Bakı və Brüssel əməkdaşlığın gündəliyini genişləndirir - Azər Qarayev

Siyasət Materials 2 İyul 2026 15:00 (UTC +04:00)
Bakı və Brüssel əməkdaşlığın gündəliyini genişləndirir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Bakı və Brüssel əməkdaşlığın gündəliyini genişləndirərək strateji tərəfdaşlığı yeni məzmunla zənginləşdirmək niyyətini bir daha nümayiş etdirdi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, son illərdə tərəflər arasında enerji əməkdaşlığı əsas istiqamət olaraq qalsa da, bu gün münasibətlər artıq nəqliyyat, regional bağlantılar, "yaşıl enerji", rəqəmsal transformasiya, ticarət və Cənubi Qafqazda sülh gündəliyini də əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir.

"Səfər zamanı keçirilən görüşlər və verilən bəyanatlar göstərdi ki, Bakı ilə Brüssel arasında dialoq təkcə mövcud layihələrin davam etdirilməsinə deyil, həm də yeni geosiyasi reallıqlara uyğun əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə müşahidə olunan dinamikanın təsadüfi olmadığını göstərir. Bu kontekstdə Avropa Komissiyası Prezidentinin Bakıya səfəri siyasi dialoqun ən yüksək səviyyədə davam etdirildiyini nümayiş etdirdi. Tərəflər yalnız mövcud əməkdaşlığı qiymətləndirməklə kifayətlənməyərək, gələcək onilliklər üçün strateji istiqamətləri də müəyyənləşdirdilər", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır.

"2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm dönüş nöqtəsinə çevrilmişdi. Son dörd ildə Azərbaycan qazının Avropa bazarındakı payının artması bu əməkdaşlığın praktik nəticəsini ortaya qoyub. Hazırda Azərbaycan qazı Avropa İttifaqının on üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da genişlənməsi üçün potensial mövcuddur. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət çəkərək bildirib:

"Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır". Bu fikirlər Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də geosiyasi xarakter daşıdığını göstərir. Bakı uzun illər ərzində həyata keçirdiyi iri infrastruktur layihələri – xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Avropanın enerji bazarında yaranan yeni çağırışlar fonunda bu əməkdaşlığın əhəmiyyəti daha da artır", - o bildirib.

Politoloq qeyd edib ki, səfərin diqqətçəkən cəhətlərindən biri də enerji gündəliyinin artıq yalnız təbii qazla məhdudlaşmamasıdır.

"Azərbaycan "yaşıl enerji" istehsalını sürətlə genişləndirir. Prezident İlham Əliyevin açıqladığı kimi, artıq imzalanmış müqavilələr yaxın beş-altı il ərzində ölkəyə 8 giqavat günəş və külək enerjisi istehsal etmək imkanı verəcək. Bu isə Azərbaycanın gələcəkdə təkcə qaz deyil, bərpaolunan enerji ixracatçısı kimi də Avropa bazarında mühüm rol oynaya biləcəyini göstərir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Azərbaycan uzun illərdir Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Yeni geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyətinin artması Avropa İttifaqının da diqqətini Cənubi Qafqaza yönəldib. Bakı limanı, dəmir yolu infrastrukturu və regional logistika imkanları Avropa ilə Mərkəzi Asiya arasında alternativ ticarət marşrutlarının inkişafında mühüm rol oynayır.

Məhz bu baxımdan Ursula fon der Lyayenin səfər zamanı açıqladığı yeni təşəbbüslər diqqət çəkir. Avropa İttifaqı "Qlobal Qapılar" proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinə 200 milyon avroya qədər qrant ayıracağını, bunun isə 2 milyard avroya qədər əlavə dövlət və özəl investisiyanı cəlb etmək potensialına malik olduğunu bəyan edib. Avropa Komissiyasının Prezidenti çıxışında bunu belə ifadə edib: "Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik".

Bu yanaşma göstərir ki, Brüssel regionda sabitliyin təmin olunmasını yalnız siyasi danışıqlarla deyil, iqtisadi inteqrasiya və qarşılıqlı asılılığın artırılması ilə də əlaqələndirir. Nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafı həm iqtisadi imkanları genişləndirə, həm də uzunmüddətli sülh üçün əlavə zəmin yarada bilər", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, səfər zamanı müzakirə olunan digər mühüm mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olub.

"Prezident İlham Əliyev bildirib ki, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq təchizatının başlanması və iqtisadi əlaqələrin formalaşması regionda yeni əməkdaşlıq modelinin yaranmasına xidmət edir. Prezident İlham Əliyev bu məqamı belə ifadə edib: "Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq".

Bu fikir Azərbaycanın sülh gündəliyinə yanaşmasının mahiyyətini əks etdirir. Rəsmi Bakı üçün sülh yalnız siyasi sənəd deyil, iqtisadi əməkdaşlıq, regional inteqrasiya və qarşılıqlı etimadın formalaşması prosesidir. Avropa İttifaqının da bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bəyan etməsi tərəflərin baxışlarının bir çox məsələlərdə üst-üstə düşdüyünü nümayiş etdirir", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, ticarət münasibətləri də əməkdaşlığın mühüm sütunlarından biri olaraq qalır.

"Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Cənubi Qafqaz üzrə Aİ-nin ən böyük iqtisadi tərəfdaşı hesab olunur. Yeni hərtərəfli saziş üzrə danışıqların yenidən başlanması perspektivi iqtisadi münasibətlərin daha da genişlənəcəyinə işarə edir. Bu, investisiyaların artması, bazarlara çıxış imkanlarının genişlənməsi və biznes mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, Ursula fon der Lyayenin Bakıya səfəri göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəflər regional nəqliyyat marşrutları, "yaşıl enerji", rəqəmsal bağlantılar, iqtisadi inteqrasiya və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətlərində uzunmüddətli strateji tərəfdaşlığın əsaslarını daha da möhkəmləndirirlər. Mövcud geosiyasi şəraitdə Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm logistika mərkəzi kimi rolu getdikcə artır. İyulun 1-də Bakıda səslənən mesajlar isə göstərdi ki, qarşıdakı illərdə bu tərəfdaşlığın gündəliyi daha geniş və daha əhatəli olacaq", - politoloq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti