Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub:
"Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".
Qeyd edilib ki, hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.
Qurumdan hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
