bütün partiyalar ekspertizadan keçirilir və yalnız müsbət nəticə əldə edildikdən sonra onların ölkəyə idxalına icazə verilir. Fəaliyyət dövrümüz ərzində həm Azərbaycana idxal olunan, həm də ölkə daxilində istehsal edilən müxtəlif ət məhsulları üzərində aparılmış nəzarət tədbirləri nəticəsində təxminən 18 tona yaxın yararsız ət məhsulu aşkarlanıb. Digər qida məhsulları kimi idxal olunan ət də dövlət nəzarətindən keçirilir və qida təhlükəsizliyi baxımından hər hansı risk yaratmır".

Qoşqar Təhməzlinin sözlərinə görə, qida təhlükəsizliyi sistemi çox mürəkkəb bir sistemdir. Bu, təbiət elmlərinə əsaslanan sahədir və özündə bir sıra elmləri birləşdirdiyi üçün qida zəncirinin bütün mərhələlərini – tarladan süfrəyə, yaxud fermadan süfrəyə qədər olan prosesi əhatə edir:

"Qida məhsulu bu zəncirin istənilən mərhələsində təhlükəli məhsula çevrilə bilər. Bu, istər ilkin istehsal, istər emal, qablaşdırma, saxlanma, daşınma, satış, hətta istehlak mərhələsində baş verə bilər. Məsələn, əgər bir şəxs qida ilə davranış qaydalarına və ya şəxsi gigiyena qaydalarına düzgün əməl etməzsə, bu da qidanın təhlükəli hala gəlməsinə səbəb ola bilər. Bu məsələdə əsas tərəflərdən biri, əlbəttə ki, istehlakçılardır. Biz hər birimiz qida istehlakçısıyıq. İnsan dünyaya gəldiyi andan ömrünün sonunadək qida qəbul edir. Hər bir insan gün ərzində əsas və ara qida qəbulları həyata keçirir. Körpəlik dövründə ana südü ilə qidalanmadan başlayaraq, hətta müəyyən xəstəlik səbəbindən adi qida qəbul edə bilmədikdə belə, insana xüsusi təyinatlı qidalar verilir. Bu da qidanın insan həyatında nə qədər mühüm rol oynadığını bir daha göstərir. Məhz buna görə hər birimiz yalnız istehlakçı deyil, eyni zamanda qida təhlükəsizliyinə nəzarət edən məsul vətəndaş olmalıyıq. Bizim əsas çağırışımız ondan ibarətdir ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində ictimai nəzarət daha da gücləndirilməlidir. Ümumiyyətlə, qida təhlükəsizliyi mexanizmi üç əsas tərəfdən ibarətdir. Birinci tərəf sahibkarlardır – qida məhsullarını idxal edən, istehsal edən, ictimai iaşə müəssisələrində istehlaka təqdim edən və ya ticarət şəbəkələrində satışa çıxaran şəxslər. İkinci tərəf istehlakçılardır, yəni hamımız. Üçüncü tərəf isə Qida Təhlükəsizliyi Agentliyidir. Agentlik sahibkarlarla istehlakçılar arasında münasibətləri tənzimləyən dövlət qurumudur. Buna görə də istehlakçıların ictimai nəzarəti son dərəcə vacib amildir. Mən də fürsətdən istifadə edərək bütün həmvətənlərimizə müraciət edirəm ki, hər birimiz qida təhlükəsizliyi sahəsində məsuliyyətli nəzarətçiyə çevrilək. Əgər hər hansı pozuntu və ya şübhəli halla rastlaşarlarsa, Agentliyin 1003 Çağrı Mərkəzinə müraciət edə bilərlər".

7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb

Restoran və iaşə obyektlərində keyfiyyətsiz və mənşəyi məlum olmayan ətlərin qarşısının alınması məsələsindən danışan sədr bildirib ki, AQTA-nın fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb:

"Məsələ, əslində, bundan əvvəl toxunduğumuz identifikasiya məsələsinin davamıdır. Bilavasitə identifikasiya ona görə tətbiq olunmalıdır ki, həm kəsim məntəqələrində, həm də ictimai iaşə müəssisələrində ətin üzərində effektiv nəzarəti həyata keçirmək mümkün olsun və keyfiyyətsiz, yararsız ətlər bu və ya digər yollarla ticarət şəbəkələrinə və ictimai iaşə müəssisələrinə daxil olmasın. Bu, bayaq haqqında danışdığımız identifikasiya sisteminin əsas tərkib hissələrindən biridir. Tərəfimizdən ictimai iaşə müəssisələrində mütəmadi monitorinqlər və yoxlamalar aparılır. Fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları regionda ən müasir laboratoriyalardan biridir. Bu yeganə laboratoriyadır ki, bizə 150 milyon toksik elementi təyin etmək imkanı verir. Eyni zamanda müxtəlif ət növlərinin genetik mənşəyini müəyyən edə bilirik. Bu da bizə imkan verir ki, saxtakarlıq hallarını aşkarlayaq. Məsələn, başqa mənşəli ətlər mal və ya qoyun əti adı altında məhsullara qatıldıqda bunu laborator müayinələr vasitəsilə müəyyən etmək mümkündür. Hesabat dövründə ictimai iaşə müəssisələrindən 500 kiloqrama yaxın yararsız ət dövriyyədən kənarlaşdırılıb. Bundan əlavə, laboratoriyalarımız müxtəlif məhsulların mənşəyini müəyyən etməklə yanaşı, GMO qalıqları və digər göstəricilər üzrə də ekspertizalar aparmaq imkanına malikdir".

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir

Qoşqar Təhməzli Azərbaycanda broyler toyuqlarının intensiv yetişdirilməsi üçün hormonlardan istifadə ilə bağlı iddialara da aydınlıq gətirib. O bildirib ki, bu iddialar həqiqəti əks etdirmir:

"Azərbaycanda quşçuluq sənayesi çox böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın quş qripindən azad ölkə statusuna malik olması bizə imkan verir ki, quşçuluq məhsullarımızı dünyanın bir sıra ölkələrinə ixrac edək. Eyni zamanda, bildiyiniz kimi, ölkəmiz ərzaq yumurtasının da ixracını həyata keçirir. Hesabat dövrü ərzində bu sahədə 100 milyondan çox ərzaqlıq yumurta ixrac edilib. Bu günlərdə isə Çin Xalq Respublikasının müvafiq qurumları ilə razılıq əldə olunub və Azərbaycanın quşçuluq məhsullarının Çin Xalq Respublikasına da ixracı həyata keçiriləcək.

Bəzi hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanın quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İlk növbədə qeyd etmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci vacib məqam isə ondan ibarətdir ki, qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti təmin edilir. Hormonlarla yanaşı, quşların yemində və içməli suyunda antibiotiklərin tətbiqi məsələsi də vaxtaşırı gündəmə gəlir. Bu baxımdan bizim irəli sürdüyümüz "Vahid Sağlamlıq" konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, yem təhlükəsizliyi təmin olunarsa, bu, eyni zamanda quş əti və yumurtanın da təhlükəsizliyinin təmin olunması deməkdir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatlarında dövlət nəzarəti tərəfimizdən həyata keçirilir. Bu günə qədər 100-ə yaxın quşçuluq müəssisələrində 163 dövlət nəzarəti tədbiri həyata keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib. Bununla yanaşı, 300-dən çox laborator ekspertizası aparmışıq. Qətiyyətlə demək istəyirəm ki, aparılan laborator müayinələr zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqlarının aşkarlanması faktı qeydə alınmayıb".

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb

Qoşqar Təhməzli bəzi qida məhsullarında (kolbasa-sosiska və uşaq qidaları) tərkibi ilə üzərində bəyan edilən məlumatlarda uyğunsuzluq aşkarlanması hallarından da danışıb. Onun sözlərinə görə, hər bir istehlakçı məhsulu alarkən mütləq onun qablaşdırılmasına, etiketlənməsinə və etiket üzərindəki məlumatlara diqqət yetirməlidir:

"Mən də fürsətdən istifadə edərək həmvətənlərimizə müraciət edirəm ki, bu sahədə daha fəal olsunlar. Bu, bilavasitə məhsulların satış məntəqələrində və istehsal yerlərində bütün standartlara uyğun qablaşdırılmasına, etiketlənməsinə və markalanmasına da müsbət təsir göstərir. Aparılan ekspertizalar zamanı, adını çəkdiyiniz məhsullar da daxil olmaqla, bir sıra qida məhsullarında etiket üzərində göstərilən məlumatlarla məhsulun faktiki göstəriciləri arasında uyğunsuzluqlar aşkar edirik. Bu, təbii ki, istehlakçı hüquqlarının pozulması deməkdir və belə hallarda həmin məhsullarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bu cür hallara həm idxal olunan, həm də yerli istehsal edilən məhsullar arasında rast gəlinir. Bu günə qədər Agentliyə uşaq qidaları ilə bağlı 150-yə yaxın şikayət daxil olub. Onlardan 9-u öz təsdiqini tapıb. Bu müraciətlər əsasən müxtəlif uyğunsuzluqlarla bağlı olub. Nəticədə Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb. Bunun 2 568 kiloqramı Türkiyədən, 2 400 kiloqramı Gürcüstandan, 4 435 kiloqramı isə İsveçrədən idxal olunan uşaq qidaları olub. Aparılan laborator müayinələr zamanı həmin məhsulların tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə onlar tərəfimizdən ixracatçı ölkələrə geri qaytarılıb. Müxtəlif monitorinqlər zamanı 100 kiloqramdan çox uşaq qidası insan istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və məhv edilib".

Agentlik sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri zamanı 46 müəssisədən götürülmüş 78 kolbasa və sosiska nümunəsi üzrə laborator müayinələr həyata keçirilib və nəticədə müxtəlif məhsullarda insan istehlakı üçün yararsız göstəricilər müəyyən edilib:

"Kolbasa və sosis məhsullarının üzərindəki etiket məlumatları ilə məhsulların faktiki qida dəyərləri arasında uyğunsuzluqlar da aşkarlanıb. Əsasən 10 halda məhsulun tərkibində at DNT-si aşkarlanıb. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və aidiyyəti müəssisələr barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər həyata keçirilib. Bizim cəmiyyət adətən bu məsələlərdə daha çox sanitariya tərəfinə diqqət yetirir. Amma əslində, qida təhlükəsizliyində əsas məsələ gigiyenik tənzimləmədir. Yəni insanlar daha çox hansısa istehsal müəssisəsində aparılan yoxlamaları, sanitar normaların pozulmasını görür və buna diqqət yetirirlər.

Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan nəzarət və yoxlamalardan ibarət deyil

Halbuki mən özüm də bu sahənin mütəxəssisiyəm və universitetdə qida təhlükəsizliyi üzrə dərs deyirəm. Təcrübə göstərir ki, qida təhlükəsizliyinin təxminən 80 faizi gigiyenik tənzimləmə ilə bağlıdır, cəmi 20 faizi isə sanitariya məsələlərini əhatə edir. Sadəcə, həmin 20 faiz daha çox göz önündə olduğu üçün insanlar üçün daha maraqlı görünür. Məsələn, heyvan yemlərində olan müəyyən maddələrin sonradan qida zənciri vasitəsilə insan orqanizminə, hətta ana südünə qədər təsir göstərə bilməsi "Vahid sağlamlıq" konsepsiyasının əsas prinsiplərindən biridir. Əslində, qida təhlükəsizliyi məhz budur. Qida təhlükəsizliyi yalnız müəssisələrdə aparılan nəzarət və yoxlamalardan ibarət deyil. Əsas məqsəd elə bir sistem qurmaqdır ki, nəticədə istehlak etdiyimiz məhsul insan sağlamlığı üçün təhlükəli olmasın. Buna görə də nəzarət sistemi qida zəncirinin bütün mərhələlərini – ilkin istehsaldan başlayaraq son istehlakçıya qədər olan prosesi tam şəkildə əhatə etməlidir.

Qida təhlükəsizliyi heyvan yemindən başlayaraq insanın süfrəsinə qədər olan bütün zənciri əhatə edir. Heyvan yemi də qida zəncirinin bir hissəsidir və təhlükəli məhsul hesab oluna bilər. Məsələn, heyvan yemində aflatoksinlər olarsa, onlar heyvanın orqanizmində toplanır və sonradan süd vasitəsilə insana ötürülə bilir. Məhz buna görə də südün tərkibində aflatoksinin yol verilən miqdarı normativlərlə tənzimlənir. Fəaliyyətimizin əsas hissəsini də məhz bu cür görünməyən, lakin çox vacib istiqamətlər təşkil edir. Sadəcə, kütləvi informasiya vasitələri daha çox işin sanitariya tərəfinə diqqət yetirirlər. Məsələn, ictimai iaşə müəssisələrində aşkar olunan pozuntular, istehsal müəssisələrində aparılan yoxlamalar ictimailəşdirilir. Amma bu işin görünməyən, lakin ən mühüm hissəsi gigiyenik tənzimləmənin təmin edilməsidir.

Məsələn, əgər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi zamanı pestisidlər düzgün tətbiq olunmayıbsa, həmin məhsul artıq təhlükəli hesab olunur. Sonradan o məhsul ən müasir istehsal müəssisəsində emal edilsə, yüksək standartlarla qablaşdırılsa və bütün sanitariya qaydalarına əməl olunsa belə, tərkibində olan pestisid qalıqlarını aradan qaldırmaq mümkün deyil. Qida təhlükəsizliyinin əsas mahiyyəti də elə budur. Bizim bəhs etdiyimiz "Vahid sağlamlıq" konsepsiyası məhz bu prinsiplərə əsaslanır.

Məsələn, quşçuluq məhsulları ilə bağlı verdiyiniz sualda qeyd etdiyiniz antibakterial preparatlar son nəticədə insanın istehlak etdiyi qida məhsullarında da özünü göstərə bilər. Bu isə antimikrob rezistentliyin yaranmasına səbəb olur. Bir çox hallarda valideynlər şikayət edirlər ki, uşağın qızdırması var, antibiotik qəbul edir, lakin təsir etmir. Belə hallarda təkcə dərmanın keyfiyyətini deyil, eyni zamanda qida zənciri vasitəsilə orqanizmə antibakterial preparat qalıqlarının daxil olub-olmadığını da nəzərə almaq lazımdır. Bu məsələnin çox böyük əhəmiyyəti var".

Heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək

AQTA sədri bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib:

"Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq. Agentlikdə idxal və ixrac sahəsində rəqəmsallaşma artıq 100 faiz təmin edilib. Digər istiqamətlərdə isə rəqəmsallaşma səviyyəsi 94 faizi ötüb. Bu proses tam başa çatdıqdan və heyvanların identifikasiyası yekunlaşdıqdan sonra məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları tətbiq edilsin. Belə olan halda alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək".

Ərzaq bazarlarında vəziyyət ürəkaçan deyil

Qoşqar Təhməzlinin sözlərinə görə, ərzaq bazarlarında isə ümumilikdə 84 ərzaq bazarında yoxlama aparılıb. Onlardan 17 ərzaq bazarında aşkar edilmiş nöqsanlar tam aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri həyata keçirilib:

"Səkkiz bazarda nöqsanlar qismən aradan qaldırılıb. Digər 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində işlər hazırda davam etdirilir. Fürsətdən istifadə edərək bazar sahiblərinə və rəhbərlərinə müraciət etmək istəyirik ki, mövcud nöqsanları ən qısa zamanda aradan qaldırsınlar. Əks təqdirdə, heyvan bazarlarında tətbiq etdiyimiz yanaşmada olduğu kimi, həmin obyektlərdə də dövlət nəzarəti tədbirləri həyata keçiriləcək və sağlamlaşdırma işlərinin icrasına ciddi nəzarət olunacaq".

Özəl bağçalarda qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil

Məktəb və uşaq bağçalarında qida zəhərlənmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdən danışan AQTA sədri deyib ki, özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib:

"Məktəb və bağçalarda qida təhlükəsizliyi sahəsində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Həm məktəbəqədər təhsil müəssisələrində, həm də ümumi təhsil müəssisələrində tərəfimizdən mütəmadi monitorinqlər aparılır. Həm məktəblərdə, həm də məktəbəqədər təhsil müəssisələrində tərəfimizdən geniş maarifləndirmə işləri həyata keçirilir. Həmin müəssisələrdə qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə məsul şəxslər müəyyən edilib, onlara müvafiq təlimlər keçirilib və qida təhlükəsizliyi ilə bağlı zəruri təlimatlar verilib. Təəssüflər olsun ki, özəl uşaq bağçalarında qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil. Özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib. Daha dəqiq desək, yoxlanılan 107 uşaq müəssisəsinin 88-də müxtəlif qanun pozuntuları müəyyən olunub.

Aşkar edilmiş nöqsanlar arasında istifadə müddəti bitmiş ərzaq məhsullarından istifadə, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması, qida məhsullarının saxtalaşdırılması halları, eləcə də kərə yağı adı altında bitki mənşəli yağların uşaqlara təqdim edilməsi kimi ciddi pozuntular var. Bundan əlavə, müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətlə bağlı da ciddi çatışmazlıqlar qeydə alınıb. Fürsətdən istifadə edərək özəl uşaq bağçalarının rəhbərlərinə də müraciət etmək istəyirik. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam qidalanmasının təmin olunması hər bir müəssisənin və hər bir fərdin məsuliyyətidir. Buna görə də qidaların təhlükəsizliyi, saxlanma şəraiti və qidalanma rejiminin təşkilinə, eləcə də keyfiyyət və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Əks halda, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müəssisələr barəsində müvafiq tədbirlər görüləcək".

Ən çox saxtalaşdırılan məhsullar: Spirtli içkilər, bal, kürü və “kənd toyuğu”

Qoşqar Təhməzli Azərbaycanda ən çox saxtalaşdırılan məhsulları da açıqlayıb:

"Dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir. Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Eyni zamanda, qida məhsullarının saxtalaşdırılması halları da kifayət qədər çoxdur. Hazırda xüsusilə qara kürünün saxtalaşdırılması ilə bağlı hallara tez-tez rast gəlirik. Bu sahədə əsasən iki növ saxtalaşdırma müşahidə olunur. Birinci halda müxtəlif mənşəli qara kürü Azərbaycan nərə balığına məxsus kürü kimi qablaşdırılır və istehlakçı aldadılır. Yəni mənşəyi başqa ölkə olan məhsul Azərbaycan nərə balığının kürüsü kimi təqdim edilir. İkinci istiqamət isə süni kürü ilə bağlıdır. Burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, süni kürünün istehsalı və ya ölkəyə idxalı qadağan deyil. Bu, qanunvericiliyə uyğun qida məhsuludur. Sadəcə, məhsul öz adı ilə – yəni "süni kürü" kimi satışa çıxarılmalıdır. Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə restoran və şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii qara kürü adı altında təqdim edilir. Bu halın insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür".

4 tona yaxın saxta bal aşkarlanıb

AQTA sədrinin sözlərinə görə, 163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirilib, göstəriciləri müəyyən edilib, dövriyyədən çıxarılaraq məhv olunub:

"Bal məhsulları ilə bağlı da qeyd etdiyim kimi, Agentlik tərəfindən təxminən 4 tona yaxın saxta bal aşkarlanıb və 2 tona yaxını məhv edilib. Qara kürü ilə bağlı isə qeyd etdiyim iki istiqamət üzrə ümumilikdə 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilib və tərəfimizdən həmin halların qarşısı alınıb.

Saxtalaşdırma hallarından biri də kənd toyuğu adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır. Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd sarı rəngə boyanır və məhsul kənd toyuğu kimi istehlakçılara təqdim olunur. Bu cür halların da qarşısının alınması istiqamətində Agentlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir".

İdxal olunan bəzi enerji içkilərində sağlamlıq üçün təhlükəli maddələr aşkarlanır

Qoşqar Təhməzli, həmçinin enerji içkiləri, bioloji aktiv qida məhsulları və idman qidaları barədə fikirləri də bölüşüb. O, vətəndaşlara enerji içkilərindən uzaq durmağı tövsiyə edib:

"Enerji içkiləri ilə bağlı mövqeyimiz birmənalıdır. Enerji içkiləri insan sağlamlığı üçün zərərli məhsullardır. Buna görə də vətəndaşlara tövsiyəmiz odur ki, bu cür içkilərdən mümkün qədər uzaq dursunlar. Əgər istifadə olunursa da, bu istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Enerji içkiləri ilə bağlı diqqətə çatdırmaq istədiyim digər mühüm məqam ondan ibarətdir ki, bəzi hallarda ölkəyə idxal olunan enerji içkilərinin etiket məlumatları ilə məhsulun faktiki tərkibi arasında ciddi uyğunsuzluqlar aşkar edilir. Təəssüf ki, müxtəlif ölkələrdən idxal olunan bəzi enerji içkilərində sağlamlıq üçün təhlükəli maddələr müəyyən olunub. Tərəfimizdən aparılan ekspertizalar nəticəsində həmin məhsulların bir hissəsi geri qaytarılıb, digər hissəsi isə qanunvericiliyə uyğun olaraq məhv edilib.

Enerji içkiləri ilə bağlı müvafiq norma və qaydalar hazırlanıb. Monitorinqlər zamanı müəyyən etmişik ki, bəzi enerji içkisi olmayan məhsulların qablaşdırılmasında enerji mənbəyini ifadə edən yazı və işarələrdən istifadə olunur. Bu isə istehlakçılarda yanlış təsəvvür yaradır və məhsulun enerji içkisi kimi qəbul edilməsinə səbəb olur. Bununla bağlı həm Agentlik, həm də digər aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür".

Həkimin reseptə bioloji aktiv qida məhsulu yazması qanun pozuntusudur

Sədr bioloji aktiv qida məhsulları ilə bağlı xüsusi bir məqama da toxunub. O qeyd edib ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil. Buna görə də onların həkimlər tərəfindən dərman kimi reseptlə yazılması qanunvericiliyin tələblərinin pozulması hesab olunur:

"Vətəndaşlarımızdan xahiş edirik ki, belə hallarla qarşılaşdıqları təqdirdə bu barədə mütləq Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. Eyni zamanda, bioloji aktiv qida məhsulları qidanı da əvəz etmir. Adından da göründüyü kimi, onlar yalnız qidaya əlavə kimi istifadə olunmalıdır. İdxal zamanı aparılan ekspertizalar göstərir ki, bioloji aktiv qida məhsullarının etiketlərində göstərilən inqrediyentlər bir çox hallarda məhsulun faktiki tərkibi ilə uyğun gəlmir. Məsələn, etiketdə müxtəlif vitamin və mineralların müəyyən miqdarda olduğu göstərilsə də, laborator analizlər zamanı bu göstəricilərdə ciddi uyğunsuzluqlar aşkarlanır. Belə məhsullar qanunvericiliyə uyğun olaraq ya geri qaytarılır, ya da müvafiq qərarla məhv edilir.

Bioloji aktiv qida məhsulları ilə bağlı digər mühüm yenilik ondan ibarətdir ki, bu məsələ "Qida təhlükəsizliyi haqqında" Qanunda da öz əksini tapıb. Yeni tələblərə əsasən, həmin məhsullar dövlət qeydiyyatından keçmədən Azərbaycan Respublikasına idxal edilə bilməz. Bundan əlavə, yalnız mənşə ölkəsində rəsmi dövriyyədə olan və qanuni istifadəsinə icazə verilən bioloji aktiv qida məhsulları ölkəmizdə dövlət qeydiyyatına alınaraq idxal oluna bilər".

İdman qidaları sağlamlıq üçün ciddi risklər yarada bilər

AQTA sədrinin sözlərinə görə, dövlət qeydiyyatından keçməyən məhsullardan istifadə insan sağlamlığı üçün ciddi risk yarada bilər:

"İdman qidalarından danışdıqda isə fürsətdən istifadə edərək bu kampaniyaya dəstək verən idmançılarımıza da təşəkkürümü bildirmək istəyirəm. Sevindirici haldır ki, bir sıra Olimpiya, dünya və Avropa çempionlarımız da bu təşəbbüsə qoşuldular. Onların iştirakı kampaniyanın təsir gücünü artırdı və daha geniş auditoriyaya çatmasına töhfə verdi. Bu məhsullar əsasən şəxsi istifadə məqsədilə idxal olunsa da, sonradan onların qanunsuz şəkildə satışa çıxarıldığı müəyyən edildi. Bununla bağlı tərəfimizdən aidiyyəti dövlət qurumlarına müraciət olundu və onların dəstəyi nəticəsində həmin halların qarşısı alındı.

Bir daha vurğulamaq istəyirəm ki, idman qidalarından, xüsusilə də dövlət qeydiyyatından keçməyən məhsullardan istifadə insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu baxımdan, kampaniyanın bir hissəsi olaraq dəyərli idmançılarımızın çağırışına qoşulur və vətəndaşlara müraciət edirəm ki, təhlükəsizlik və keyfiyyət göstəriciləri dövlət nəzarəti orqanları tərəfindən qiymətləndirilməyən, dövriyyəsinə və satışına icazə verilməyən məhsulların istifadəsindən uzaq dursunlar. Belə məhsullar sağlamlıq üçün ciddi təhlükə mənbəyidir".

Palma yağı bazarda digər yağları sıxışdırdığı üçün “zərərlidir” mifi yaradılır

Qoşqar Təhməzli bazarlarda kərə yağı adı ilə satışa çıxarılan yağlarda bitki tərkibli yağlardan, palma yağı və saxta kərə yağları ilə bağlı nəzarət tədbirlərindən də danışıb. O qeyd edib ki, palma yağı düşünüldüyü qədər təhlükəli məhsul deyil:

"Ölkəyə idxal olunan yağlarda keyfiyyət və kəmiyyət göstəricilərinin normadan kənara çıxması, eləcə də saxtalaşdırma hallarının aşkar edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. İdxal olunan bütün qida məhsulları kimi, yağlar da xüsusi dövlət nəzarəti altındadır. Yüksək riskli məhsullar hesab edildiyi üçün onların bütün partiyaları müvafiq yoxlamalara cəlb olunur. Palma yağı əsasən iki ölkədə - Malayziya və İndoneziyada istehsal olunur. Azərbaycana isə bu məhsul İndoneziya, Malayziya, Rusiya, Ukrayna və Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən idxal edilir. Həmin məhsulların hamısı idxal zamanı dövlət nəzarətinə cəlb olunur. Əvvəlcə palma yağı ilə bağlı bir məqama diqqətinizi çatdırmaq istərdim. Cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb. İnsanlarda belə bir fikir var ki, palma yağı digər bitki yağları ilə müqayisədə daha təhlükəlidir. Əslində isə bu, belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı yağdır. Palma yağı əsasən palma meyvəsinin lətli hissəsindən və çəyirdəyindən əldə olunur. Onun digər bitki yağlarından üstün cəhəti odur ki, xüsusilə qənnadı məhsullarının istehsalında istifadə olunan yağların qatı olması tələb edilir. Palma yağı təbii olaraq qatı yağ olduğuna görə əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır".

AQTA sədri vurğulayıb ki, toksik elementlər deyiləndə daha çox "trans yağlar" nəzərdə tutulur. O bildirib ki, "trans yağlar" adı altında tanınan yağlarla bağlı məsələ Azərbaycanda qanunvericiliklə tənzimlənir:

"Avropa Birliyi ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsullarında "trans yağlar"ın miqdarının 2 faizə qədər olmasına icazə verilir. Dünyada istehsal olunan qida məhsullarının təxminən 35 faizində palma yağından istifadə olunur. Palma yağı təbii olaraq qatı yağ olduğu və əlavə qatılaşdırma prosesindən keçməyə ehtiyac duymadığı üçün istehsal xərcləri azalır. Məhz buna görə palma yağı bazarda bir çox digər bitki yağlarını sıxışdırıb çıxarır. Nəticədə qarğıdalı və günəbaxan yağı istehsal edən bəzi müəssisələr, eləcə də müxtəlif ölkələrdə bu sahədə fəaliyyət göstərən bəzi mütəxəssislər kütləvi informasiya vasitələrində palma yağı ilə bağlı mənfi məlumatlar yayıblar. Halbuki, palma yağında da digər bitki mənşəli yağlarda olduğu kimi, əsas diqqət çirkləndiricilərin göstəricilərinə və trans yağların miqdarına yetirilməlidir. Ticarət şəbəkələrində də 73 halda kərə yağlarının ekspertizası keçirilib, altısının tərkibində istifadəsinə icazə verilməyən yağ turşuları aşkarlanıb".

62440 kq yağ sabun istehsalına yönəldilib

Onun sözlərinə görə, daxil olmuş şikayətlərlə bağlı 17 emal müəssisəsində, 45 ticarət obyektində yoxlamalar keçirilib. 43 nümunə götürülərək tərkib göstəricilərinə görə ekspertizaya cəlb olunub.

"13-də yağ tərkibinə görə uyğunsuzluq aşkarlandığına görə, tərəfimizdən lazımi tədbirlər həyata keçirilib. İndiyə qədər tərəfimizdən 6390 kiloqram yağ məhv edilib, 62 440 kiloqram məhsul isə insan qidası üçün yararsız hesab olunaraq utilizasiyaya göndərilib. Sahibkara qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhsuldan sabun istehsalında istifadəyə icazə verilib. Eyni zamanda, spred yağları ilə bağlı 113 nümunə götürülərək trans yağların göstəricilərinin müəyyən edilməsi məqsədilə ekspertizaya cəlb olunub".

Azərbaycanın 4 mindən artıq ştammdan ibarət bioloji ehtiyatı var

Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və baytarlıq nəzarəti məsələlərindən danışan Qoşqar Təhməzli bildirib ki, heyvan xəstəliklərinə dövlət nəzarətinin effektiv şəkildə həyata keçirilməsi ölkədə qida təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biridir:

"Azərbaycanda xüsusi təhlükəli heyvan xəstəliklərinin ştamlarından ibarət milli kolleksiya yaradılıb və bu kolleksiya Qida Təhlükəsizliyi İnstitutunda qorunub saxlanılır. Hazırda institutda müxtəlif ştamlar, hüceyrə kulturaları və patoloji materiallar mühafizə olunur. Bunlar Azərbaycanın mühüm bioloji ehtiyatını təşkil edir. Bu ehtiyatın əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə yeni vaksinlərin və baytarlıq preparatlarının hazırlanmasında, eləcə də hər hansı xəstəliyin baş verməsi zamanı onun mənbəyinin müəyyənləşdirilməsində və xəstəliyə qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda bu kolleksiyada 4 mindən artıq ştamm mövcuddur. Gələcəkdə həmin bioloji materiallardan yeni baytarlıq preparatlarının və vaksinlərin hazırlanması üçün istifadə olunacaq".

AQTA sədrinin sözlərinə görə, heyvan sağlamlığının qorunması baxımından ən vacib məsələlərdən biri də ölkədə vaksinasiya prosesinin baytarlıq-sanitariya qaydalarına tam uyğun şəkildə həyata keçirilməsidir:

"Burada xüsusi diqqət yetirilməli məqamlardan biri vaksinlərin saxlanılması və daşınması zamanı "soyuq zəncir" prinsiplərinə ciddi əməl edilməsidir. Vaksinlər ucqar kəndlərə və yaşayış məntəqələrinə daşınarkən temperatur rejimi qorunmalı, bu qaydalara ciddi riayət olunmalıdır. Çünki əks halda həmin vaksin öz keyfiyyət göstəricilərini itirir. Eyni zamanda heyvanların vaksinasiyası zamanı bütün o gigiyenik qaydalara da əməl olunmalıdır, hansı ki, məsələn, eyni bir şprisdən bir neçə heyvanın vaksinasiya olunması bir xəstə heyvanın digər heyvanlara da xüsusi təhlükəli xəstəliyin keçməsinə gətirib çıxarda bilər. Və vacib məqamlardan biri də həmin vaksinlərin tətbiq olunan zamanı heyvanların özünün sağlamlıq vəziyyətinə baxılmasıdır. Çünki yalnız sağlamlıq vəziyyəti yol verən heyvanların vaksinasiyası həyata keçirilməlidir. Və identifikasiya da bizə onu izləməyə imkan verəcəkdir ki, heyvanlar vaksinasiya olunubmu, olunubsa hansı səviyyədə olunub və vaksinasiyanın bəlli bir müddəti gözlənilmədən həmin heyvanların kəsimə verilməsinin qarşısı alınacaq".

İlin sonuna qədər Azərbaycan ilk vaksinini istehsal edəcək

"Qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan ən mühüm tədbirlərdən biri işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyindən azad zonaların yaradılmasıdır. Bu məqsədə nail olacağımız təqdirdə həmin zonalarda qeydiyyata alınmış təsərrüfatlarda dabaq əleyhinə vaksinasiya aparıldıqdan sonra istehsal olunan heyvandarlıq məhsullarının dünyanın müxtəlif ölkələrinə ixracı mümkün olacaq. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək yerli baytarlıq vaksininin istehsalına başlanılması planlaşdırılır. Bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir.

“Rabisafe” adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun Qubadakı istehsal müəssisəsində hazırlanır. İnşallah, gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçirəcək. Bu məqsədlə, xüsusilə vəhşi heyvanlar üçün aldatıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan, gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur. Gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların da istehsalı nəzərdə tutulur", - Qoşqar Təhməzli bildirib.

Qida təhlükəsizliyinə görə 100 faiz məsuliyyət AQTA-nın yox, sahibkarın üzərindədir

AQTA sədri vətəndaş şikayətləri əsasında aşkarlanan nöqsanlardan danışarkən vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən etibarən vətəndaş fəallığında ciddi artım müşahidə olunur. Onun sözlərinə görə, ötən dövr ərzində Agentliyə 350 mindən çox müraciət daxil olub:

"Bu müraciətlər arasında sorğu, məlumat, şikayət və digər xarakterli müraciətlər üstünlük təşkil edir. Bu isə çox mühüm göstəricidir. Çünki vətəndaşların ictimai nəzarətdə fəal iştirakı artdıqca, sahibkar da öz məsuliyyətini daha dərindən hiss edir. Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Qida təhlükəsizliyinə görə 100 faiz məsuliyyət sahibkarın üzərindədir. Bəzən kütləvi informasiya vasitələrində elə təəssürat yaradılır ki, sanki bütün məsuliyyət nəzarət orqanının üzərinə düşür. Hətta bununla bağlı müxtəlif rubrikalar da hazırlanır və bütün diqqət nəzarət orqanına yönəldilir. Halbuki, Qida Təhlükəsizliyi Agentliyi nəzarət və tənzimləyici funksiyanı həyata keçirən qurumdur. Qida məhsulunun təhlükəsizliyinə və keyfiyyətinə görə əsas məsuliyyət isə sahibkarın üzərindədir. İctimaiyyət də ilk növbədə bunu sahibkardan tələb etməlidir. Çünki sahibkar qida zəncirinin bütün mərhələlərində – istehsaldan emala, saxlanmadan satışa qədər – məhsulun təhlükəsizliyinə və keyfiyyətinə cavabdehdir. O, qanunvericilikdə nəzərdə tutulmuş bütün sanitar norma və qaydalara əməl etməli, istehlakçıya təhlükəsiz və keyfiyyətli məhsul təqdim etməlidir".

Elmi əsası olmayan, öz fikirləri əsasında proqram yazan “diyetoloqlar”la bağlı vəziyyət nəzarətə götürüləcək

Qoşqar Təhməzli vətəndaşlara sağlam qidalanma ilə bağlı tövsiyələrini bölüşərkən vurğulayıb ki,diet proqramları və özünü dietoloq kimi təqdim edənlərə qarşı ehtiyatlı olmaq lazımdır:

"Qlobal miqyasda sağlam və normalaşdırılmış qidalanma ilə bağlı fəaliyyətlər genişlənməkdədir. Xüsusilə burada diyetoloqların fəaliyyətini vurğulamaq istəyirəm. Təəssüflə qeyd etməliyəm ki, bəzi hallarda diyetoloqlar tərəfindən tövsiyə olunan qidalanma rasionlarına baxdıqda görürük ki, onlar heç bir elmi əsasa söykənmir, insanın biokimyəvi göstəricilərinə və fizioloji vəziyyətinə uyğun tərtib edilmir, əksinə, həmin şəxslərin subyektiv yanaşmaları əsasında formalaşdırılır. Bu isə təbii olaraq insanların sağlamlığına mənfi təsir göstərir. Biz bu məsələni səhiyyə sahəsindəki həmkarlarımızla müzakirə etmişik və qarşıdakı dövrdə bununla bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Çünki qidalanma sahəsində diyetologiya ilə yanaşı, nutrisiologiya adlanan mühüm bir istiqamət də mövcuddur və sağlam qidalanmanın insan həyatındakı rolu olduqca böyükdür".

AQTA sədrindən müraciət: Şəkər istifadəsini minimuma endirin

Qoşqar Təhməzli, həmçinin şəkər istifadəsi ilə bağlı da bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, gündəlik qidalanmada şəkərli məhsulları da minimuma endirməkdə fayda var:

"Burada iki anlayışı fərqləndirmək lazımdır: təhlükəsiz qida və sağlam qida. Qida təhlükəsiz ola bilər, lakin sağlam olmaya bilər. Biz dövlət nəzarəti zamanı qida məhsullarında minimum təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət edirik. Bununla yanaşı, əhali arasında sağlam qidalanmanın təşviqini də həyata keçiririk. Məsələn, "Şəkəri azalt, ömrünü uzat" adlı kampaniya keçirmişdik və həmin kampaniyaya bir çox dövlət qurumları, ictimai fəallar və vətəndaşlar qoşulmuşdu. İnsan orqanizmi üçün sağlam qidalanma balanslı olmalıdır. Gündəlik qida rasionunda karbohidratlar, zülallar və yağlar mütləq balanslı şəkildə qəbul edilməlidir. Bu gün artıq hər bir vətəndaş bilir ki, hansı məhsullarda karbohidrat, hansı məhsullarda zülal və hansı məhsullarda yağ mövcuddur.

Fürsətdən istifadə edərək həmvətənlərimizə müraciət etmək istəyirəm ki, şəkərli qida və içkilərin qəbulunu minimuma endirsinlər. Xüsusilə işlənmiş, rəf ömrü uzadılmış və konservləşdirilmiş qidalar gündəlik rasionda mümkün qədər az yer tutmalıdır. Bu məsələyə xüsusilə uşaqların və hamilə qadınların qidalanmasında diqqət yetirilməlidir. Çünki sağlam qidalanma gələcək nəslin sağlam formalaşmasında mühüm rol oynayır. Bundan əlavə, əhali arasında su qəbulu ilə bağlı da müəyyən yanlış təsəvvürlər mövcuddur. Bəzi mənbələrdə hər kəsin gün ərzində mütləq 2-3 litr su içməli olduğu qeyd edilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, insan orqanizmi susuzluq hissi vasitəsilə bu ehtiyacı özü tənzimləyir. İnsan susadıqda orqanizmin ehtiyac duyduğu qədər su qəbul etməlidir. Həddindən artıq maye qəbulu isə orqanizm üçün vacib olan bəzi mineral və digər maddələrin bədəndən xaric olunmasına səbəb ola bilər ki, bu da əksinə, sağlamlığa mənfi təsir göstərər. Ona görə də əsas prinsip balanslaşdırılmış qidalanmaya riayət etməkdir".

Qida təhlükəsizliyi sahəsində kadr çatışmazlığı var

AQTA sədri qida təhlükəsizliyi sahəsində çatışmazlıqlardan da söz açıb və qeyd edib ki, bu sahədə kadr çatışmazlığı var. O, gənclərə ixtisas seçimində bu sahəyə yönəlməyi tövsiyə edib:

"Qida təhlükəsizliyi sahəsində çatışmazlıq kimi birinci vacib məqam olaraq kadr hazırlığını qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək gənclərimizə də müraciət etmək istəyirəm ki, qida təhlükəsizliyi ölkəmiz üçün ən vacib sahələrdən biri olmaqla yanaşı, həm də çox perspektivli və maraqlı bir istiqamətdir. Bu elə bir sahədir ki, insan doğulduğu gündən ömrünün sonuna qədər gündə bir neçə dəfə qida qəbul edir. Bu baxımdan gənclərimizə tövsiyə edirəm ki, ixtisas seçimi zamanı qida təhlükəsizliyi sahəsinə xüsusi diqqət yetirsinlər. Hazırda bizim ən böyük problemlərimizdən biri məhz bu sahədə peşəkar mütəxəssis çatışmazlığıdır. İkinci vacib məsələ qida məhsullarının izlənmə sisteminin tam formalaşmamasıdır. Bunun həlli üçün əsas vasitələrdən biri bayaq da qeyd etdiyimiz identifikasiya sistemidir. Həmin sistem tam tətbiq olunduqdan sonra qida məhsullarının izlənməsi daha mükəmməl şəkildə təmin ediləcək.

Üçüncü mühüm məqam isə ictimai nəzarətin kifayət qədər güclü olmamasıdır. Təəssüf ki, vətəndaşlarımız həm ticarət şəbəkələrində, həm də ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi ilə bağlı ictimai nəzarətdə lazımi səviyyədə iştirak etmirlər. Fürsətdən istifadə edərək bir daha müraciət etmək istəyirəm ki, hər bir Azərbaycan vətəndaşı müəyyən mənada qida təhlükəsizliyi nəzarətçisi olmalıdır. Onlar alış-veriş edərkən və ya ictimai iaşə müəssisələrində qida qəbul edərkən hər hansı nöqsan aşkar etdikdə bunu aidiyyəti qurumlara bildirməlidirlər. İctimai nəzarət gücləndikcə sahibkarların məsuliyyəti də artacaq".

Qoşqar Təhməzli qeyd edib ki, digər vacib istiqamətlərdən biri heyvan sağlamlığının təmin edilməsidir:

"Bildiyiniz kimi, heyvan sağlamlığı qida təhlükəsizliyinin əsas sütunlarından biridir. Bayaq da qeyd etdiyimiz kimi, qida təhlükəsizliyinin əsas məqsədlərindən biri məhsuldarlığın artırılmasıdır. Əgər heyvan sağlamlığı yüksək səviyyədə təmin olunarsa, xüsusi təhlükəli xəstəliklərin yayılması azalacaq, heyvan tələfatı, çəki itkisi və süd məhsuldarlığının azalması kimi hallar minimuma enəcək. Bu isə nəticə etibarilə məhsuldarlığın artmasına səbəb olacaq.

Eyni yanaşmanı bitki sağlamlığına da aid etmək olar. Bitki sağlamlığı sahəsində də yeni nəsil bakteriya və viruslara qarşı vaxtında və effektiv tədbirlərin görülməsi vacibdir. Eyni zamanda sahibkarlarımız öz nəzarətlərində olan təsərrüfatlarda zərərvericilərə qarşı bütün zəruri fitosanitar tədbirləri həyata keçirməlidirlər. Bunu nümunə kimi qəhvəyi mərmər bağacığı zərərvericisinin timsalında göstərə bilərik. Bildiyiniz kimi, bu zərərverici 300-ə yaxın bitki növü ilə qidalanır və xüsusilə fındıq bağlarına ciddi ziyan vura bilir. O, ABŞ-da, qonşu Türkiyədə və Gürcüstanda fındıq plantasiyalarına böyük zərər vurub. Bu isə təbii olaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölkəmizdə hökumət tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində həmin təhlükəli zərərvericinin yayılmasına qarşı effektiv mübarizə aparılır".

AQTA sədrindən sahibkarlara çağırış: Yeni bazarlara üz tutun

"Digər mühüm məsələ ixracın şaxələndirilməsidir. Biz istəyirik ki, sahibkarlarımız məhsullarını yalnız ənənəvi bazarlara deyil, yeni bazarlara da çıxarsınlar. Hazırda Azərbaycan öz kənd təsərrüfatı və qida məhsullarını 70-dən çox ölkəyə ixrac edir. Bunun üçün zəruri hüquqi və texniki baza yaradılıb, həmin ölkələrlə qarşılıqlı razılaşmalar əldə olunub, baytarlıq və fitosanitar sertifikatlar razılaşdırılıb, məhsullarımızın keyfiyyət və təhlükəsizlik göstəriciləri idxalçı ölkələrin tələblərinə uyğunlaşdırılıb. Lakin təəssüf ki, bəzi sahibkarlarımız məhsullarını əsasən müəyyən istiqamətlərə ixrac etməyə üstünlük verirlər. Hesab edirəm ki, ixracın şaxələndirilməsi həm yeni bazarlara çıxış, həm də daha əlverişli qiymətlərlə satış imkanlarının yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də bunun üçün bütün zəruri şərait yaradılır. Məsələn, bu yaxınlarda Çin Xalq Respublikasına səfərimiz zamanı bir sıra məhsulların ixracı ilə bağlı razılaşmalar əldə olunub. Belə ki, fındıq, badam, bütün quşçuluq məhsulları, akvakultura təsərrüfatlarında yetişdirilən balıq və balıq məhsulları, eləcə də bir sıra bitkiçilik məhsullarının Çinə ixracı ilə bağlı razılıq əldə edilib. Bununla yanaşı, digər kənd təsərrüfatı məhsullarının da ixracına dair danışıqlar davam etdirilir. Fürsətdən istifadə edərək sahibkarlarımıza müraciət etmək istəyirəm ki, formalaşmış vərdişləri dəyişsinlər, yeni bazarlara üz tutsunlar. Hansı bazarlarda təhlükəsizlik tələbləri və ixrac prosedurları ilə bağlı dövlət dəstəyinə ehtiyac olarsa, biz ixrac potensialının artırılması istiqamətində bütün zəruri dəstəyi göstərməyə hazırıq", - sədr əlavə edib.

AQTA-nın fəaliyyətində ən mühüm istiqamətlərdən biri təhsil müəssisələrində qidalanma norma və qaydalarının hazırlanmasıdır

AQTA sədri agentliyin fəaliyyətində ən diqqətçəkən məqamlardan biri kimi sosialyönümlü müəssisələrdə qida normalarının hazırlanmasını misal çəkib:

"Bizim fəaliyyətimizə qiyməti ilk növbədə ictimaiyyət verməlidir. Biz hesab edirik ki, öz fəaliyyətimizi özümüzün qiymətləndirməsi doğru olmaz. Bununla belə, fəaliyyətimiz dövründə həyata keçirilən və xüsusilə önə çıxan bir neçə mühüm istiqaməti qeyd etmək istərdim. Bunlardan bəlkə də ən vacibi təhsil müəssisələrində və sosialyönümlü müəssisələrdə qidalanma norma və qaydalarının hazırlanaraq qüvvəyə minməsidir. Hər iki sənəd hazırlanarkən beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb, dünyanın qabaqcıl təcrübəsi, sanitar-gigiyenik norma və qaydalar, eləcə də elmi araşdırmalar əsas götürülüb. Bu sənədlərin hazırlanması üzərində təxminən beş il ərzində ciddi iş aparılıb. Bu prosesdə digər dövlət qurumları da bizə yaxından dəstək göstərib və nəticədə qeyd etdiyimiz norma və qaydalar artıq qüvvəyə minib.

Bu sənədlər məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, eləcə də sosialyönümlü müəssisələrdə qidalanmanın təşkilində mühüm əhəmiyyət daşıyır. Çünki burada müəyyən edilmiş qida rasionları böyüməkdə olan nəslin sağlam inkişafına, fiziki və idraki formalaşmasına xidmət edən müasir elmi yanaşmalar əsasında hazırlanıb. Artıq bu ildən etibarən həmin norma və qaydalar tətbiq edilir və adıçəkilən müəssisələrdə qidalanma yeni qida rasionlarına uyğun təşkil olunur".

AQTA sədri ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə qida təhlükəsizliyinin təmin olunmasından da danışıb. O bildirib ki, bu tədbirlər zamanı qida təhlükəsizliyi ilə bağlı xüsusi nəzarət mexanizmi işə düşür:

"Həmin tədbirlər hamıya məlumdur, adlarını sadalamaq istəmirəm. Keçirilən beynəlxalq tədbirlər ölkəmizə çoxsaylı xarici qonaqların gəlməsi ilə müşayiət olunur. Belə hallarda qida təhlükəsizliyi ilə bağlı xüsusi nəzarət mexanizmi işə düşür. Həmin dövrdə qonaqlarımızın yerləşdiyi otellərdə, tədbir məkanlarında, eləcə də on minlərlə insanın qidalandığı ictimai iaşə obyektlərində nəzarət tədbirləri gücləndirilir. Eyni zamanda, qonaqlarımız Azərbaycanda olduqları müddətdə üz tutduqları müxtəlif ictimai iaşə müəssisələrində də qida təhlükəsizliyi ilə bağlı ciddi nəzarət həyata keçirilir. Bununla əlaqədar Agentliyin iş rejimi həmin dövr üçün tamamilə xüsusi iş rejiminə keçirilir və gücləndirilmiş nəzarət sistemi tətbiq olunur. Həm stasionar qaydada, həm də səyyar şəkildə qonaqların yerləşdiyi otellərdə, ictimai iaşə müəssisələrində və tədbir məkanlarında mütəmadi ekspertizalar aparılır.

İstifadə olunacaq qida məhsullarından həm çiy, həm də bişmiş halda nümunələr götürülür. Laborator müayinələrin nəticələri müsbət olduqdan və məhsulların təhlükəsizliyi təsdiqləndikdən sonra onların istifadəsinə icazə verilir. Bununla yanaşı, tədbir boyu Agentliyin mütəxəssislərinin iştirakı ilə qida təhlükəsizliyinə davamlı nəzarət həyata keçirilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti