Günvurma əlamətləri və ilk yardım - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti nə deyir?

Cəmiyyət Materials 1 İyul 2026 15:28 (UTC +04:00)
Günvurma əlamətləri və ilk yardım - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti nə deyir?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.

Onun sözlərinə görə, günvurmanın ilk əlamətləri adətən güclü baş ağrısı, başgicəllənmə, halsızlıq, həddindən artıq yorğunluq, ürəkbulanma və qusma ilə özünü göstərir.

"Şəxsin bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dərisi isti, quru və qızarmış olur, nəbzi sürətlənir, nəfəsalması tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir", – deyə mütəxəssis bildirib.

Zakir Quliyev qeyd edib ki, günvurmadan şübhələnildikdə, şəxs dərhal sərin və kölgəli yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və ya boşaldılmalıdır. Bədən sərin su ilə isladılmalı, yaxud boyun, qoltuqaltı və qasıq nahiyələrinə soyuq kompres tətbiq edilməlidir.

"Əgər şəxsin huşu aydındırsa və udma qabiliyyəti pozulmayıbsa, ona kiçik qurtumlarla sərin su vermək olar. Lakin huş pozğunluğu olan və ya vəziyyəti ağırlaşan şəxslərə ağızdan maye verilməməli, dərhal təcili tibbi yardım çağırılmalıdır. Vaxtında müdaxilə olunmadıqda günvurma həyati təhlükə yarada bilər", – deyə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti