Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)

Siyasət Materials 1 İyul 2026 23:58 (UTC +04:00)
Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, diplomatik korpusun üzvləri, işgüzar dairələrin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin fəxri qonaqları arasında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da olublar.

Tədbirdə çıxış edən Samir Şərifov ABŞ xalqını ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edərək, Birləşmiş Ştatların dünya siyasətində, iqtisadiyyatında, elmi və texnoloji inkişafında mühüm rol oynadığını vurğulayıb.

O bildirib ki, Azərbaycan ABŞ ilə münasibətlərin inkişafına böyük önəm verir və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında 34 illik diplomatik münasibətlər dövründə ticarət-iqtisadi, enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə möhkəm əməkdaşlıq formalaşıb.

Samir Şərifov qeyd edib ki, Azərbaycan və ABŞ-nin qlobal enerji təhlükəsizliyinin təmin olunması istiqamətində birgə səyləri, eləcə də Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə üzrə beynəlxalq koalisiyada iştirakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. O əlavə edib ki, iki ölkənin ümumi strateji baxışa əsaslanan təşəbbüsləri uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq üçün möhkəm zəmin yaradır.

Öz növbəsində ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib ki, ABŞ-Azərbaycan əməkdaşlığı artıq ənənəvi enerji tərəfdaşlığının hüdudlarını aşaraq süni intellekt, bulud texnologiyaları, qabaqcıl materiallar və məlumat emalı mərkəzləri kimi yeni istiqamətləri də əhatə edir.

Onun sözlərinə görə, ABŞ və Amerika şirkətləri uzun illər ərzində "Əsrin müqaviləsi"ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın enerji sektorunun inkişafına dəstək verib, bu gün isə əməkdaşlıq yüksək texnologiyalar sahəsində birgə layihələrlə davam etdirilir.

Emi Karlon bildirib ki, ötən ay Bakı Enerji Həftəsi və ABŞ–Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri azərbaycanlı tərəfdaşlarla ümumi dəyəri 8 milyard ABŞ dollarından çox olan sazişlər imzalayıblar. Bu sənədlər qabaqcıl materiallar, süni intellekt, bulud hesablamaları və yeni nəsil texnologiyalar sahələrində layihələri əhatə edir.

O həmçinin vurğulayıb ki, minlərlə Azərbaycan vətəndaşı ABŞ-nin təhsil və mübadilə proqramlarının iştirakçısı olub ki, bu da iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Çıxışının sonunda Emi Karlon xatırladıb ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və Vaşinqtonun sülh, sabitlik və ümumi rifah naminə Bakı ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti