Bakı. Trend:
Xaçmaz rayonunda 2 İyul – Polis Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı Azərbaycan polisinin keçdiyi şərəfli və mənalı tarixi yola nəzər salaraq qeyd edib ki, müasir polis orqanlarımızın formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var. Prezident İlham Əliyev bu ənənələri uğurla davam etdirərək polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsinə və xidməti fəaliyyətin ən müasir səviyyədə qurulmasına xüsusi diqqət yetirir. Nəticə etibarilə, bu gün Azərbaycan polisi regionun ən müasir, peşəkar və xalqla sıx əlaqəli hüquq-mühafizə qurumlarından birinə çevrilib.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polkovnik Samir Məcidov çıxışında qeyd edib ki, şəxsi heyətin qarşısında duran ən vacib vəzifələrdən biri vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmaq, onların problemlərinin həllində yaxından iştirak etmək və qarşılıqlı etimad mühitini qorumaqdır.
Tədbirdə çıxış edən digər şəxslər də polis əməkdaşlarını bayram münasibətilə təbrik edərək, rayon ərazisində ictimai asayişin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə göstərdikləri yüksək peşəkarlıqdan bəhs ediblər.
Sonda xidmətdə fərqlənən polis əməkdaşlarına Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub, veteran polis əməkdaşları isə xatirə hədiyyələri ilə mükafatlandırılıb.
