Bakı.Trend:
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin "Ənsar Allah" hərəkatına (husilər) mənsub qüvvələrin krallığa hücum cəhdləri edəcəyi təqdirdə onların mövqelərinə zərbələr endirəcək.
Bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki bildirib.
“Koalisiya krallığa, onun vətəndaşlarına və milli sərvətlərinə qarşı istənilən hücum cəhdinin, eləcə də qardaş Yəmən Respublikasının suverenliyini pozmaq cəhdlərinin qarşısını almaq üçün qətiyyətlə və misli görünməmiş güclə cavab zərbələri endirəcək”, – deyə bəyanatda bildirilir.
Koalisiya nümayəndəsi husilərin son vaxtlar Ər-Riyada ünvanladıqları hədələri "Yəmən xalqına qarşı törədilmiş ağır cinayətlərdən diqqəti yayındırmaq cəhdi" adlandırıb. Əl-Malikinin sözlərinə görə, qiyamçılar ölkədəki iqtisadi problemlərə görə məsuliyyəti başqalarının üzərinə atmağa və Yəmən daxilində artan narazılığı gizlətməyə çalışırlar.
Xatırladaq ki, iyulun 3-də husilər Sənaya İranın mülki təyyarəsinin enişinə mane olmağa cəhd göstərdiyi iddia edilən Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinə qarşı zenit raketlərindən istifadə etdiklərini bəyan ediblər. Onlar oxşar hadisələrin təkrarlanacağı təqdirdə Ər-Riyadın hava limanlarına və həyati əhəmiyyətli obyektlərinə zərbələr endirəcəkləri ilə hədələyiblər.
