Dövlət satınalmalarının effektiv auditi rəqabət mühitinin formalaşmasına xidmət edir - Vüqar Gülməmmədov

İqtisadiyyat Materials 1 İyul 2026 12:15 (UTC +04:00)
Dövlət satınalmalarının effektiv auditi rəqabət mühitinin formalaşmasına xidmət edir - Vüqar Gülməmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət satınalmalarının effektiv auditi yalnız maliyyə intizamını gücləndirmir, həm də iqtisadi artımın, rəqabət mühitinin və ictimai etimadın formalaşmasına xidmət edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) İllik Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, dövlət satınalmaları dövlət maliyyəsinin ən strateji xərcləmə alətlərindən biridir və satınalmaların keyfiyyəti ölkənin iqtisadi inkişafına, fiskal dayanıqlığına, eləcə də ictimai rifaha birbaşa təsir göstərir. Onun sözlərinə görə, əksər ölkələrdə dövlət satınalmalarına ÜDM-in 10-20 faizi, dövlət büdcəsi xərclərinin isə 30-50 faizə qədəri yönəldilir.

V.Gülməmmədov qeyd edib ki, müasir auditin əsas məqsədi yalnız pozuntuları aşkar etmək deyil, dövlət vəsaitlərinin dəyərə çevrilməsini qiymətləndirmək, dövlət satınalmalarının iqtisadiyyata real təsirini müəyyənləşdirmək və dövlət idarəçiliyinin keyfiyyətini artırmaqdır. Bu baxımdan yaşıl, sosial, rəqəmsal və risk əsaslı satınalmalar auditin əsas diqqət istiqamətlərinə çevrilib.

Hesablama Palatasının sədri vurğulayıb ki, Azərbaycanda dövlət satınalmaları sahəsində son illər şəffaflığın artırılması, tam rəqəmsallaşma və qanunvericiliyin yenilənməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. O xatırladıb ki, 1 yanvar 2024-cü ildən etibarən yeni redaksiyada "Dövlət satınalmaları haqqında" Qanun qüvvəyə minib.

V.Gülməmmədovun sözlərinə görə, aparılan ilkin təhlillər göstərir ki, 2025-ci ildə 2023-cü illə müqayisədə dövlət satınalmalarının sayı təxminən 52 faiz, ümumi məbləği isə 43 faiz artıb. O əlavə edib ki, ötən il baş tutmuş satınalmalarda müsabiqə əsaslı prosedurlar say baxımından 52,4 faiz üstünlük təşkil etsə də, məbləğ baxımından 54,6 faiz pay bir mənbədən satınalma üsulunun payına düşüb.

O həmçinin bildirib ki, 2025-ci ildə müsabiqə əsasında satınalma həyata keçirmiş 1400-dən çox təşkilatın 900-dən çoxu (təxminən 64 faizi) satınalma fəaliyyətinə yalnız ikinci rübdən başlayıb. Bundan başqa, dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40 faizdən çoxunda icra müddətində tender şərtlərinə uyğun olmayan dəyişikliklər edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti