AİB rəqəmsal transformasiya üzrə regional layihəni nəzərdən keçirir

Telekommunikasiya Materials 3 İyul 2026 11:42 (UTC +04:00)
AİB rəqəmsal transformasiya üzrə regional layihəni nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) rəqəmsal transformasiya sahəsində yeni regional layihəni nəzərdən keçirir.

Bankın saytında dərc olunan məlumata görə, "Mərkəzi və Qərbi Asiyada inklüziv və dayanıqlı artım naminə rəqəmsal transformasiya" adlı texniki yardım layihəsi Xüsusi Texniki Yardım Fondu (Technical Assistance Special Fund) hesabına maliyyələşdirilir və onun büdcəsi 1 milyon ABŞ dolları təşkil edir.

Məlumata əsasən, layihə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı əhatə edir.

AİB-də bildirilib ki, təşəbbüs bankın inkişaf etməkdə olan üzv ölkələrində inklüziv, təhlükəsiz və qarşılıqlı uyğun rəqəmsal transformasiyanın dayanıqlı iqtisadi artımın, iqtisadi dayanıqlığın və regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsi kimi təşviqinə dəstək verməyi hədəfləyir.

"Texniki yardım proqramı əsas rəqəmsal imkanların gücləndirilməsi və genişmiqyaslı, yüksək təsirli rəqəmsal xidmətlərin hazırlanması məqsədilə ilkin analitik işlərin aparılmasını, institusional potensialın inkişafına dəstəyi və investisiya layihələrinin hazırlanmasını təmin edəcək", – deyə bankın məlumatında qeyd olunub.

Layihə çərçivəsində rəqəmsal transformasiya, rəqəmsal və informasiya infrastrukturu, genişzolaqlı rabitə, rəqəmsal dövlət idarəçiliyi, rəqəmsal bacarıqlar, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahələrində tədqiqatlar və qiymətləndirmələr aparılacaq. Həmçinin rəqəmsal identifikasiya, rəqəmsal ödənişlər və etibarlı məlumat mübadiləsi də daxil olmaqla, rəqəmsal ictimai infrastrukturun gücləndirilməsi üçün institusional və normativ dəstək göstərilməsi nəzərdə tutulur.

Bundan əlavə, təşəbbüs çərçivəsində ölkələrin Milli Məkan Məlumatları İnfrastrukturunun (NSDI) yaradılması sahəsində ehtiyacları qiymətləndiriləcək, eləcə də süni intellekt (AI) də daxil olmaqla qabaqcıl texnologiyaların məsuliyyətli tətbiqinə dəstək veriləcək.

"Texniki yardım proqramı CAREC-in 2030-cu ilədək Rəqəmsal Strategiyasının ortamüddətli icmalı, AİB-in 2030 Strategiyası və hazırlanmaqda olan 2026–2030-cu illər üçün Rəqəmsal Transformasiya üzrə Operativ Yanaşma da daxil olmaqla regional prioritet və strategiyalara uyğundur", – deyə bankdan bildirilib.

AİB-də əlavə ediblər ki, təşəbbüs həmçinin bankın regional əməkdaşlıq və inteqrasiya, özəl sektorun inkişafı, rəqəmsal transformasiya, inklüzivlik və iqlimə davamlı iqtisadi artım sahələrində korporativ prioritetlərinə də cavab verir.

Bundan əvvəl Otabek Nasırov Trend-ə verdiyi özəl müsahibədə bildirmişdi ki, Mərkəzi Asiya və Qafqaz ölkələrini rəqəmsal transformasiya sahəsində ümumi prioritetlər – rəqəmsal ödənişlərin, süni intellektin, kibertəhlükəsizliyin, rəqəmsal identifikasiyanın, maliyyə inklüzivliyinin və transsərhəd rəqəmsal ticarətin inkişafı birləşdirir.

"İnanırıq ki, sahəvi assosiasiyalar arasında qurulan sıx əməkdaşlıq bilik və təcrübə mübadiləsini sürətləndirəcək, ən yaxşı praktika və rəqəmsal həllərin tətbiqinə təkan verəcək, eləcə də hər iki bazarda fəaliyyət göstərən biznes subyektləri üçün yeni imkanlar açacaqdır",-deyə Nasırov bildirib.

O vurğulayıb ki, tənzimləyici qurumlar, maliyyə institutları və texnologiya şirkətləri arasında dialoqun genişləndirilməsi yanaşmaların uyğunlaşdırılmasına, mövcud maneələrin azaldılmasına və innovasiya, eləcə də investisiyalar üçün daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılmasına kömək edəcək.

"Əsas məsələ innovasiyaların regionumuza gəlib-gəlməyəcəyi deyil, bu imkanları dayanıqlı iqtisadi artıma və daha güclü maliyyə ekosistemlərinə çevirmək üçün nə dərəcədə effektiv birgə işləyə biləcəyimizdir",-deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti