Bakı. Trend:
Müasir dövrdə dövlət auditinin əsas vəzifəsi səhvləri axtarmaq deyil, dövlət idarəetməsinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun yaradılmasından sonrakı 10 il ərzində ikinci dəfə illik toplantıya ev sahibliyi edir.
V.Gülməmmədovun sözlərinə görə, dövlət satınalmaları dövlət maliyyəsinin xərclənməsində ən mühüm elementlərdən biridir və bu sahəyə yönəldilən vəsaitin həcmi dövlətin iqtisadi inkişafı ilə fiskal dayanıqlığına birbaşa təsir göstərir.
"Dövlət satınalmalarına ayrılan vəsait beynəlxalq praktikada ümumi daxili məhsulun 10-20 faizini, dövlət büdcəsi xərclərinin isə 30-50 faizini təşkil edir. Bu da dövlət satınalmalarının iqtisadi inkişaf üçün nə qədər vacib olduğunu göstərir", - deyə o qeyd edib.
Hesablama Palatasının sədri vurğulayıb ki, bu tendensiyalar dövlət auditi qarşısında da yeni və daha məsuliyyətli çağırışlar yaradır.
"Ali Audit Orqanının dövlət satınalmaları sahəsində əsas məqsədi yalnız səhvləri aşkarlamaq deyil, dövlət vəsaitinin dəyərə çevrilməsini qiymətləndirmək və onun iqtisadi inkişafa təsirini müəyyən etməkdir. Müasir audit artıq səhv axtaran deyil, dövlət idarəetməsini yaxşılaşdıran institut kimi çıxış etməlidir", - deyə V.Gülməmmədov əlavə edib.
