Bakı.Trend:
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmünə aydınlıq gətirilib.
Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxsi, hakim Ramilə Xəzri Trend-ə bildirib ki, İlduzə Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində idarə etdiyi “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı avtomobillə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun müvafiq tələblərini pozub.
"İ. Hacıyeva Amal Məlikovun idarə etdiyi “Mercedes-Benz D2” markalı avtomobilin arxa təkərinə sürtməklə vurub və ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub. Nəticədə “Mercedes-Benz” markalı avtomobil yolun sağ kənarındakı beton maneəyə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü Amal Məlikov ölüb, sərnişin Sənubər Muradova isə ağır bədən xəsarətləri alıb", - deyə o bildirib.
R. Xəzri qeyd edib ki, İ. Hacıyeva hadisədən sonra hüquq-mühafizə orqanlarına məlumat vermədən, zərərçəkmişlərə yardım göstərmədən hadisə yerini tərk edib, daha sonra isə istintaqdan yayınmaq məqsədilə Almaniyaya gedib.
“Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən olunub ki, İ. Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olub və həmin tələblərə əməl etdiyi halda qəzanın qarşısını almaq üçün texniki imkanı mövcud olub”, - deyə hakim əlavə edib.
R. Xəzri bildirib ki, dövlət ittihamçısı məhkəmədən İ. Hacıyevaya 5 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.
“Məhkəmə isə onun yol-nəqliyyat hadisəsi yerindən qaçmasını, həlak olmuş şəxsin hüquqi varisi və ağır bədən xəsarəti almış zərərçəkmişlə barışığın olmamasını, eyni zamanda himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq İlduzə Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökm qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya qaydasında mübahisələndirilə bilər”, - deyə o əlavə edib.
