Bakı. Trend:
İyulun 2-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində Bankın və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Biznes Forum təşkil olunub.
Bu barədə Maliyyə Nazirliyi Mətbuat xidməti məlumat yayıb.
“Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusuna həsr olunan forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın genişləndirilməsi, QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, eləcə də inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Forumu giriş sözü ilə açan Azərbaycan Respublikasının maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev Azərbaycanın Avropa ilə Asiya ilə birləşdirən mühüm iqtisadi və nəqliyyat qovşağı kimi strateji əhəmiyyətindən bəhs edib. Nazir vurğulayıb ki, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün nəqliyyat bağlantılarının inkişafı ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, güclü özəl sektorun formalaşdırılması, rəqabətqabiliyyətli şirkətlərin inkişafı və regional, eləcə də qlobal dəyər zəncirlərinə inteqrasiyanın gücləndirilməsi əsas prioritetlərdəndir.
QDTİB ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən Sahil Babayev, xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində tərəfdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Maliyyə naziri, həmçinin prioritet inkişaf istiqamətlərinin maliyyələşdirilməsində yerli maliyyə institutlarının və özəl investorların rolunu vurğulayaraq qeyd edib ki, yeni imkanların reallaşdırılması üçün hökumətlər, beynəlxalq maliyyə institutları, kommersiya bankları və biznes dairələri arasında sıx tərəfdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Forumda çıxış edən QDTİB-nin Prezidenti Sərhat Köksal bildirib ki, Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlıq vasitəsilə dayanıqlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. O qeyd edib ki, karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində görülən işlər investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
QDTİB Prezidenti vurğulayıb ki, Bankın Azərbaycanla əməkdaşlığı artıq iyirmi ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafının transformativ roluna əsaslanan tərəfdaşlıq prinsipləri üzərində inkişaf edib. Onun sözlərinə görə, bu müddət ərzində QDTİB maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri dəstəkləməklə yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və dayanıqlı iqtisadi artımın təşviqinə mühüm töhfə verib.
Sərhat Köksal Biznes Forumun Azərbaycanın gələcək inkişafının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayaraq tədbirin yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib.
Tədbir çərçivəsində QDTİB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Forum gündəliyə uyğun olaraq panel sessiyaları və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərlə davam edib.
