Bakı. Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı genişləndirməyə hazırdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal Bakıda keçirilən İdarəedicilər Şurasının 28-ci illik iclasında deyib.
Onun sözlərinə görə, son onilliklər ərzində Azərbaycan dinamik iqtisadiyyata, güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik ölkəyə çevrilib.
"Bu gün Azərbaycan təkcə aparıcı enerji istehsalçılarından biri deyil, həm də Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən strateji nəqliyyat-logistika qovşağı kimi mühüm rol oynayır.
QDTİB-nin Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib. Bakıda keçirilən illik iclas yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın inkişafının növbəti mərhələsinə dəstəyin praktiki mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır.
QDTİB Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı genişləndirməyə hazırdır", - deyə Bankın prezidenti bildirib.
İllik iclas çərçivəsində həmçinin QDTİB-nin 2025-ci il üzrə fəaliyyətinə qiymət verilib, Bankın maliyyə hesabatı təsdiqlənib və 2026-cı il üçün büdcəsi müzakirə olunub.
Bundan əlavə, qeyd edilib ki, 2027-ci ildə QDTİB-nin İdarəedicilər Şurasının 29-cu illik iclasına sədrliyin Bolqarıstana keçəcəyi gözlənilir.
