Bakı.Trend:
Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə ilə əlaqədar 1 iyul 2026-cı il saat 10:30 radələrində 11 nəfər (5 qadın və 6 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə 1 iyul 2026-cı il saat 09:30 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.
Onun sözlərinə görə, qəza nəticəsində Kazımov Əli Əzim oğlu xəsarət alıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
