Bakı.Trend:
Yay ayları daşınmaz əmlak bazarı üçün ənənəvi olaraq mövsümi aktivliyin artdığı dövr hesab olunur. Bu dövrdə həm alqı-satqı, həm də kirayə bazarında canlanma müşahidə edilir, bazar iştirakçıları isə qiymətlərin necə dəyişəcəyini və tələbin hansı istiqamətdə formalaşacağını yaxından izləyirlər.
Bəs yay mövsümü daşınmaz əmlak bazarına necə təsir edir və bu dövrdə qiymətlər hansı istiqamətdə dəyişir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hazırkı makroiqtisadi şərait daşınmaz əmlak qiymətlərinin azalmasına imkan vermir.
Onun sözlərinə görə, mövcud makroiqtisadi şərait, manatın alıcılıq qabiliyyəti, inflyasiya səviyyəsi, urbanizasiya prosesləri və ən əsası, daşınmaz əmlakın hələ də yüksək investisiya cəlbediciliyinə malik olması qiymətlərin enməsinə mane olan əsas amillərdir.
“Bütün bunlar daşınmaz əmlak qiymətlərinin azalmasına ciddi maneə yaradır. Bu proseslər davam etdiyi müddətdə qiymətlərin aşağı düşəcəyini gözləmək doğru olmaz. Bununla yanaşı, yay fəslində daşınmaz əmlak bazarında qiymət artımının tempində müəyyən səngimə müşahidə edilir. Vətəndaşların istirahətə üz tutması ilə bazardakı aktivlik nisbətən azalır və bu da alqı-satqı əməliyyatlarının sayına təsir göstərir. Lakin artıq beş ildən çoxdur ki, daşınmaz əmlak bazarında qiymətlər təkcə tələb və təklif əsasında deyil, digər iqtisadi göstəricilərin təsiri ilə də formalaşır”, - deyə o bildirib.
V.Oruc qeyd edib ki, Əhmədli, Günəşli, Bakıxanov, 8-ci kilometr və buna bənzər mərkəzdən nisbətən uzaq yerləşən köhnə yaşayış massivlərində yay aylarında qiymət artımı əvvəlki dövrlərlə müqayisədə o qədər də aktual olmur.
Ekspertin sözlərinə görə, qiymət azalması ehtimalı daha çox sənədsiz fərdi yaşayış evlərində müşahidə oluna bilər.
“Hazırda sənədsiz evlərə sənəd verilməsi məsələsi geniş müzakirə olunur. Eyni zamanda, qanunsuz tikililərin sökülməsi ehtimalı, kollektorların üzərində inşa edilmiş evlərlə bağlı risklər və digər amillər bu seqmentə tələbi azaldır. Nəticədə sənədsiz evlər əvvəlki kimi yüksək qiymətlə təklif edilmir və zaman keçdikcə bu tip əmlakların qiymətinin aşağı düşməsi ehtimalı böyükdür”, - deyə o vurğulayıb.
V.Orucun sözlərinə görə, ilin ilk altı ayının nəticələrinə əsasən, paytaxtın mərkəzi rayonlarında daşınmaz əmlakın qiymətləri orta hesabla 7-8 faiz artıb.
“İlin əvvəlində proqnozlaşdırmışdıq ki, köhnə tikililərdə mənzillərin qiyməti təxminən 6-6,5 faiz, yeni tikililərdə 10-12 faiz, torpaq sahələrində isə 15-20 faiz artacaq. Mövcud dinamika göstərir ki, bu proqnozlar özünü doğruldur”, - deyə o bildirib.
Ekspert hesab edir ki, Abşeron yarımadasının Bakıya nisbətən uzaq hissələrində - Müşviqabad, Pirəkəşkül, Yeni Yaşma və Qaradağ istiqamətlərində yerləşən daşınmaz əmlakın qiymət artımı tempi əhəmiyyətli dərəcədə yavaşlayacaq.
Bununla yanaşı, Ağ Şəhər, Babək prospekti, Mərdəkan, Novxanı və Şüvəlan kimi ərazilərdə qiymət artımının davam edəcəyi gözlənilir.
“Bakıya yeni giriş yolunun açılması Binəqədi, Mehdiabad və Baksol istiqamətlərində də daşınmaz əmlaka marağı artıracaq. Bu səbəbdən həmin ərazilərdə də qiymət artımı olacağını ehtimal edirəm”, - deyə V.Oruc əlavə edib.

