Şuşa.Trend:
Qafqaz tarix boyu böyük dövlətlərin rəqabət meydanı olub.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada keçirilən "Mədəni və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransda Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Dünyası Tarixi kafedrasının müdiri, professor Abdullah Temizkan deyib.
"Qafqaz sadəcə coğrafi məkan deyil. Tarix boyu bu region böyük dövlətlərin rəqabət meydanı olub. Bununla yanaşı, məhz burada onlarla xalq öz dilini, mədəniyyətini və ənənəvi həyat tərzini qoruyub saxlaya bilib.
Bu dayanıqlılığın sirri təkcə dağlıq relyefdə deyil, həm də insanın ətraf mühitlə ayrılmaz əlaqəsi əsasında formalaşmış xüsusi həyat tərzindədir. Qafqazın dağ sakinləri yaşadıqları məkanı özlərinə tabe etdirməyə çalışmayıblar, onunla harmoniyada yaşamağı öyrəniblər. Dağlar, meşələr, aşırımlar və çaylar onlar üçün sadəcə təbii mühitin hissəsi deyil, tarixi yaddaşın və mədəni kimliyin ayrılmaz elementinə çevrilib. Məhz bu fonda Rusiyanın Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin xarakterik xüsusiyyətləri daha aydın görünür", – deyə Temizkan bildirib.
O həm də bildirib ki, Rusiya tarixən Qafqazı hərbi forpost kimi nəzərdən keçirib və burada möhkəmlənməyə, yerli xalqları özünə tabe etdirməyə və onları əsarətə almağa can atıb.
"Bunun üçün parçalama, onların bir-birinə qarşı qoyulması və təcrid siyasəti yürüdüb",-deyə o bildirib.
