Bakı. Trend:
"SOCAR Trading" Afrika və Cənubi Asiyada biznesini genişləndirməyi nəzərdən keçirir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "SOCAR Trading"in Qlobal Biznesin İnkişafı departamentinin icraçı rəhbəri Toğrul Köçərli Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Bakıda keçirilən biznes forumunda deyib.
Onun sözlərinə görə, SOCAR inkişafının ilkin mərhələsində fəaliyyətini Qara dəniz regionunda genişləndirməyə başlayıb, lakin şirkət gələcək iri miqyaslı artımı digər bazarlarla əlaqələndirir.
"Şirkət artıq Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıb, eyni zamanda Gürcüstanın enerji sektorunun demək olar ki, bütün seqmentlərində güclü mövqeyə malikdir. Qara dənizin qərb sahillərində də böyük potensial qalmaqdadır. Şirkət həmin ölkələrdə artıq təmsil olunsa da, fəaliyyəti hələ kifayət qədər geniş deyil. Söhbət Rumıniya, Albaniya, Bolqarıstan və Yunanıstandan gedir. Xüsusilə Rumıniyada SOCAR-ın artıq yanacaqdoldurma məntəqələri və terminalları fəaliyyət göstərir, Albaniyada isə ölkə tarixində ilk dəfə Korça şəhərinə təbii qaz tədarükünün təşkili layihəsini həyata keçirən şirkət qeydiyyatdan keçib. Bu layihələr əlavə artım təmin edə bilsə də, şirkətin fəaliyyət miqyasını köklü şəkildə dəyişməyəcək", - deyə o bildirib.
Toğrul Köçərlinin sözlərinə görə, hazırda "SOCAR Trading" komandasının əsas diqqəti Afrika və Cənub-Şərqi Asiya bazarlarına, həmçinin Pakistan, Banqladeş və Hindistan kimi ölkələrə çıxış imkanlarının araşdırılmasına yönəlib.
Onun sözlərinə görə, ticarət şirkətləri üçün qiymət risklərinin hedcinqi mexanizmi xüsusi əhəmiyyət daşıyır və bu, maliyyə tərəfdaşlarının hesablarında böyük həcmdə vəsait yerləşdirilməsini tələb edir.
"2020, 2022 və 2026-cı illərdə olduğu kimi kəskin qiymət dəyişkənliyinin yaşandığı dövrlərdə bir çox şirkət ciddi çətinliklərlə üzləşib. Məhz buna görə də Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi maliyyə institutları ilə münasibətlərin qurulması bu çağırışların aradan qaldırılması yollarından biridir. "SOCAR Trading" 40-dan çox bankla əməkdaşlıq edir və milyardlarla dollar həcmində ticarət və strukturlaşdırılmış maliyyə xətlərinə malikdir. QDTİB tərəfindən "SOCAR Trading" üçün əvvəl təsdiqlənmiş kredit xətti artırılıb. Təqdimatda 50 milyon dollarlıq kredit xəttindən bəhs olunurdu. Hazırda isə, 2026-cı il üzrə bu göstərici artıq 70 milyon dollara çatıb", - deyə o bildirib.
Toğrul Köçərli vurğulayıb ki, onlarla bank tərəfdaşı və milyardlarla dollar maliyyələşmə imkanına baxmayaraq, hər bir maliyyə institutu ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
"Hər bankın öz xüsusiyyətləri, risklərə yanaşması və coğrafi məhdudiyyətləri var. Məhz buna görə də Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə qurduğumuz münasibətlər "SOCAR Trading"in fəaliyyətinin gələcəkdə daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.
