Fransa parlamenti müdafiə xərclərinin artırılmasını təsdiqləyib

Dünya xəbərləri Materials 2 İyul 2026 05:26 (UTC +04:00)
Fransa parlamenti müdafiə xərclərinin artırılmasını təsdiqləyib

Bakı. Trend:

Fransa Milli Assambleyası ölkənin hərbi büdcəsinin 2030-cu ilədək əlavə 36 milyard avro artırılmasını nəzərdə tutan qanun layihəsini yekun olaraq qəbul edib.

Səsvermənin nəticələri parlamentin rəsmi saytında canlı yayımlanıb.

Qanun layihəsinin qəbul edilməsi üçün tələb olunan minimum 245 səs olduğu halda, sənəd 375 deputatın dəstəyini qazanıb.

Fransanın silahlı qüvvələr naziri Katrin Votren bildirib ki, qanun layihəsi 2026–2030-cu illər ərzində müdafiə sahəsinə ayrılan maliyyənin əlavə 36 milyard avro artırılmasını nəzərdə tutur.

"Bu qərar dövlət büdcəsi ilə bağlı vəziyyətin mürəkkəb olduğu şəraitdə qəbul edilsə də, ölkənin müdafiə imkanlarının gücləndirilməsi baxımından zəruri hesab olunur", - deyə nazir vurğulayıb.

2024–2030-cu illəri əhatə edən proqram çərçivəsində Fransanın ümumi müdafiə xərcləri 400 milyard avrodan 436 milyard avroya çatdırılacaq. Bu isə müdafiə büdcəsinin ÜDM-in təxminən 2,5 faizinə yüksəlməsinə imkan verəcək.

Əlavə maliyyə əsasən silah ehtiyatlarının artırılmasına, pilotsuz uçuş aparatlarının inkişafına və Ukrayna ilə Yaxın Şərqdəki müasir münaqişələrdən əldə olunan təcrübə nəzərə alınmaqla müdafiə potensialının gücləndirilməsinə yönəldiləcək. Eyni zamanda, ayrılacaq vəsaitin həcmi gələcək illərin dövlət büdcələrinin təsdiqi zamanı yenidən nəzərdən keçirilə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti