Fransada 20-yə yaxın meşə yanğını baş verib

Dünya xəbərləri Materials 6 İyul 2026 00:25 (UTC +04:00)
Fransada 20-yə yaxın meşə yanğını baş verib

Bakı. Trend:

Fransada 20-yə yaxın iri meşə yanğını qeydə alınıb.

Bu barədə "Le Figaro" qəzeti Fransanın daxili işlər naziri Loran Nünesə istinadən məlumat yayıb.

Məlumata görə, nazir böhran qərargahının iclasında bildirib ki, bu 20 yanğından 6-sı "kritik", 3-ü isə hələ də lokallaşdırılmayıb. Hazırda ən böyük meşə yanğını Şərqi Pireneylərdə müşahidə olunur. Burada alov 1,6 min hektar ərazini əhatə edib və hakimiyyət orqanları ümumilikdə 10 min sakinin təxliyəsinə başlayıb. Nazir qeyd edib ki, bölgədə hökm sürən isti və quraq hava şəraiti vəziyyəti daha da çətinləşdirir. O həmçinin bildirib ki, yanğınların söndürülməsi zamanı azı bir yanğınsöndürən xəsarət alıb.

Bundan əlavə, Qar departamentində 500 hektardan çox, Drom departamentində isə 350 hektar ərazini əhatə edən ciddi yanğınlar barədə məlumat verilib. Od departamentinin yanğınsöndürmə xidməti Karkasson şəhəri yaxınlığında da yanğın baş verdiyini açıqlayıb. Yanğınlarla əlaqədar yerli və regional əhəmiyyətli avtomobil yolları, o cümlədən İspaniya istiqamətinə aparan A9 magistralı bağlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti