Bakı. Trend:
Azərbaycanın orta güc statusunun əsasını güclü ordu və uğurlu diplomatiya təşkil edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabatın təqdimat mərasimində deyib.
Şəfiyev bildirib ki, Azərbaycan artıq orta güc statusuna malikdir və bu, son 30 il ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, ölkənin beynəlxalq mövqeyinin güclənməsində torpaqların işğaldan azad edilməsi, iqtisadi inkişaf, uğurlu diplomatiya və beynəlxalq təşkilatlarda fəal təmsilçilik mühüm rol oynayıb.
“Ölkənin əsas məsələsi onun müdafiəsi və təhlükəsizliyidir. İnsanlar təhlükəsiz şəraitdə yaşamasa, nə iqtisadi inkişaf, nə də sosial məsələlərin həlli mümkün olar. Buna görə də bütün bu uğurların əsasında Azərbaycan Ordusu dayanır”, - deyə o bildirib.
F. Şəfiyev qeyd edib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Müdafiə Nazirliyi arasında 44 günlük Vətən müharibəsi və digər hərbi-siyasi mövzular üzrə birgə araşdırmalar aparılır və yaxın vaxtlarda yeni tədqiqatlar da ictimaiyyətə təqdim olunacaq.
F. Şəfiyev əlavə edib ki, təqdim olunan hesabat həm mütəxəssislər, həm də ali təhsil müəssisələrində beynəlxalq təhlükəsizlik və sülhməramlı fəaliyyət sahəsində tədris üçün mühüm mənbə olacaq.
