Bakı. Trend:
İyulun 3-ü Bakı Kristal Zalında Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) uğurla bitirən tələbələrin “Məzun Günü” münasibətilə möhtəşəm və yaddaqalan mərasim keçirilib.
Təntənəli tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, tikinti və sənaye sektorunun aparıcı şirkətlərinin təmsilçiləri, elm və ictimaiyyət xadimləri, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimin açılışında çıxış edən AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edərək bildirib ki, məzun günü gənclər üçün həyatında yeni mərhələnin başlanğıcıdır. Rektorun sözlərinə görə, bu gündən etibarən universitetdə qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltmək məsuliyyəti məzunların üzərinə düşür.
Professor Gülçöhrə Məmmədova bildirib ki, 2025/2026-cı tədris ilində AzMİU-da ümumilikdə 3038 tələbə məzun adı qazanıb. Onlardan 2987 nəfəri adi, 51 nəfəri isə fərqlənmə diplomu alıb. Məzunlardan 35 nəfəri əcnəbi vətəndaşdır. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrdən 5 nəfər dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramı üzrə məzun olur.
Rektor qeyd edib ki, universitetdə ilk dəfə informasiya təhlükəsizliyi ixtisası üzrə buraxılış həyata keçirilib və bu ixtisası 30 tələbə bitirib. Magistratura səviyyəsi üzrə 868 tələbə məzun olub ki, onlardan 365 nəfəri MBA proqramları üzrə təhsil alıb. Magistratura üzrə 12 tələbə ikili diplom proqramını uğurla başa vurub. Onlardan 3 nəfər təhsilinin bir hissəsini xarici tərəfdaş universitetlərdə davam etdirib; 2-si İtaliyanın Milan Politexnik Universitetində, 1-i isə Böyük Britaniyanın Vestminster Universitetində təhsil alıb. Bundan əlavə, fənlərarası magistr proqramları üzrə 73 tələbə məzun olub.
Onun sözlərinə görə, builki məzunlar arasında 61 yaşlı məzunun da olması AzMİU-da təhsilin hər yaş üçün əlçatan olduğunu və universitetin ömürboyu təhsil prinsiplərini uğurla həyata keçirdiyini göstərir. Bu fakt, eyni zamanda, cəmiyyətin müxtəlif yaş qruplarının AzMİU-ya olan yüksək etimadının, universitetin təhsil keyfiyyətinin daha bir göstəricisidir.
Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti yarım əsrdən artıq fəaliyyəti dövründə ölkənin memarlıq, şəhərsalma, inşaat, nəqliyyat, geodeziya, ekologiya, dizayn və mühəndislik sahələrinin inkişafına mühüm töhfələr verən on minlərlə yüksəkixtisaslı mütəxəssis yetişdirib. Bu gün universitetin məzunları Azərbaycanın ən iri dövlət qurumlarında, elmi müəssisələrində, layihə institutlarında, tikinti şirkətlərində, sənaye müəssisələrində və beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərirlər.
O vurğulayıb ki, AzMİU dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığını davam etdirir, ikili diplom proqramlarını genişləndirir, beynəlxalq layihələrdə fəal iştirak edir, tələbə və müəllim mübadiləsi proqramlarını uğurla həyata keçirir. Bu əməkdaşlıqlar universitetin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə və məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.
Professor Gülçöhrə Məmmədova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısı mühəndis və memar hazırlığında yeni imkanlar yaradıb. Onun sözlərinə görə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı yeni dövrün çağırışlarına cavab verən peşəkar mühəndis və memar kadrlarının hazırlanmasını strateji vəzifəyə çevirib. AzMİU da bu missiyanı uğurla yerinə yetirmək üçün müasir təhsil texnologiyalarını, innovativ yanaşmaları tətbiq edir, əmək bazarının tələblərinə uyğun kadr hazırlığını davamlı şəkildə təkmilləşdirir.
Rektor məzunlara müraciət edərək bildirib ki, onların əldə etdikləri diplom təkcə bilik və bacarıqlarının deyil, həm də böyük məsuliyyətin ifadəsidir. O qeyd edib ki, memar və mühəndislərin fəaliyyəti şəhərlərin inkişafına, insanların həyat keyfiyyətinə və ölkənin gələcəyinə birbaşa təsir göstərir. Buna görə də peşə fəaliyyətində daim yeniliklərə açıq olmaq, etik prinsiplərə sadiq qalmaq və Vətənə layiqincə xidmət etmək hər bir AzMİU məzununun əsas vəzifəsidir.
Çıxışının sonunda rektor valideynlərə və professor-müəllim heyətinə təşəkkürünü bildirərək məzunlara uğurlu karyera, yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayıb.
Elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndis və memarlıq təhsilində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması dövlətin təhsil siyasətinin prioritetlərindəndir.
Nazir müavini AzMİU-da həyata keçirilən təhsil islahatlarını, beynəlxalq əməkdaşlıqları, innovativ yanaşmaları və universitet-sənaye tərəfdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, bu istiqamətdə görülən işlər məzunların peşəkar bacarıqlarının inkişafına və onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
İdris İsayev məzunları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb, əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafı naminə səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışında AzMİU-nun zəngin ənənələrə malik ali təhsil müəssisəsi kimi Azərbaycan elminə, memarlıq və mühəndislik sahələrinin inkişafına mühüm töhfələr verdiyini bildirib. O qeyd edib ki, universitetin yetişdirdiyi minlərlə məzun bu gün ölkənin müxtəlif dövlət qurumlarında, elmi müəssisələrində və özəl sektorda uğurla fəaliyyət göstərərək Azərbaycanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir.
Komitə sədri müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara malik gənc mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq məzunlara peşə fəaliyyətlərində daim yeniliklərə açıq olmağı, biliklərini davamlı inkişaf etdirməyi və Vətənə layiqincə xidmət etməyi arzulayıb.
Çıxışlarda AzMİU-nun ölkənin tikinti, memarlıq və mühəndislik sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı ali təhsil müəssisələrindən olduğu vurğulanıb.
Qeyd olunub ki, universitetin məzunları bu gün Azərbaycanın aparıcı tikinti və layihələndirmə şirkətlərində uğurla fəaliyyət göstərirlər. Xüsusilə, ölkənin ən böyük tikinti şirkətlərindən biri olan “Kristal Abşeron”un mühəndis və memar heyətində AzMİU məzunları geniş təmsil olunur. Bununla yanaşı, universitet məzunları SOCAR, “Bakı Metropoliteni” QSC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərgold”, PMD Projects MMC”, “PROYAPI”, “Holcim”, “Təmiz Şəhər” ASC, “AzVirt” MMC və digər nüfuzlu dövlət qurumu və şirkətlərdə peşəkar fəaliyyət göstərərək ölkənin tikinti sektorunun inkişafına əhəmiyyətli töhfələr verirlər. Bu, AzMİU-da həyata keçirilən praktikyönümlü təhsilin, universitet-sənaye əməkdaşlığının və məzunların yüksək peşəkarlığının mühüm göstəricisi kimi qiymətləndirilir.
Tədbirin rəsmi hissəsində müxtəlif fakültələri fərqlənmə diplomu ilə bitirmiş tələbələr səhnəyə dəvət olunaraq diplomlarla təltif ediliblər. Təhsil müddətində yüksək akademik göstəricilər nümayiş etdirən, universitetin ictimai həyatında fəallıq göstərən, beynəlxalq layihələrdə və sosial proqramlarda uğur qazanan məzunlara sertifikatlar, xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, müxtəlif dövlət qurumları, tərəfdaş təşkilatlar tərəfindən bir qrup məzun fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb.
Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib. Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin çıxışları məzunlara və qonaqlara unudulmaz anlar yaşadıb. Tədbirin kulminasiya nöqtəsində məzunlar ənənəvi olaraq başlıqlarını havaya ataraq tələbəlik illəri ilə vidalaşıb, gələcək həyat və peşə fəaliyyətlərinə inamla qədəm qoyublar.
Yüksək təşkilatçılıq səviyyəsində keçirilən “Məzun Günü” mərasimi AzMİU məzunlarının yaddaşında ömürboyu unudulmayacaq əlamətdar gün kimi qalmaqla yanaşı, onların universitetlə bağlı ən dəyərli xatirələrindən birinə çevrilib.