Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Dmitri Şlapaçenkonu təşkilatın Azərbaycandakı yeni rezident əlaqələndiricisi təyin edib.
Bu barədə BMT-nin rəsmi bəyanatında bildirilib.
Bəyanata əsasən, Dmitri Şlapaçenko artıq vəzifəsinin icrasına rəsmi şəkildə başlayıb.
BMT-də bildirilib ki, yeni rezident əlaqələndiricinin diplomatiya, beynəlxalq əməkdaşlıq, siyasi və sosial-iqtisadi məsələlər, inkişafın koordinasiyası, sülhməramlı fəaliyyət və strateji planlaşdırma sahələrində 28 illik iş təcrübəsi var. O, Bakıya təyin olunmazdan əvvəl BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi vəzifəsində çalışıb.
Şlapaçenko daha əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında Afrika Buynuzu ölkələri və Sudanda Keçid Dövrünə Dəstək üzrə İnteqrasiya Missiyası (UNITAMS) üzrə qrup rəhbəri olub. Bundan başqa, o, İraq, Somali, Tacikistan və digər ölkələrdə BMT missiyalarında rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, rezident əlaqələndirici vəzifəsi BMT-nin ölkə üzrə ən yüksək rəsmi vəzifəsidir. Rezident əlaqələndirici BMT-nin Baş katibini milli səviyyədə təmsil edir, ölkədə BMT sisteminin (UNDP, UNICEF, ÜST, UNESCO və digər 30-dan çox ixtisaslaşmış agentlik, proqram və fond daxil olmaqla) fəaliyyətinə rəhbərlik edir və BMT ilə qəbul edən ölkə arasında əməkdaşlığın əlaqələndirilməsini təmin edir.
