Bakı. Trend:
İran və ABŞ arasında anlaşma memorandumunun bəzi müddəalarının icrası nisbətən vəziyyətə uyğun səviyyədədir.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran və ABŞ arasında anlaşma memorandumunun bəzi müddəaları, dəniz blokadasına son qoyulması, İranın xam neft və neft-kimya məhsullarının satışı ilə əlaqədar güzəştin edilməsi uyğun vəziyyətdədir. Eləcə də Hörmüz boğazı ilə əlaqədar İranın öhdəliyi tam şəkildə yerinə yetirilib”, - deyə o qeyd edib.
Bəqai bildirib ki, bununla belə bəzi müddəalarla bağlı ciddi problemlər mövcuddur. Bu istiqamətdə İran qarşı tərəfin öz öhdəliklərini anlaşma memorandumuna uyğun olaraq icra etməsini gözləyir.
“Təbiidir ki, ABŞ-nin anlaşma memorandumuna əsasən öhdəlikləri yerinə yetirməməsi prosesin davam etməsinə mənfi təsir göstərəcək. Birincisi bu məsələdə hər hansı şübhə yoxdur. İran heç bir addımı cavabsız qoymayacaq. İran silahlı qüvvələri İrana qarşı istənilən hücuma dərhal və qəti şəkildə cavab verəcək. İkincisi isə bu addımlar anlaşma memorandumunun 1-ci müddəasının pozulması olacaq. Təbii ki, belə pozuntu halları təkrarlanarsa və davam edərsə, bu prosesin davamı problemlə üzləşəcək”, -deyə o bildirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
