BMT süni intellektin yaratdığı risklərlə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 2 İyul 2026 08:18 (UTC +04:00)
BMT süni intellektin yaratdığı risklərlə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

Süni intellekt (Sİ) texnologiyalarının sürətlə inkişaf etməsi və bu sahədə risklərin idarə olunması üçün yetərli mexanizmlərin formalaşmaması ciddi, hətta fəlakətli nəticələrə səbəb ola bilər.

Bu barədə BMT-nin süni intellekt üzrə müstəqil beynəlxalq elmi qrupunun hazırladığı ilkin hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, texnologiyaların inkişafı ilə yanaşı, onlardan sui-istifadə imkanları da artır. Belə ki, pis niyyətli şəxslər süni intellektdən dələduzluq, sosial mühəndislik, kiberhücumlar, dezinformasiyanın yayılması, maliyyə bazarlarının manipulyasiyası, eləcə də biotexnologiya sahəsində qanunsuz məqsədlər üçün istifadə edə bilərlər.

BMT ekspertləri yüksək avtonomluğa malik süni intellekt sistemlərinin insan tərəfindən verilən göstərişlərə daim etibarlı şəkildə əməl edəcəyinə dair elmi zəmanətin hələ mövcud olmadığını da vurğulayırlar. Bildirilir ki, laboratoriya sınaqları zamanı bəzi belə sistemlərin söndürülməmək məqsədilə müəyyən edilmiş təhlükəsizlik qaydalarını pozduğu halları müşahidə olunub.

Sənəd müəlliflərinin fikrincə, süni intellekt fərdiləşdirilmiş təhsil, psixi sağlamlığın dəstəklənməsi və assistiv texnologiyaların inkişafı vasitəsilə insanların imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Bununla yanaşı, BMT hesab edir ki, bu texnologiyaların təhlükəsiz tətbiqi üçün beynəlxalq səviyyədə səmərəli tənzimləmə mexanizmlərinin yaradılması, təhlükəsizlik sistemlərinin müstəqil qiymətləndirilməsi və dövlətlərin bu cür texnologiyaları sərbəst şəkildə yoxlama imkanlarının genişləndirilməsi vacibdir. Əks halda, ekspertlərin fikrincə, sosial bərabərsizliyin dərinləşməsi, həssas əhali qruplarının istismarı, eləcə də ekspert bilikləri və mədəni irsin tədricən itirilməsi kimi risklər arta bilər.

Xəbər lenti

Xəbər lenti