Qafqaz və Mərkəzi Asiya arasında fintex potensialı böyükdür - Otabek Nasırov (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 9 İyun 2026 15:00 (UTC +04:00)
Qafqaz və Mərkəzi Asiya arasında fintex potensialı böyükdür - Otabek Nasırov (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya ilə Qafqaz arasında qarşılıqlı fintex investisiyaları üçün böyük potensial mövcuddur və bu potensialdan hələ tam istifadə olunmayıb.

Bunu Mərkəzi Asiya Fintex Assosiasiyasının sədri Otabek Nasırov Trend-ə müsahibəsində deyib.

Mərkəzi Asiya və Qafqaz arasında fintex körpüsü

O bildirib ki, bu gün Mərkəzi Asiya Fintex Assosiasiyası (CAFA) ilə Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında Əməkdaşlıq Memorandumunun imzalanması Mərkəzi Asiya və Qafqaz regionları arasında maliyyə texnologiyaları sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır:

"Regionlarımızı birləşdirən bir çox ortaq prioritetlər var. Bura rəqəmsal ödənişlərin inkişafı, fintex innovasiyaları, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal kimlik (digital identity), maliyyə inklüzivliyi və transsərhəd rəqəmsal ticarət daxildir. İnanırıq ki, sahəvi assosiasiyalar arasında qurulan sıx əməkdaşlıq bilik və təcrübə mübadiləsini sürətləndirəcək, ən yaxşı praktika və rəqəmsal həllərin tətbiqinə təkan verəcək, eləcə də hər iki bazarda fəaliyyət göstərən biznes subyektləri üçün yeni imkanlar açacaqdır".

Sədr vurğulayıb ki, bu memorandum birgə tədqiqatların aparılması, peşəkar tədbirlərin təşkili, ekspert dialoqunun qurulması, təhsil proqramlarının reallaşdırılması, həmçinin tənzimləyici və texnoloji yeniliklər sahəsində təcrübə mübadiləsi üçün möhkəm hüquqi baza yaradır: "Biz, həmçinin fintex ekosisteminin inkişafı, startapların dəstəklənməsi, rəqəmsal maliyyə infrastrukturu, süni intellektin maliyyə xidmətlərinə inteqrasiyası və regional sistemlərin qarşılıqlı inteqrasiyası (interoperability) kimi sahələrdə də böyük potensial görürük".

O. Nasırov bildirib ki, CAFA üçün Azərbaycan geniş regionun ən mühüm innovasiya və maliyyə mərkəzlərindən biridir: "AzFina ilə qurduğumuz konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirir və Mərkəzi Asiya ilə Qafqazda daha inteqrasiya olunmuş, innovativ və rəqabətədavamlı rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcək layihələri səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edərək, regional əməkdaşlığa sadiqliklərinə, tənzimləyici qurumları, maliyyə institutlarını, fintex şirkətlərini və texnologiya liderlərini bir araya gətirən platformalar yaratdıqlarına görə AzFina-nın rəhbərliyinə, komandasına və eyni zamanda Azərbaycan Banklar Assosiasiyasına dərin təşəkkürümü bildirirəm. Əminik ki, bu tərəfdaşlıq hər iki regionda fintex sənayesinin dayanıqlı böyüməsini dəstəkləyəcək və üzvlərimiz üçün real dəyər yaradacaqdır".

Qarşılıqlı investisiya imkanları və strateji tərəfdaşlıq

Otabek Nasırov hesab edir ki, Mərkəzi Asiya ilə Qafqaz arasında qarşılıqlı fintex investisiyaları üçün böyük potensial mövcuddur və bu potensialdan hələ tam istifadə olunmayıb:

"Son bir neçə ildə hər iki regionda rəqəmsal ödənişlər, elektron ticarət, rəqəmsal bankçılıq, daxili maliyyə (embedded finance) və fintex infrastrukturu sahəsində güclü artım müşahidə olunur. Azərbaycan, Özbəkistan, Qazaxıstan və Gürcüstan kimi ölkələr rəqəmsal transformasiyaya aktiv şəkildə investisiya yatırır, innovasiyalar və texnoloji bizneslər üçün getdikcə daha əlverişli mühit yaradırlar.

Regionlarımızı xüsusilə cəlbedici edən cəhət ondan ibarətdir ki, onlar oxşar bazar dinamikasına, tənzimləmə problemlərinə və müştəri ehtiyaclarına malikdirlər. Bu isə təkcə birbaşa kapital qoyuluşu üçün deyil, həm də strateji tərəfdaşlıq, texnologiya transferi, birgə müəssisələrin yaradılması və bazarların genişləndirilməsi üçün unikal imkanlar formalaşdırır.

Biz artıq öz yerli bazarlarının hüdudlarından kənara çıxmaq istəyən fintex şirkətlərinin, vençur investorlarının, bankların və texnologiya təminatçılarının artan marağının şahidi oluruq. Azərbaycanın fintex şirkətləri Mərkəzi Asiyada cəlbedici artım imkanları tapa bilər, Mərkəzi Asiya fintexləri isə Azərbaycanın Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa bazarları arasında qapı rolunu oynayan strateji coğrafi mövqeyindən yararlana bilərlər.

CAFA-nın mövqeyindən yanaşsaq, gələcək investisiyalar üçün ən perspektivli sahələr sırasına rəqəmsal ödənişlər, süni intellektə əsaslanan maliyyə xidmətləri, kibertəhlükəsizlik, RegTech (tənzimləmə texnologiyaları), rəqəmsal identifikasiya həlləri, açıq bankçılıq (open banking) infrastrukturu, eləcə də transsərhəd ticarəti və maliyyə bağlılığını dəstəkləyən texnologiyalar daxildir".

O vurğulayıb ki, CAFA və AzFina arasındakı Əməkdaşlıq Memorandumu biznes əlaqələrinin asanlaşdırılması, investisiya imkanlarının müəyyən edilməsi, fintex şirkətlərinin yeni bazarlara daxil olmasının dəstəklənməsi və investorlar, innovatorlar ilə tənzimləyici qurumlar arasında dialoqun gücləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq: "Nəticə etibarilə, Mərkəzi Asiya və Qafqaz arasında investisiya əməkdaşlığının güclənməsi təkcə fintex sektorunun böyüməsinə deyil, həm də regional iqtisadi inteqrasiyanın dərinləşməsinə, qlobal rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətliliyimizin artmasına xidmət edəcəkdir".

Xarici amillərin təsiri və regional çağırışlar

Sədr qeyd edib ki, xarici amillər həm Mərkəzi Asiyada, həm də Qafqazda fintexin gələcəyinin formalaşmasında getdikcə daha mühüm rol oynayır: "Müsbət tərəfdən baxsaq, beynəlxalq ticarətin böyüməsi, rəqəmsal bağlılığın artması və transsərhəd iqtisadi dəhlizlərin genişlənməsi müasir ödəniş həllərinə, rəqəmsal maliyyə xidmətlərinə və daha səmərəli maliyyə infrastrukturuna güclü tələbat yaradır. İqtisadiyyatlarımız bir-birinə daha sıx bağlandıqca, fintex sahəsi ticarəti, investisiyaları və maliyyə inklüzivliyini asanlaşdıran bir növ körpü rolunu oynamaq imkanı qazanır.

Eyni zamanda, qlobal texnoloji inkişaf — xüsusilə süni intellekt, bulud texnologiyaları (cloud computing), rəqəmsal kimlik və kibertəhlükəsizlik sahəsindəki yeniliklər maliyyə sektorunda innovasiyaları sürətləndirir. Regionumuzun maliyyə institutları qlobal rəqabətə davam gətirmək və müştərilərin dəyişən gözləntilərini qarşılamaq üçün beynəlxalq qabaqcıl təcrübələri və texnologiyaları getdikcə daha çox mənimsəyirlər.

Bununla belə, xarici çağırışlar və risklər də mövcuddur. Geosiyasi qeyri-müəyyənliklər, hüquqi tənzimləmə bazalarının fraqmentasiyası (prakəndəliyi), kibertəhlükəsizlik təhdidləri və rəqəmsal standartlardakı fərqlər innovasiyaların sürətini azalda və bir neçə bazarda genişlənmək istəyən fintex şirkətlərinin əməliyyat çətinliklərini artıra bilər".

O. Nasırov vurğulayıb ki, məhz bu səbəbdən regional əməkdaşlıq bu gün hər zamankından daha vacibdir: "Tənzimləyicilər, sahəvi assosiasiyalar, maliyyə institutları və texnologiya təminatçıları arasında dialoqun genişləndirilməsi yanaşmaların harmoniyalaşdırılmasına (uyğunlaşdırılmasına), maneələrin azaldılmasına və innovasiyalar ilə investisiyalar üçün daha proqnozlaşdırıla bilən mühitin yaradılmasına kömək edə bilər.

İnanıram ki, Mərkəzi Asiya və Qafqaz qlobal rəqəmsal transformasiya trendlərindən bəhrələnmək üçün əlverişli mövqedədir. Əsas məsələ innovasiyaların regionumuza gəlib-gəlməyəcəyi deyil, bu imkanları dayanıqlı iqtisadi artıma və daha güclü maliyyə ekosistemlərinə çevirmək üçün nə dərəcədə effektiv birgə işləyə biləcəyimizdir".

İslam maliyyəsi və fintexin sinergiyası

O. Nasırovun fikrincə, İslam maliyyəsinin sürətli böyüməsi və fintexin inkişafı bir-birindən ayrı sahələr olmaqdan çıxıb, getdikcə bir-birini tamamlayan trendlərə çevrilir: "İslam maliyyəsi şəffaflıq, etik investisiya, risklərin bölüşdürülməsi və maliyyə inklüzivliyi prinsiplərinə əsaslanır. Maraqlıdır ki, bir çox fintex həlləri maliyyə xidmətlərini daha əlçatan, səmərəli və müştəriyönümlü etməklə təbii olaraq bu məqsədləri dəstəkləyir.

Bu gün biz fintexin İslam bankçılığı, Təkafül (İslami sığorta), rəqəmsal ödənişlər, kroudfandinq, rəqəmsal onbordinq (müştəri qəbulu) və Şəriətə uyğun investisiya platformalarının böyüməsini aktiv şəkildə dəstəklədiyini görürük. Süni intellekt, rəqəmsal kimlik, blokçeyn və ağıllı müqavilələr (smart contracts) kimi texnologiyalar İslam maliyyə institutlarına əməliyyat səmərəliliyini artırmağa, komplayens (uyğunluq) proseslərini gücləndirməyə və daha keyfiyyətli müştəri təcrübəsi təqdim etməyə kömək edir.

Xüsusilə perspektivli sahələrdən biri İslam maliyyə məhsullarının rəqəmsallaşdırılmasıdır. Fintex maliyyə institutlarına ənənəvi bank xidmətlərindən kənarda qalan əhali qruplarına çatmağa, əməliyyat xərclərini azaltmağa və tamamilə rəqəmsal kanallar vasitəsilə Şəriətə uyğun maliyyə xidmətləri təqdim etməyə imkan verir. Bu, Mərkəzi Asiya, Qafqaz və bütövlükdə İslam dünyasının bir çox bölgələri daxil olmaqla, gənc və rəqəmsal cəhətdən aktiv əhalisi olan regionlar üçün xüsusilə əhəmiyyətlidir.

Biz, həmçinin İslam maliyyə institutlarında müştəri xidmətləri, risklərin idarə edilməsi, fırıldaqçılığın qarşısının alınması və komplayens monitorinqi üçün süni intellektin tətbiqinə artan marağı müşahidə edirik. Eyni zamanda, blokçeyn və tokenizasiya texnologiyaları aktivlərlə təmin edilmiş maliyyələşdirmə və maliyyə əməliyyatlarında daha böyük şəffaflıq üçün yeni imkanlar açır".

O qeyd edib ki, gələcək İslam maliyyəsinin dəyər və prinsiplərini fintexin innovasiya və miqyaslana bilmə (scalability) imkanları ilə uğurla birləşdirən institutlara məxsusdur: "Onlar birlikdə maliyyə inklüzivliyini genişləndirmək, səmərəliliyi artırmaq və milyonlarla insan üçün daha əlçatan və dayanıqlı maliyyə ekosistemi yaratmaq potensialına malikdirlər.

Bakıda keçiriləcək növbəti İslam Maliyyəsi Forumu kimi tədbirlər təcrübə mübadiləsi aparmaq, yeni trendləri müzakirə etmək və regionlarımızdakı İslam maliyyə qurumları, fintex şirkətləri, tənzimləyicilər və texnologiya təminatçıları arasında əməkdaşlığı gücləndirmək üçün mükəmməl imkandır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti