Bakı. Trend:
Azərbaycan ABŞ ilə münasibətlərin inkişafına böyük önəm verir və hesab edir ki, ikitərəfli əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Bakıda ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O, ABŞ xalqını, ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşlarını və ölkədə yaşayan ABŞ vətəndaşlarını Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
"Amerika xalqı Müstəqillik Bəyannaməsinin qəbulundan ötən iki əsr yarımlıq tarixlə haqlı olaraq fəxr edə bilər. Ağır sınaqlara və mürəkkəb dövrlərə baxmayaraq, onlar hər bir vətəndaşa dinindən, irqindən və cinsindən asılı olmayaraq bərabər hüquqlar təmin edən, azad sahibkarlığı və bazar iqtisadiyyatını dəstəkləyən güclü, zəngin və firavan dövlət qurmağa, həmçinin elmi-texnoloji tərəqqidə dünya liderlərindən birinə çevrilməyə nail olublar", - deyə S.Şərifov bildirib.
O qeyd edib ki, 34 il əvvəl ABŞ ilə diplomatik münasibətlər quran Azərbaycan hər zaman ticarət-iqtisadi əməkdaşlığın və qarşılıqlı maraq doğuran digər sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olub.
Samir Şərifov vurğulayıb ki, bu əməkdaşlığın nümunələrindən biri Azərbaycanın ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq terrorizmə qarşı qlobal koalisiyada iştirakı, eləcə də iki ölkənin qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi birgə töhfədir.
"Bu gün Azərbaycan-ABŞ münasibətləri yüksək dinamika ilə inkişaf edir", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və ABŞ-nin ümumi strateji baxışa əsaslanan, regionda sülhün və uzunmüddətli rifahın təmin olunmasına yönəlmiş təşəbbüsləri qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlıq üçün etibarlı zəmin yaradıb.
Sonda Samir Şərifov bildirib ki, iki əsr yarımlıq dövlətçilik tarixi ərzində dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlər sisteminin formalaşması və inkişafında müstəsna rol oynamış ABŞ-nin müstəqilliyinin 250 illiyini tədbir iştirakçıları ilə birlikdə qeyd etmək onun üçün böyük şərəfdir.
"Bu möhtəşəm bayram münasibətilə bir daha təbrik edir, dost
Amerika xalqına gələcək inkişaf, rifah və firavanlıq arzulayıram.
ABŞ-nin Müstəqillik Gününün 250 illiyi mübarək!" - deyə S.Şərifov
əlavə edib.
