Şuşa.Trend:
Tarixi ədalətin təmin olunması ən mühüm çağırışdır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada "Mədəni və Etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi” adlı panel müzakirəsinə ABŞ-dən videobağlantı ilə qoşulan Dünya Çərkəz Agentliyinin təmsilçisi Fatima Tlis bildirib.
Onun sözlərinə görə, bir xalq azadlıq iradəsini və milli kimliyini qorunub saxlayırsa, onu tarix xəritəsindən silmək və ya süni inzibati sərhədlər daxilində assimilyasiya etmək cəhdləri uğursuzluğa məhkumdur.
"Çərkəzlərin tarixi vətəni ana dilinin öyrənilməsinin məhdudlaşdırıldığı, qayıtmaq hüququnun bloklandığı müstəmləkə zülmü ərazisi kimi qaldıqca, milli respublikaların konstitusiyalarının suveren məzmundan məhrum edilməsi davam etdikcə, çərkəz məsələsi də açıq bir problem və tektonik siyasi dəyişiklik mənbəyi olaraq qalacaq”,-deyə o bildirib.
Qeyd edək ki, Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak ediblər.
