Dövlətçiliyin keşiyində keçən şərəfli xidmət yolu

Cəmiyyət Materials 2 İyul 2026 12:53 (UTC +04:00)
Dövlətçiliyin keşiyində keçən şərəfli xidmət yolu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hər il Azərbaycan Respublikasında polis işçilərinin peşə bayramı kimi qeyd olunan 2 iyul əlamətdar gün kimi Azərbaycan polisinin şərəfli tarixini, dövlətçiliyin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində və qanunun aliliyinin möhkəmləndirilməsində daxili işlər orqanlarının rolunu əks etdirir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Trend BİA-ya müsahibə verib.

Əli müəllim, Azərbaycan daxili işlər orqanlarının yaranmasından 108 il keçir. Polisin peşə bayramı günündə bu barədə fikirləriniz maraqlı olardı...

Azərbaycan polisi bir əsrdən artıq tarixi inkişaf yolu keçərək ölkənin hüquq-mühafizə sisteminin əsas sütunlarından birinə çevrilmişdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili sabitliyin pozulması, cinayətkarlığın artması və siyasi qarşıdurmalar hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət qoyurdu. Həmin illərdə polis əməkdaşları dövlət müstəqilliyinin qorunması, ictimai təhlükəsizliyin təmin olunması və qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərmiş, Qarabağ müharibəsində və ölkənin ərazi bütövlüyünün müdafiəsində iştirak etmişlər.

Müxtəlif tarixi mərhələlərdə Azərbaycan polisinin fəaliyyətini necə dəyərləndirədiniz?

Azərbaycan polisinin müasir inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində geniş islahatlara başlanıldı. Xalq Cəbhəsi hakimiyyəti dövründə nizamsız və pərakəndə şəkildə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının təkmilləşdirilməsi, peşəkarlığın artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və qanunvericiliyin yenilənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə hər il 2 iyul daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü elan edildi. Bu qərar Azərbaycan polisinin tarixi xidmətlərinə verilən yüksək dövlət qiymətidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də Ulu Öndər Heydər Əliyevin bu sahədə yeritdiyi siyasi kurs daha uğurla davam etdirilərək daxili işlər orqanlarının inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir. Yeni tələblərə uyğun kadr siyasəti, polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif dövlət proqramları icra edilmişdir.

Mübaliğəsizdir ki, son 20 ildən artıq müddət ərzində Azərbaycan polisi böyük nailiyyətlərə imza atıb...

Azərbaycan polisi müstəqillik tarixinin ən çətin sınaqlarında dövlətə və xalqa sədaqət nümunəsi göstərmişdir. Polis əməkdaşlarının göstərdikləri igidlik, peşəkarlıq və fədakarlıq xüsusilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ərazi bütövlüyünün bərpasında və ölkədə sabitliyin təmin edilməsində mühüm rol oynamışdır. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Azərbaycan polisi və Daxili Qoşunlar mühüm vəzifələr icra etmişdir. Xüsusi təyinatlı dəstələr döyüş əməliyyatlarında iştirak etmiş, azad edilən yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunması, diversiya qruplarına qarşı mübarizə və hərbi hissələrin fəaliyyətinə dəstək göstərilməsi istiqamətində uğurlu əməliyyatlar həyata keçirmişlər. Müharibə zamanı Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olmuş, 346 nəfər yaralanmışdır. Döyüşlərdə göstərdikləri şücaətə görə 1690 nəfər müxtəlif dövlət orden və medalları ilə təltif edilmiş, onlardan 4 nəfərə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilmişdir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan polisi öz işini yeni yeallıqların tələblərinə uyğun qurmağa və uğurlu nəticələr əldə etməyə nail olmuşdur. Burada polis orqanlarının maddi-texniki bazası gücləndirilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmuş, yeni inzibati binalar və xidmət obyektləri istifadəyə verilmişdir.

Müasir dövrdə Azərbaycan polisi fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun şəkildə həyata keçirərək ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kibercinayətkarlıqla mübarizə və fövqəladə hallarda vətəndaşların təhlükəsizliyinin qorunması kimi mühüm funksiyaları yerinə yetirir. Xüsusilə, Azərbaycan dövlətinə qarşı daxili və xarici təhdidlərlə mübarizədə mühüm missiyanın daşıyıcısı kimi polis orqanları bu istiqamətdə yorulmaz fəaliyyətlərini bu gün də uğurla davam etdirməkdədirlər.

Bundan əlavə, asayiş keşikçilərinin hazırlanması üçün Polis Akademiyasında müasir meyarlara cavab verən yüksək səviyyəli təhsil prosesinin həyata keçirilməsi ilk növbədə ölkə rəbərliyinin bu sahəyə diqqətinin nəticəsidir. Burada keçirilən bir sıra elmi-praktiki konfranslar və digər mühüm tədbirlər mərkəzin uğurlarını və ictimai əhəmiyyətini səciyyələndirən amildir.

Milli Məclisin komitə sədri kimi qanunvericilik müstəvisində Parlamentlə hüquq mühafizə orqanları arasında əməkdaşlığı necə dəyərləndirirsiniz?

İlk olaraq onu söyləyim ki, Milli Məclisdə müxtəlif formatlarda və səviyyələrdə qanunvericilik aktlarının müzakirəsində Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərin, əməkdaşlarının və işçi qrupların fəal iştirakını və onların yüksək bilik və hazırlıqlarını məmnunluqla qeyd etmək istəyirəm. Belə qarşılıqlı əlaqələr bu istiqamətdə daha mükəmməl qanunların işlənib hazırlanmasına mühüm töhfə verir.

Son olaraq vurğulayıram ki, daxili işlər orqanlarının fəaliyyəti dövlət idarəçiliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu gün vətədaş-polis münasibətlərinin yüksək ictimai dəyəri bu fikiri dəstəkləyən amildir. “Polisə hörmət dövlətə hörmətdir” söyləməklə Azərbaycan polisini dövlətçiliyin qorunmasında əsas dövlət təsisatlarından biri kimi dəyərləndirən Prezident İlham Əliyev daxili işlər orqanlarının xidmətini yüksək qiymətləndirərək məhz bu prizmadan çıxış edir: "Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti