Bakı. Trend:
“Philip Morris International” şirkətinin Qafqaz regionu üzrə idarəedici direktoru Yuri Qordok Trend İnformasiya Agentliyinə müsahibəsində tüstüsüz alternativlər bazarının transformasiyası, elmi əsaslara söykənən tənzimləmə prinsipləri, yetkinlik yaşına çatmayanların nikotin məhsullarına çıxışının qarşısının alınması və PMI-ın beynəlxalq "Technovation" forumunun keçirilməsi üçün niyə məhz Bakını seçməsi barədə danışıb.
Qafqazın rolu və transformasiya haqqında
Qafqaz hazırda genişmiqyaslı transformasiya mərhələsindədir və gələcəyə doğru inamla irəliləyir. Biz bu regiona artıq iyirmi ildən çoxdur ki, investisiya yatırırıq və təxminən on il əvvəl burada öz kateqoriyasında dünyada ilk məhsulumuzu bazara çıxardıq. Bununla belə, Qafqaz ayrıca götürülmüş bir region deyil.
Dünyada tütündən istifadənin zərərinin azaldılması istiqamətində sürətlə irəliləyən, elmi əsaslandırılmış alternativləri qəbul edən, onların adi siqaretlərdən fərqini anlayan və bu sahədə siyasət formalaşdıran ölkələrin sayı durmadan artır. Bu, labüd və tamamilə aydın bir tendensiyadır. Qafqaz da bu prosesdən kənarda qalmır.
Azərbaycan çox sürətlə inkişaf edən ölkədir. Son on ildə əldə etdiyi nəticələr həqiqətən təsirlidir: iqtisadiyyatın transformasiyası, rəqəmsallaşması, ölkənin təkcə regional deyil, həm də qlobal miqyasda strateji bağlantı mərkəzinə çevrilməsi bunun baris nümunəsidir. Bu, prinsipial əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir və artıq enerji sektorunun hüdudlarını aşır.
Kənardan baxanda iqtisadiyyat əsasən enerji sektoruna söykənən kimi görünə bilər. Lakin hökumətin həyata keçirdiyi siyasət və bunun beynəlxalq səviyyədə necə qəbul olunması göstərir ki, ölkə iqtisadiyyatını enerji sektorundan kənarda şaxələndirmək istiqamətində çox ciddi iş aparılır və bu proses getdikcə daha qabarıq görünür. Azərbaycan gələcəyə və innovasiyalara yönəlmiş ölkədir və innovasiyalar sahəsində qlobal rol oynamaq potensialına malikdir.
Ölkə beynəlxalq arenada getdikcə daha çox diqqət cəlb edir və dünyada baş verən transformasiya proseslərini fəal şəkildə qəbul edir.
Azərbaycanın bazar kimi fərqli xüsusiyyətləri və əsas imkanları haqqında
Azərbaycanın fərqləndirici xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada qərarlar bazarın təzyiqi və ya mövcud konyunkturadan deyil, qarşıda duran vəzifələrin miqyası və məsələnin mahiyyətinin dərindən dərk olunması əsasında qəbul edilir. Məhz buna görə də Azərbaycan biznes standartlarına, o cümlədən texniki reqlamentlərə sadiqlik baxımından güclü siyasi iradə nümayiş etdirir.
Bunu ölkənin standartlaşdırma sahəsinə yanaşmasında aydın görmək mümkündür. Konkret nümunə kimi milli standartlaşdırma sisteminin beynəlxalq tələblərlə uyğunlaşdırılmasına dair dövlət proqramını göstərmək olar. Həmin proqram əsasında 2021–2028-ci illəri əhatə edən standartlaşdırmanın təkmilləşdirilməsi planı hazırlanıb və hazırda uğurla icra olunur. Bu isə biznesin transformasiya və innovasiyaları daha çevik şəkildə həyata keçirməsinə, vaxt itkisinin qarşısını almağa ciddi şəkildə yardımçı olur.
Azərbaycanda qanunvericilik prosesinin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, tənzimləmə sahəsində dəyişikliklər nəzərdə tutulduqda normativ hüquqi akt qəbul edilməzdən əvvəl ictimai müzakirələr keçirilir. Bu, son dərəcə vacibdir. Beləliklə, biznes ictimaiyyəti də prosesə qoşulur və biz birlikdə müəyyən qaydanın niyə tətbiq edilməli olduğunu müzakirə edirik.
Müzakirələr açıq şəkildə, biznes assosiasiyaları və peşəkar birliklərin dəstəyi ilə biznes nümayəndələrinin iştirakı ilə keçirilir. Biz qərarların qəbulunda belə inklüziv yanaşmanı səmimiyyətlə alqışlayırıq. Görünür ki, bu model bütün tərəflər üçün faydalıdır və dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğundur.
Tənzimləyici çərçivə və elmi əsaslandırılmış innovasiyalar haqqında
Elmi əsaslandırılmış innovasiyalar ağıllı innovasiyalar deməkdir. Bu yanaşma bütün məhsulların fərqli olması, risk səviyyəsinə görə bir-birindən seçilməsi və onların elmi sübut bazası ilə paralel inkişaf etməsi prinsipinə əsaslanır. Bu isə o deməkdir ki, məhsulların tənzimlənməsi elmi əsaslara söykənməli, bütün kateqoriyalara eyni yanaşmanın tətbiqi isə məqsədəuyğun hesab edilməməlidir. Bu yanaşma bir çox aparıcı ölkələrdə tətbiq olunur – mən bun misal kimi İsveç və digər dövlətləri misal göstərmişdim.
Mən hesab edirəm ki, effektiv, yəni riskə proporsional tənzimləmə tərəqqini təşviq edir. Bu, insanlara elmi əsaslandırılmış və onları çaşqınlığa salmayan məlumatlar əldə etmək imkanı yaradır. Çünki biz çoxsaylı informasiya mənbələrinin mövcud olduğu bir dünyada yaşayırıq. İnsanlar tənzimləməyə və dövlət siyasətinə etibar etməlidirlər. Tənzimləmə sistemi istehlakçıların məhsullar arasındakı fərqlər barədə məlumatlandırılmasını və maarifləndirilməsini dəstəkləyən mühit formalaşdırmalıdır. Cəmiyyət tərəfindən buna olan tələbat getdikcə artır.
Azərbaycanda artıq normativ-hüquqi bazanın formalaşdırılması prosesi qurulub. Düşünürəm ki, ölkə düzgün tənzimləmə sisteminin yaradılması istiqamətində irəliləyir. Çünki burada qərarlar elmə və faktlara əsaslanaraq qəbul edilir. Bu, təkcə bizim sahədə deyil, digər sektorlarda da müşahidə olunur.
İkinci mühüm amil proqnozlaşdırıla bilənlikdir. Məhz bu amil investisiyaları stimullaşdırır və iki komponentdən ibarətdir. Bəli, yaxşı tənzimləmə vacibdir, lakin o, eyni zamanda uzunmüddətli və proqnozlaşdırıla bilən olmalıdır ki, investisiyaları dəstəkləsin. Çünki bu kateqoriyaya yatırılan investisiyalar tamamilə fərqli miqyasdadır. Aydın və ardıcıl siyasət şirkətlərə innovativ və qabaqcıl məhsulları bazara daha sürətlə çıxarmağa imkan verir.
Bu kateqoriyada biz artıq tək deyilik. Hazırda burada digər şirkətlər də fəaliyyət göstərir. On il əvvəl fəaliyyətə başlayanda bazarda yalnız biz idik və az adam inanırdı ki, vəziyyəti dəyişmək, siqaret çəkənlərə zərəri azaltdığı elmi əsaslandırılmış alternativlər təklif etmək mümkündür. Bu gün bir çox şirkətlər eyni istiqamətdə fəaliyyət göstərir və biz transformasiyanın davam etməsindən məmnunuq. Çünki bu, ictimai sağlamlığa, əmək resurslarına və digər sahələrə daha böyük müsbət təsir göstərəcək.
Yetkinlik yaşına çatmayanların qorunması haqqında
Yetkinlik yaşına çatmayanların bu məhsullara çıxışı məsələsində bizim yanaşmamız sıfır tolerantlıq prinsipidir. Gənclərin yalnız yetkin siqaret çəkənlər üçün nəzərdə tutulmuş məhsullara heç bir çıxışı olmamalıdır. Buna görə də şirkətdə bir çox hallarda milli qanunvericiliyin tələblərindən daha sərt olan daxili korporativ siyasət mövcuddur. Bu siyasət satış məntəqələrində və rəqəmsal kanallarda etibarlı yaş yoxlama sistemi vasitəsilə həyata keçirilir. Bunun sayəsində yetkinlik yaşına çatmayanların həmin məhsulları alması və ya onlara çıxış əldə etməsi mümkünsüz olur. Qlobal beynəlxalq şirkət olaraq biz bu məsələyə son dərəcə ciddi yanaşırıq.
Gənclərin çıxışına münasibətdə sıfır tolerantlıq və sərt kommersiya standartları yaşın yoxlanılması, pərakəndə satış nümayəndələrinin təlimi, eləcə də distribütorlar və ticarət tərəfdaşları ilə həm fiziki, həm də rəqəmsal satış kanallarında yetkinlik yaşına çatmayanlara satışın qarşısının alınmasını nəzərdə tutan müqavilə öhdəliklərini ehtiva edir. Bundan əlavə, monitorinq və nəzarət mexanizmləri mövcuddur. İlk növbədə hər gün həyata keçirdiyimiz daxili uyğunluq yoxlamaları, auditlər və pozuntulara görə görülən tədbirlər bu standartların praktikada təmin olunmasına xidmət edir. Burada keçən “hər gün” ifadəsi heç də şişirtmə deyil.
Bu məsələdə açar söz - əməkdaşlıqdır. Dövlət, cəmiyyət və sənayenin digər iştirakçıları ilə əməkdaşlıq vacibdir. Çünki gənclərin bu məhsullara çıxışının qarşısının alınmasına yönəlmiş effektiv proqramlar tənzimləyici qurumlar və cəmiyyətlə əlaqələndirilmiş fəaliyyət tələb edir.
Gənclərin çıxışına sərt nəzarət və sıfır tolerantlıq müzakirə mövzusu deyil. Yetkinlik yaşına çatmayanların yalnız yetkin siqaret çəkənlər üçün nəzərdə tutulmuş məhsullara heç bir çıxışı olmamalıdır. Bu, dəyişməz prinsipdir. Eyni zamanda yetkin siqaret çəkənlər siqareti tamamilə tərgitmək və nikotindən imtina etmək, yaxud siqaret çəkməyə davam edirlərsə, daha az zərərli alternativlərə keçmək barədə məlumatlı qərar verə bilmələri üçün elmi əsaslandırılmış məlumat əldə etmək imkanına malik olmalıdırlar.
"Technovation" forumunun keçirilməsi üçün Bakının seçilməsi haqqında
Bu gün Bakıya baxsaq, onun artıq tamamilə fərqli şəhər olduğunu görərik. Bakı dünyada daha çox tanınmağa başlayıb. Məsələn, bu gün “Netflix” izləyən yaponiyalı tamaşaçılar bu şəhəri özləri üçün kəşf edirlər. Daha geniş mənada isə Bakı artıq biznes ictimaiyyəti üçün mühüm platformaya çevrilib. Burada keçirilən işgüzar və ictimai müzakirələr artıq təkcə regional deyil, qlobal xarakter daşıyır. Bakı COP29-a, Bakı Enerji Həftəsinə, BMT-nin Ümumdünya Şəhərsalma Forumuna (WUF) ev sahibliyi edib və düşünürəm ki, qarşıda daha çox belə tədbirlər var.
Mən öz-özümə dedim: niyə də olmasın? Burada ciddi mövzuların müzakirəsi üçün əlverişli və dostyana mühit mövcuddur. Buna görə belə qərar gəldin – gəlin bunu Bakıda edək . Bundan əvvəl “Technovation” Vaşinqtonda, Stokholmda, Əbu-Dabidə və Dubayda təşkil olunmuşdu, indi isə Bakı da bu siyahıya qoşulub.
Mən həqiqətən fəxr edirəm ki, Bakı və Azərbaycan cəmi bir neçə il əvvəlki dövrlə müqayisədə həm regional, həm də qlobal miqyasda qat-qat daha nəzərəçarpan və tanınan olub. Burada innovasiyalara açıq bir mədəniyyət formalaşıb və biz bu mühitin bir hissəsi olmaqdan, həmçinin bu istiqamətdə göstərilən səyləri dəstəkləməyə davam etməkdən məmnunuq.
