Bakı. Trend:
ABŞ İrana Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması planlarından imtina etməyi, bunun müqabilində isə xaricdə dondurulmuş İran aktivlərinin bir hissəsini bərpa etməyi təklif edib.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Dohaya səfər edərək qətərli vasitəçilərlə danışıqlarda yaranmış çıxılmaz vəziyyətdən çıxış yollarını müzakirə ediblər. Nəşrin yazdığına görə, Vaşinqton Tehrana Hörmüz boğazına nəzarət iddialarından və gəmilərdən rüsum tutulması ideyasından imtina etməyi, bunun müqabilində isə xaricdə dondurulmuş, ümumi həcmi təxminən 100 milyard dollar olan İran vəsaitinin bir hissəsinə çıxış əldə etməyi təklif edib.
"The Wall Street Journal"ın məlumatına əsasən, İran bu təklifi rədd edib və Hörmüz boğazına nəzarət etmək hüququnda israrını davam etdirib. Ölkənin hərbi qurumları isə Tehranın təsdiqlədiyi marşrutlardan kənar hərəkət edəcək gəmilərə qarşı sərt tədbirlər görüləcəyi ilə hədələyiblər.