İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

İqtisadiyyat Materials 2 İyul 2026 18:40 (UTC +04:00)
İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə İsveçrənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 13,256 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi "2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar" hesabatında bildirilib.

Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,471 milyon ABŞ dolları və ya 22,9 faiz çoxdur.

Bundan əlavə, AMB-nin məlumatına əsasən, hesabat dövründə İsveçrənin Azərbaycana yönəldilmiş ümumi birbaşa xarici investisiyalar içərisində payı 0,8 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1,720 milyard ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 201,2 milyon ABŞ dolları və ya 13,2 faiz çoxdur.

AMB-nin məlumatına görə, eyni zamanda, Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilmiş birbaşa investisiyaların həcmi 1,110 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə üstələyib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndələri Trend-ə eksklüziv müsahibələrində bildirmişdilər ki, İsveçrə Cənubi Qafqaz regionunda 2026–2029-cu illəri əhatə edən yeni regional proqram həyata keçirir.

Katibliyin məlumatına görə, Azərbaycanda layihələr makroiqtisadi dəstək, özəl sektor üçün çərçivə şəraitinin yaxşılaşdırılması və biznes mühitinin təkmilləşdirilməsinə yönəlib.

"Cari ilin əvvəlindən İsveçrə Cənubi Qafqaz regionunda əvvəlki proqramların nəticələrinə əsaslanan və eyni zamanda prioritet istiqamətlərə diqqəti gücləndirən yeni 2026–2029-cu illər regional proqramını həyata keçirir. Proqramın əsas məqsədi insan təhlükəsizliyinin və davamlı sülhün təşviqi, vətəndaş fəallığı və demokratik institutların inkişafı, iqlim dayanıqlılığının artırılması və təbii ehtiyatların davamlı idarə olunmasının təmin edilməsi, həmçinin inklüziv və "yaşıl" iqtisadi imkanların genişləndirilməsidir. Bu gündəliyin əhəmiyyətini nəzərə alaraq, iqlim dayanıqlılığı həm ayrıca prioritet istiqamət, həm də proqramın bütün layihələrinə sistemli şəkildə inteqrasiya olunan ümumi mövzu kimi müəyyən edilib", - deyə katiblik bildirib.

Məlumata görə, SECO hazırda Azərbaycanda kənd əhalisinin maliyyə resurslarına çıxışının genişləndirilməsi, kiçik və orta sahibkarlıq subyektlərində innovasiyaların dəstəklənməsi və makroiqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində proqramlar həyata keçirir.

"Regional proqramlar vasitəsilə İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi Cənubi Qafqaz Geoparklar Şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüs biomüxtəlifliyin və geoloji irsin qorunmasına, eyni zamanda dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasına və regional əməkdaşlığın inkişafına töhfə verəcək. Büdcə imkanları nəzərə alınmaqla, İsveçrə 2026–2029-cu illər proqramının əsas prioriteti olan iqlim dayanıqlılığını nəzərə alan yeni layihələrin həyata keçirilməsi imkanlarını da qiymətləndirir", - deyə SECO qeyd edib.

Katibliyin məlumatına əsasən, SECO İsveçrə şirkətləri və müvafiq biznes assosiasiyaları ilə sıx koordinasiya saxlayır və məqsədəuyğun olduğu hallarda özəl sektorun iştirakını təşviq edir.

Bununla yanaşı vurğulanıb ki, SECO regional əməkdaşlıq proqramı vasitəsilə özəl biznesin rolunun gücləndirilməsinə yönəlmiş əlverişli biznes mühitinin formalaşdırılmasına da dəstək verir.

"SECO İsveçrə təcrübəsinə əsaslanaraq maliyyə sektorunun modernləşdirilməsi və şaxələndirilməsinə, eləcə də dövlət maliyyəsinin idarə olunması sisteminin gücləndirilməsinə xüsusi diqqət yetirir. Dəstəklənən təşəbbüslər artıq kənd təsərrüfatı üzrə KOB-lara göstərilən məsləhət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, həmçinin xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verən yeni elektron xidmətlərin tətbiqi kimi mühüm nəticələr verib. SECO-nun məqsədi yaxın illərdə bu nailiyyətləri möhkəmləndirmək və daha da inkişaf etdirməkdir", - deyə katiblik əlavə edib.

Xəbər lenti

Xəbər lenti