Bakı. Trend:
XXI əsrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən səhiyyəyə qədər bütün sahələrdə köklü dəyişikliklərə səbəb olur. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq yalnız informasiya-kommunikasiya texnologiyalarının tərkib hissəsi deyil, həm də iqtisadi inkişafın, milli təhlükəsizliyin və dövlətlərin qlobal rəqabət qabiliyyətinin əsas göstəricilərindən hesab edilir. Bu baxımdan rəqəmsal transformasiya müasir dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi çıxış edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Mahir Süleymanlı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, məqsəd yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, bütövlükdə idarəetmə sisteminin müasirləşdirilməsi, iqtisadiyyatın innovativ əsaslar üzərində inkişafı, insan kapitalının gücləndirilməsi və rəqəmsal texnologiyaların bütün sahələrdə geniş tətbiqidir.
M.Süleymanlı qeyd edib ki, bu strateji yanaşmanın mühüm tərkib hissəsi kimi 2026-cı ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olunub. O bildirib ki, həmin qərarlar əsasında yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma sahəsində dövlət siyasətinin vahid koordinasiya mexanizmini formalaşdırıb. Deputatın sözlərinə görə, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, innovativ həllərin tətbiqini sürətləndirmək və rəqəmsal inkişafın strateji istiqamətlərini müəyyən etməkdir.
Deputat vurğulayıb ki, bu istiqamətdə qəbul edilmiş ən mühüm sənədlərdən biri Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" olub. O bildirib ki, bu sənəd qarşıdakı üç il üçün rəqəmsal transformasiyanın əsas hədəflərini, icra mexanizmlərini və prioritet istiqamətlərini müəyyən edir. Onun sözlərinə görə, Fəaliyyət Planı dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsini əsas məqsədlər kimi qarşıya qoyur.
M.Süleymanlı diqqətə çatdırıb ki, iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da bu sahədə görülən işlərin qiymətləndirilməsi və qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. O qeyd edib ki, iclasda Fəaliyyət Planının icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, təhsil sisteminin rəqəmsallaşdırılması, innovasiya layihələrinin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi geniş müzakirə olunub.
Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında vurğulayıb ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. O əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.
M.Süleymanlının sözlərinə görə, hazırda həyata keçirilən islahatların mərkəzində vətəndaş yönümlü dövlət xidmətlərinin formalaşdırılması dayanır. O qeyd edib ki, bu məqsədlə "mygov" və "mygov Biznes" platformalarının imkanları genişləndirilir. Deputat bildirib ki, ayrı-ayrı dövlət qurumlarının elektron xidmətlərinin vahid platformada birləşdirilməsi vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırır, vaxt itkisini minimuma endirir və xidmətlərin keyfiyyətini yüksəldir.
Deputat vurğulayıb ki, rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri də proaktiv dövlət xidmətlərinin tətbiqidir. O bildirib ki, bu yanaşma nəticəsində vətəndaş bir çox hallarda dövlət qurumuna müraciət etmədən, mövcud informasiya bazaları əsasında avtomatik xidmət əldə edə bilir. Onun sözlərinə görə, pensiya təyinatı, sosial ödənişlər, müxtəlif bildirişlər və digər xidmətlərin mərhələli şəkildə proaktiv formada təqdim olunması dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinin formalaşdığını göstərir.
M.Süleymanlı qeyd edib ki, rəqəmsal transformasiya yalnız dövlət xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşmır. O bildirib ki, innovasiya ekosisteminin gücləndirilməsi də həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. Deputatın sözlərinə görə, hazırlanmış qanunvericilik paketi texnologiya şirkətlərinin inkişafını stimullaşdırmaq, vençur kapitalı bazarını formalaşdırmaq, startapların maliyyələşdirilməsini genişləndirmək və xarici investisiyaların cəlbini artırmaq məqsədi daşıyır.
Deputat bildirib ki, bu çərçivədə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi, "Rəqəmsal Səyyah" vizasının yaradılması, innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi və tədqiqat fəaliyyətinin stimullaşdırılması Azərbaycanın regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməsi üçün mühüm imkanlar yaradır.
M.Süleymanlı vurğulayıb ki, süni intellekt texnologiyalarının inkişafı da dövlət siyasətinin əsas prioritetləri sırasındadır. O bildirib ki, bu sahədə milli hesablama infrastrukturunun yaradılması, dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəyə verilməsi və innovativ layihələrin sınaqdan keçirilməsi üçün hüquqi mexanizmlərin hazırlanması davam etdirilir.
Deputat qeyd edib ki, süni intellektin dövlət idarəçiliyində tətbiqi qərarların daha operativ qəbul edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət resurslarından daha səmərəli istifadəyə və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. O əlavə edib ki, eyni zamanda, bu texnologiyalar iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığın artırılmasına və yeni innovativ həllərin tətbiqinə geniş imkanlar yaradır.
M.Süleymanlı bildirib ki, rəqəmsal transformasiyanın uğurlu həyata keçirilməsi güclü kibertəhlükəsizlik sisteminin formalaşdırılmasını da zəruri edir. Onun sözlərinə görə, bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması, kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi və süni intellekt əsaslı müdafiə sistemlərinin tətbiqi istiqamətində mühüm addımlar atılır.
Deputat qeyd edib ki, təhsil sahəsində həyata keçirilən rəqəmsal islahatlar gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət edir. O bildirib ki, "Rəqəmsal məktəb", "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri minlərlə şagirdə müasir texnologiyalar sahəsində bilik və bacarıqlar qazandırır. M.Süleymanlının sözlərinə görə, elektron təhsil xidmətlərinin genişləndirilməsi, rəqəmsal sənədlərin tətbiqi və süni intellekt əsaslı tədris metodlarının hazırlanması təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Deputat sonda vurğulayıb ki, həyata keçirilən kompleks islahatlar təsdiqləyir ki, Azərbaycan rəqəmsal inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Onun sözlərinə görə, rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində görülən ardıcıl tədbirlər dövlət idarəçiliyinin müasirləşdirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və yüksək texnologiyalar əsasında dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. M.Süleymanlı əlavə edib ki, bu strateji kurs yaxın illərdə Azərbaycanın regionun rəqəmsal texnologiyalar və innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.

