Bakı. Trend:
Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi və 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması müasir dövrün çağırışlarına uyğun, uzaqgörən addımdır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.
Deputat bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətə yeni imkanlar qazandırmaqla yanaşı, xüsusilə uşaqlar üçün ciddi risklər də formalaşdırır. Onun sözlərinə görə, sosial şəbəkələr təhsil, ünsiyyət və informasiya mübadiləsi baxımından mühüm platformalara çevrilsə də, onların nəzarətsiz istifadəsi azyaşlıların psixoloji sağlamlığına, davranış modelinə və dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə bilir.
Məhz buna görə 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması müasir dövrün çağırışlarına uyğun, uzaqgörən addım kimi qiymətləndirilməlidir.
İ.Məmmədov vurğulayıb ki, bu məsələyə “sosial şəbəkələrə qadağa” prizmasından yanaşmaq doğru deyil. Onun sözlərinə görə, söhbət uşaqların informasiya mühitindən təcrid edilməsindən yox, onların rəqəmsal məkanda təhlükəsizliyinin təmin olunmasından gedir.
Deputat qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin mahiyyəti sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqi və azyaşlıların zərərli məzmunlardan qorunmasıdır. O bildirib ki, bu yanaşma uşaqların hüquqlarını məhdudlaşdırmır, əksinə onların hüquqlarının daha etibarlı şəkildə müdafiəsinə xidmət edir.
Deputat diqqətə çatdırıb ki, cəmiyyətimiz üçün bu prinsip yeni deyil. O qeyd edib ki, bu gün heç kim azyaşlılara siqaretin, alkoqollu içkilərin və ya soyuq silahların satışına qoyulan məhdudiyyətləri hüquq pozuntusu kimi qiymətləndirmir. Eyni yanaşmanın pornoqrafik məzmuna çıxışla bağlı da tətbiq olunduğunu deyən İ.Məmmədov bildirib ki, dövlətin əsas vəzifələrindən biri uşaqları onların yaşına uyğun olmayan təsirlərdən qorumaqdır. Onun sözlərinə görə, rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün bu qoruyucu mexanizmlərin sosial media platformalarına da şamil olunması tamamilə məntiqli və zəruridir.
İ.Məmmədov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə sıfırdan yeni hüquqi müstəvi yaratmır. Deputat xatırladıb ki, hələ 2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onları zərərli məzmundan müdafiə edən hüquqi çərçivəni müəyyən etmişdi. Onun sözlərinə görə, hazırkı dəyişikliklər həmin siyasətin rəqəmsal platformalar üzrə davamı hesab edilməlidir.
Deputat bildirib ki, Azərbaycanın bu istiqamətdə beynəlxalq təcrübəyə uyğun hərəkət etməsi diqqətçəkən məqamlardan biridir. O qeyd edib ki, dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qanunvericilik sərtləşdirilir. İ.Məmmədov vurğulayıb ki, Avstraliya müvafiq qanunu qəbul edib, Fransa isə Avropada bu istiqamətdə ilk addımı atan ölkəyə çevrilib.
Onun sözlərinə görə, ABŞ-nin bir sıra ştatlarında, Böyük Britaniyada, İrlandiyada, Almaniyada, Norveçdə, Türkiyədə, Kanadada və digər dövlətlərdə analoji mexanizmlər artıq tətbiq olunur və ya hazırlanır. Deputat əlavə edib ki, region ölkələri olan Qazaxıstan və Özbəkistanda da oxşar qanunvericilik təşəbbüsləri gündəmdədir. Bu faktın qlobal çağırışa verilən cavab olduğunu deyən İ.Məmmədov bildirib ki, Azərbaycan da bu prosesdən kənarda qalmır.
Deputat qeyd edib ki, qanunun 12 ay sonra qüvvəyə minməsi də düşünülmüş yanaşmanın göstəricisidir. O bildirib ki, bu müddət ərzində yaş yoxlanılması tətbiq olunacaq platformaların müəyyənləşdirilməsi, texniki həllərin hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili və valideynlərin məlumatlandırılması həyata keçiriləcək. İ.Məmmədovun sözlərinə görə, yeni mexanizm tələsik deyil, mərhələli və hazırlıqlı şəkildə tətbiq ediləcək.
“Nəticə etibarilə, uşaqların rəqəmsal təhlükəsizliyi artıq təkcə ailənin deyil, dövlətin və bütövlükdə cəmiyyətin məsuliyyət daşıdığı strateji məsələyə çevrilib. Azərbaycanın atdığı addım da məhz gələcək nəslin sağlam inkişafını, təhlükəsiz informasiya mühitində formalaşmasını və rəqəmsal dünyaya daha hazırlıqlı daxil olmasını təmin etməyə xidmət edir. Bu baxımdan yeni hüquqi tənzimləmə müasir dövrün reallıqlarına uyğun sosial siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir”, - deyə deputat əlavə edib.

