Bakı. Trend:
Türkiyə sülhün, sabitliyin və rifahın təmin olunması istiqamətində qardaş dövlətlərlə, ilk növbədə Pakistanla həmrəy mövqe sərgiləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında deyib.
Türkiyə prezidenti bildirib ki, Ankara bölgədə gərginliyin azaldılması və münaqişələrin diplomatik yollarla aradan qaldırılması istiqamətində səylərini davam etdirir. Onun sözlərinə görə, Türkiyə etnik və dini mənsubiyyətindən asılı olmayaraq regionun bütün xalqları üçün təhlükəsiz və dinc mühitin formalaşmasında maraqlıdır.
Rəcəb Tayyib Ərdoğan həmçinin Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında əldə olunan razılaşmaları yüksək qiymətləndirib. O qeyd edib ki, İslamabadın vasitəçilik səyləri nəticəsində regionda gərginlik əhəmiyyətli dərəcədə azalıb.
"Danışıqlar olduqca mürəkkəb şəraitdə aparılırdı. Bu baxımdan, dialoqun uğurla nəticələnməsində göstərdiyi səylərə görə Pakistanı bir daha təbrik etmək istərdim", - deyə Türkiyə Prezidenti vurğulayıb.