Dövlət satınalmaları strateji idarəetmə alətinə çevrilir - Rusiya Hesablama Palatası

İqtisadiyyat Materials 1 İyul 2026 12:30 (UTC +04:00)
Dövlət satınalmaları strateji idarəetmə alətinə çevrilir - Rusiya Hesablama Palatası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət satınalmaları artıq yalnız texniki funksiya deyil, strateji dövlət idarəetməsi alətinə çevrilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının Kollegiya üzvü, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) Katibliyinin sədri Svetlana Orlova Bakıda WGPPA-nın İllik Toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarının həcmi müxtəlif ölkələrdə ÜDM-in 13-20 faizini təşkil edir, dünyada dövlət satınalmalarına ayrılan ümumi vəsait isə 13 trilyon dollar səviyyəsində qiymətləndirilir.

Orlova bildirib ki, dövlət satınalmaları təhsil, səhiyyə, nəqliyyat, infrastruktur, müdafiə və hüquq-mühafizə kimi demək olar ki, bütün əsas sahələri əhatə edir. Bu səbəbdən satınalmalara yalnız texniki prosedur kimi deyil, dövlət siyasətinin həyata keçirilməsi üçün mühüm vasitə kimi yanaşılmalıdır.

O qeyd edib ki, son illərdə bir sıra ölkələr dövlət satınalmalarına yanaşmanı dəyişərək onları milli iqtisadiyyatın inkişafına xidmət edən alətə çeviriblər. ABŞ yerli istehsalın dəstəklənməsi siyasətini gücləndirib, Böyük Britaniya dövlət satınalmalarında ictimai faydanın artırılmasını prioritet elan edib, Avropa İttifaqı kritik texnologiyalar üzrə məhdudiyyətlər tətbiq edib, Hindistan isə "Buy Indian", Çin isə "Made in China" yanaşmasını həyata keçirir.

S.Orlova vurğulayıb ki, Rusiya da dövlət satınalmalarına uzunmüddətli strateji planlaşdırmanın tərkib hissəsi kimi yanaşır.

O əlavə edib ki, satınalma sistemində əsas istiqamətlərdən biri rəqəmsallaşmadır. Rusiyada satınalmaların mərhələli şəkildə mərkəzləşdirilməsi həyata keçirilir və 2028-ci ilədək əksər nazirlik və qurumların satınalmalarının vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi planlaşdırılır.

Orlovanın sözlərinə görə, ölkədə dövlət satınalmalarına nəzarətdə süni intellektdən geniş istifadə olunur. Hazırda antikorrupsiya sistemi 9,6 milyon tenderi 20 davranış və texniki meyar üzrə avtomatik təhlil edir ki, bu da həm məlum sövdələşmə sxemlərini, həm də yeni korrupsiya risklərini aşkar etməyə imkan verir.

O bildirib ki, dövlət auditinin gələcəyi rəqəmsal texnologiyalar, vahid informasiya platformaları və süni intellekt əsaslı nəzarət mexanizmlərinin tətbiqi ilə sıx bağlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti